Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

Nəql (midstrim) neft-qaz sektorunda fəaliyyət göstərən hər bir şirkət üçün biznes əməliyyatlarının arteriyası rolunu oynayır. Nəql özündə karbohidrogenlərin xarici bazarlara çıxarılması üçün ucuz nəqliyyat növü sayılan boru kəmərlərindən başqa, onların terminallara daşınması və saxlanmasını, xammalın emal zavodlarına boru, dəmir, dəniz (tankerlərlə) yolu kimi nəqliyyat vasitələri ilə çatdırılmasını və ya ölkənin qazpaylayıcı şəbəkəsini cəmləşdirir.

Azərbaycanın dövlət müstəqilliyi dövründə SOCAR qısa müddətdə ölkə daxilində və xaricdə regional və qlobal enerji layihələri həyata keçirməklə çoxlu sayda boru kəmərləri inşa edərək, istismara verib. “Əsrin müqaviləsi” imzalandıqdan sonra, ilk tikilən boru kəmərlərindən biri olan Bakı‐Novorossiysk 1997-ci ildə tam tikilib istifadəyə verilib. 1996-cı ildə Azərbaycan və Gürcüstan arasında imzalanmış sazişə əsasən tikilməyə başlanan Qərb İxrac Boru Kəməri və ya Bakı-Supsa kəmərinin inşası 1998-ci ildə başa çatdırılıb. Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft boru kəməri Azərbaycan neftinin xarici bazara birbaşa çıxışını təmin edib. 2007-ci ildə tikilən Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi ilə “Şahdəniz” yatağından hasil olunan təbii qazın Gürcüstan və Türkiyə bazarlarına daşınması həyata keçirilib. “Şahdəniz 2” layihəsi çərçivəsində Azərbaycan qazının Türkiyə və Avropa ölkələrinə nəql edilməsi məqsədilə Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) qaz boru kəmərlərinin inşası həyata keçirilib. Bununla da, Avropa ölkələrinin uzunmüddətli enerji təhlükəsizliyinə töhfə verilib, alternativ marşrutların şaxələndirilməsi və rəqabətli enerji bazarının yaradılması təmin olunub. Bu kəmərlər birlikdə 3500 km uzunluqda olan, Avropa və Asiya qitələrini birləşdirən Cənub Qaz Dəhlizini təşkil edir.

Neft-qaz xammalı, eləcə də məhsullarının saxlanması və gəmilərə yüklənərək xarici bazarlara göndərilməsi üçün istifadə olunan Kulevi terminalı 10 milyon ton nefti yükləyib-boşaltma qabiliyyətinə malikdir. İzmirin Əliağa bölgəsində yerləşən SOCAR Terminalı isə Uzaq Şərq ilə Şimali Avropa arasında birbaşa ticarəti mümkün edir. Ərazisi 106 hektar olan Dübəndi terminalı il ərzində 20 milyon ton məhsulun qəbulu və nəqli imkanına malikdir.