Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

Polipropilen Zavodu


2013-cü ildə ölkəmizin neft-kimya sənayesinin inkişafı məqsədilə təsis edilən “SOCAR Polymer” şirkətinin iki əsas istehsal obyektindən biri Poliproplien (PP) zavodudur. Zavodun təməli 2015-ci ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qoyulub. Tikintisi 2018-ci ildə yekunlaşdırılan müəssisə həmin ilin 18 iyulunda dövlət başçımız İlham Əliyev və İtaliya Prezidenti Sergio Mattarellanın iştirakı ilə istismara verilib.

PP zavodunun illik istehsal gücü 184 min tondur. Tikinti zamanı polimer istehsalı sahəsində tanınmış “LyondellBasell” şirkətinin texnologiyalarından isitfadə edilib. Zavodun tikintisi “EPC” (Mühəndislik, Təchizat və İşəsalma) müqaviləsi çərçivəsində podratçı - İtaliyanın “Maire Tecnimont” şirkəti tərəfindən həyata keçirilib. “PMC” (Layihənin idarəedilməsi üzrə məsləhətçi şirkət) podratçısı qismində Niderlandın “Fluor B.V.” şirkəti cəlb edilib. Ekoloji və sosial təsirləri minimuma endirmək məqsədi ilə beynəlxalq “Ekvator” prinsiplərinə riayət edilib və Kanadanın məşhur “Golder Associates” şirkəti ilə əməkdaşlıq qurulub.

PP zavodunun inşaat işlərinə ən qızğın mərhələdə 2450-yə qədər insan cəlb olunub, 853 paya vurulub, təxminən 37500 m³ dəmir-beton işləri görülüb, 47470 metr uzunluğunda yeraltı xidmət xətləri çəkilib, təxminən, 4100 ton metal konstruksiya quraşdırılıb, sutkada 156300 düym həcmində boru işləri görülüb, 36800 m³ tökmə beton işlənib və 2327 ton avadanlıq quraşdırılıb.

Zavodun ümumi təsərrüfat və mühəndis qurğuları sahəsində soyuducu qüllə, azot istehsalı qurğusu, kondensasiya qurğusu, ölçü cihazları və texniki hava sistemi, ümumi elektrik alt-stansiyası, heksen və izobutan saxlanma çənləri, məşəl qurğusu, kimyəvi qatqılar anbarı, ümumi İdarəetmə Otağı (dispetçer məntəqəsi), laboratoriya, torbalama və qablaşdırma qurğuları, eləcə də hazır məhsul anbarı fəaliyyət göstərir. Zavodda artıq 30-dan çox çeşiddə PP istehsal edilib.

Polipropilendən şəffaf və metal tərkibli qablaşdırma plyonkaları, binadaxili istifadə üçün kanalizasiya və təzyiqli borular, birdəfəlik qab-qacaq, kənd təsərrüfatı məhsulları və gübrə üçün kisə və yumşaq konteynerlər, mikrodalğalı sobalar üçün şəffaf qablaşdırma və konteynerlər, tikinti materialları üçün vedrə və konteynerlər, qida konteynerləri, şprislər, tibbi təyinatlı butulkalar, gigiyenik məhsullar üçün xalı tipli liflər və qeyri-toxunma materiallarının hazırlanmasında istifadə edilir.