Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

Abşeron


“Abşeron” qaz-kondensat yatağı Cənubi Xəzər neftli-qazlı hövzəsinin Abşeron arxipelaqında, Bakı şəhərindən 85-100 km şərqə doğru dənizin təxminən 350-550 metr dərinliyində yerləşir. Son hesablamalara görə, “Abşeron” yatağının karbohidrogen ehtiyatları 303 milyard m³ qaz və 100 milyon ton kondensat təşkil edir. Yatağın işlənilməsini SOCAR və “TotalEnergies” şirkətinin əməliyyat şirkətiolan “JOCAP” həyata keçirir.

Struktur Azərbaycan geofizikləri tərəfindən aparılan seysmik kəşfiyyat işləri nəticəsində 1960-cı ildə aşkar edilib və 1993-cü ildə axtarış qazmasına hazırlanıb. Ərazidə dəniz dərinliyinin çox olması və neftli-qazlı perspektivli layların böyük dərinlikdə (6000 metrdən artıq) yerləşməsi səbəbindən uzun müddət kəşfiyyat qazması aparılmayıb. “Abşeron perspektiv strukturunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü” haqqında iki saziş var. Birinci saziş 1997-ci il 1 avqust tarixində Ümummilli Lider Heydər Əliyevin ABŞ-a rəsmi səfəri zamanı imzalanıb.

Bu sazişə əsasən, pay bölgüsü SOCAR- 50%, ABŞ-ın “Chevron” şirkəti - 30%, Fransanın “Total” şirkəti - 20% şəklində aparılıb. Saziş sahəsi 400 km² ərazini əhatə edirdi. Sahədə üçölçülü (3D) seysmik, mühəndisi-geoloji işlərin görülməsi və 2 kəşfiyyat quyusunun qazılması nəzərdə tutulurdu. İşləri yerinə yetirmək məqsədilə “Chevron Overseas Ltd” Əməliyyat Şirkəti yaradılıb. 1998-1999-cu illərdə 634 km² həcmində 3D seysmik və mühəndisi-geoloji tədqiqat işləri aparılıb, əldə olunan materiallara əsasən, strukturun tektonik quruluşu dəqiqləşdirilib, cənub qanadının tağa yaxın hissəsində, layihə dərinliyi 6 700 metr, layihə horizontu Fasilə lay dəstəsi olan bir quyunun qazılması üçün yer seçilib.

23 dekabr 2000-ci il tarixində SOCAR-ın “Caspian Drilling Company” şirkəti tərəfindən “Abşeron” strukturunun cənub qanadında, dənizin dərinliyi 520 metr olan sahədə “İstiqlal” qazma qurğusu vasitəsilə 6 506 metr dərinliyə ilk axtarış quyusu qazılıb və 23 iyun 2001-ci il tarixində qazma işləri başa çatdırılaraq Fasilə lay dəstəsi açılıb. Lakin əldə olunmuş geoloji və geofiziki məlumatlar əsasında podratçı tərəfindən “Abşeron” strukturu üzrə ehtiyatlar iqtisadi cəhətdən səmərəli hesab olunmayıb və 2005-ci ilin dekabr ayında sazişə xitam verilib. Buna baxmayaraq, SOCAR həmişə hesab edib ki, qazılan kəşfiyyat quyusu Fasilə lay dəstəsini tam açmadığına görə Podratçı tərəfindən strukturun ehtiyatlarının qiymətləndirilməsi düzgün aparılmayıb və aşağı hesablanıb.

