SOCAR, sağlam həyat tərzinin əhəmiyyətini nəzərə alaraq, Azərbaycanda idmanın inkişafına daim dəstək göstərir.
2003-cü ildən Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) və Futbol üzrə Milli Komandanın tərəfdaşı, əsas sponsoru olan şirkətimiz bu tərəfdaşlıq çərçivəsində, ölkədə futbol infrastrukturunun və futbol təliminin inkişafında AFFA-ya güclü dəstək göstərir. SOCAR 1937-ci ildə Bakıda yaradılan "Neftçi" peşəkar futbol klubunun da rəsmi tərəfdaşı, həmçinin “Neftçi İdman Klubu” İctimai Birliyinin dəstəkçisidir.
2013-cü ildə SOCAR, UEFA ilə müqavilə çərçivəsində, 2016-cı il Avropa Futbol Çempionatının rəsmi tərəfdaşı olub. Şirkət həminı il UEFA-nın 17 yaşadək Futbol üzrə Avropa Çempionatının rəsmi sponsoru olub və oyunların Azərbaycanda keçirilməsinə təşəbbüs göstərib. Bu, 2012-ci ildə Azərbaycanda 17 yaşlı qadınlar arasında keçirilmiş FIFA Dünya Kubokundan sonra, SOCAR-ın iştirak etdiyi ikinci beynəlxalq tədbirdir. Sözügedən tərəfdaşlıq (şirkətin Avropanın enerji təchizatı üzrə öhdəlikləri nəzərə alınmaqla) “SOCAR” brendinin Avropanın pərakəndə bazarlarında müştərilərə təqdim və təbliğ edilməsi üçün bir vasitə kimi, şirkətin o dövrdəki korporativ hədəflərinə uyğun olub.
Azərbaycanda idman infrastrukturunun şah əsəri olan SOCAR-ın Bakı Olimpiya Stadionu (BOS) 2020-ci ildə pandemiya səbəbindən təxirə salınan UEFA Avro-2020-nin 12 stadionundan biri idi. 2021-ci ildə keçirilən turnirdə BOS 3-ü A qrupunun qarşılaşması və ¼ final mərhələsinin oyunu olmaqla, ümumilikdə, 4 matça ev sahibliyi edib. Qeyd edək ki, SOCAR 2015-ci ildə Bakıda, bu stadionda keçirilmiş ilk Avropa Oyunlarının da tərəfdaşı olub.
SOCAR ölkəmizdə istedadlı şahmatçıların yetişdirilməsini daim diqqət mərkəzində saxlayır və şahmatın qlobal inkişafına dəyərli töhfələr verir. 2012-ci ildə “SOCAR Energy Georgia” və Gürcüstan Şahmat Federasiyası arasında Gürcüstanda beynəlxalq şahmat turnirlərinin təşkili və xaricdə keçirilən turnirlərdə Gürcüstan şahmatçılarının iştirakı üzrə ümumi sponsorluq haqqında razılıq imzalayıblar. SOCAR Dünya Şahmat Federasiyasının (FIDE) üzvü olan Azərbaycan Şahmat Federasiyasının da əsas sponsorudur.
2016-cı ildə SOCAR və Beynəlxalq Cüdo Federasiyası (IJF) arasında imzalanmış müqaviləyə əsasən, tərəflər Dünya Cüdo Turunun keçirilməsi və dörd il ərzində Azərbaycanda və xaricdə cüdonun inkişaf etdirilməsi və təbliğ olunması layihələrində əməkdaşlıq ediblər.