2009-cu ildə SOCAR-la Fransanın “TotalEnergies” şirkəti arasında “Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron dəniz yatağı blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş imzalandı. Bu sazişə görə, SOCAR və “TotalEnergies” hər biri 50% paya malik idi. İkinci saziş sahəsi 747 km² ərazini əhatə edir. Podratçı tərəfindən əvvəllər aparılan 3D seysmik işlərin materialları yenidən nəzərdən keçirildi və qazılacaq quyunun yeri şimal qanadın tağa yaxın sahəsində (dənizin dərinliyi 473,5 metr) seçildi. 14 yanvar 2011-ci il tarixində Heydər Əliyev adına yarımdalma qazma qurğusu vasitəsilə qazma prosesi başlanıldı. 09 sentyabr 2011-ci il tarixində Xəzərin Azərbaycan sektorunda iri qaz-kondensat yatağı olan “Abşeron” yatağının kəşf edildiyi bəyan edildi. Bundan sonra, quyuda qazma işləri davam etdirildi və ikinci lülə ilə quyunun dərinliyi 6 874 metrə çatdırıldı. Aparılan sınaq işləri zamanı quyudan sutkada 920 min m³ qaz, 430 ton kondensat alındı. Podratçı şirkət tərəfindən strukturun şimal-şərq qanadında qiymətləndirici quyunun qazılmasına qərar verildi. 12 may 2018-ci il tarixində Heydər Əliyev adına yarımdalma qazma qurğusu vasitəsilə Caspian Drilling Company (CDC) şirkəti tərəfindən ABD-001 quyusunun qazılmasına başlanıldı və yataqda qaz/su kontaktı üzrə qeyri-müəyyənliyi aradan qaldırmaq məqsədilə quyunun qiymətləndirmə lüləsi 7 411 metrə kimi qazıldı. Quyunun istismar lüləsi Fasilə lay dəstinin məhsuldar B və D horizontlarını açdı. Qazma və tamamlama işlərindən sonra quyunun sınaq istismarı zamanı uğurlu nəticələr əldə edildi.

2020-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev SOCAR-ın Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib. Yataqda quraşdırılan 4 əsas dayaq bloku və digər sualtı qurğular SOCAR-ın “BOS Şelf” şirkəti tərəfindən tikilib. İş zamanı “BOS Şelf” Azərbaycanda ilk dəfə bütün mühəndislik, təchizat, tikinti, quraşdırma (EPCI) işlərini həyata keçirməklə layihənin tam təminatla təhvil verilməsi (turn-key project) üsulunu tətbiq edib. Layihənin Platforma paketi üzrə dayaq blokunun və digər metal konstruksiyalarının ilkin layihələndirilməsi (Pre-FEED) işləri SOCAR-ın "Neftqazelmitədqiqatlayihə" İnstitutu tərəfindən həyata keçirilib və işlənilmə üçün sənədlər beynəlxalq layihələrdə müvafiq təcrübəyə malik olan “Mariel” və “SOCAR-KBR” şirkətlərinə verilib.

“Abşeron” yatağından hasil olunan qazın qəbulu platforması öz növünə görə unikal sayıla bilər. Bu layihə çərçivəsində sualtı sistem və platformada bütün əməliyyatlar kənardan, yəni “Neft Daşları”nda yerləşdirilən moduldan idarə edilir. Modulun quyudan 34,3 km, platformadan 3 km məsafədə yerləşməsi qazın hasilatı, emalı və nəqli zamanı təhlükəsizliyi və əməliyyat effektivliyini təmin edir. “Abşeron” layihəsində Xəzərdə ilk dəfə “boru içində boru” (pipe in pipe) texnologiyası tətbiq edilib. Bu boru xətti üçün xüsusi olaraq istehsal edilmiş çoxqatlı izolyasiyalı borular istifadə olunur.

04 avqust 2023-cü il tarixində “Abşeron” layihəsinə daha bir səhmdar – Abu Dabi Milli Neft Şirkəti (ADNOC) daxil oldu və beləliklə, SOCAR və “TotalEnergies” şirkətləri hərəsi 35%, ADNOC isə 30% səhmə malik olmaqla səhmdarların yeni pay bölgüsü formalaşdı.

03 iyul 2023-cü il tarixində “Abşeron” qaz-kondensat yatağından gündəlik 4,2 milyon kubmetr qaz və 1200 ton kondensat hasilatı ilə istismara başladı. Yatağın işlənilməsinin ikinci mərhələsi üzrə işlər intensiv şəkildə davam etdirilir.

Hasil olunacaq qaz-kondensat qarışığı 34,3 km uzunluğunda 12 düymlük çoxfazalı nəql kəməri ilə “Neft Daşları” NQÇİ-nin ərazisində suyun dərinliyi 13 metr olan hissədə inşa edilmiş qəbul platformasına ötürülür. Burada ilkin emal olunmuş qaz və kondensat “Azneft” İB-in infrastrukturundan istifadə etməklə qazın daxili bazarda, kondensatın isə Bakı-Tbilisi-Ceyhan (BTC) ixrac boru kəməri vasitəsilə xarici bazarda satışı həyata keçirilir.