Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

Azəri-Çıraq-Günəşli


Bakıdan təxminən 100 km şərqdə yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yatağı Xəzər hövzəsinin Azərbaycan sektorunda ən iri neft-qaz yataqlar blokudur. 1994-cü ildə “Əsrin müqaviləsi” imzalandıqda yataqlar blokunun ehtiyatı 511 milyon ton həcmində proqnozlaşdırılırdısa, sonradan bu göstərici 1,072 milyard ton həcmində müəyyən edilib.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü il 20 sentyabr tarixində Bakıda Azərbaycan və 7 ölkəni (ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç və Səudiyyə Ərəbistanı) təmsil edən 11 beynəlxalq neft şirkəti (Amoco, BP, McDermott, UNOCAL, ARDNŞ, LUKOIL, Statoil, TPAO, Pennzoil, Ramco, Delta) arasında “Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin birgə işlənməsinə və Hasilatın Pay Bölgüsünə dair Saziş" imzalandı və tarixə “Əsrin müqaviləsi” kimi daxil oldu. Müstəqil Azərbaycan Respublikası tarixində müstəsna əhəmiyyətə malik olan bu Sazişlə dövlətimizin yeni və çoxşaxəli enerji strategiyasının əsası qoyuldu.

AÇG yataqlar blokunun işlənilməsi layihələri Azərbaycan hökuməti və SOCAR ilə xarici səhmdarlar arasında əməkdaşlığı həyata keçirən Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) operatorluğu ilə "bp" şirkəti tərəfindən idarə olunur.

1995-ci ildə ”Çıraq” yatağından ilk neftin çıxarılması məqsədilə “Çıraq-1” platforması bərpa edildi. Böyük maillikli quyuların qazılması üçün bu özülün üst modulu modernizasiya olundu, yeni qazma avadanlıqları quraşdırıldı. Yeni təchiz olunan qazma qurğusu horizontal quyuların qazılmasına şərait yaratdı. Maksimal mailliklə 5 500 - 6 300 metrdən artıq dərinliklərə qədər quyular qazıldı və yatağın zəngin resursları hasil olunmağa başladı. Beləliklə, AÇG blokundan ilk neft 1997-ci ilin noyabrında “Çıraq” platformasından əldə edildi. Sonradan “Azəri” yatağının işlənməsi üçün zəruri tədbirlər görüldü və 2005-ci ildə "Mərkəzi Azəri" platformasının istismara verilməsi ilə bu yataqdan da ilk neft çıxarıldı. Daha sonra “Qərbi Azəri” və “Şərqi Azəri” platformaları inşa edildi və müvafiq olaraq, 2005-ci və 2006-cı ilin sonlarında istismar edilməyə başlandı. 2008-ci ildə “Dərinsulu Günəşli”, 2014-cü ildə isə “Qərbi Çıraq” platformalarının işə salınması hasilatın artırılmasına yeni bir təkan verdi. Hazırda yataqlar blokunda “Azəri Mərkəzi Şərqi” layihəsi həyata keçirilir. Bu yeni dəniz platforması layihəsi yataqda gündəlik 100 min barel əlavə hasilat imkanları yaradacaq. Ümumilikdə, layihə çərçivəsində 300 milyon barel neftin çıxarılması planlaşdırılır. Tikinti işlərində yerli insan resurslarından istifadə olunur və işlərin pik dövründə 8 000-dən çox Azərbaycan vətəndaşı burada işlə təmin olunub.

AÇG yatağından əldə olunmuş 0,5 milyard tondan çox neft Bakı şəhəri yaxınlığında yerləşən Səngəçal terminalından Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri və Qərb İxrac Boru Kəməri (QİBK) vasitəsilə birbaşa dünya bazarına nəql olunub. Bu həcm, ümumilikdə, istismara verildikdən 2023-cü ilin sonuna kimi təxminən 550 milyon ton xam neft təşkil edib. İlk mənfəət nefti 1999-cu ilin dekabr ayında alınıb.

2017-ci il 14 sentyabr tarixində "“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənilməsi və hasilatın pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən işlənmiş Saziş" imzalanıb. 2049-cu ilin sonunadək uzadılmış yeni sazişə əsasən, "bp" fəaliyyətini layihənin operatoru kimi davam etdirir, SOCAR-ın payı 11,65%-dən 25%-ə qaldırılır, mənfəət neftinin isə 75%-i Azərbaycana çatır.

İmzalanma mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sazişin əhəmiyyətini yüksək qiymətləndirərək deyib:

Bu gün imzalanacaq kontraktın ölkəmiz üçün çox böyük əhəmiyyəti var. “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadılır. Yeni imzalanacaq kontrakt Azərbaycan üçün daha da əlverişlidir, baxmayaraq ki, 1994-cü ildə imzalanmış kontrakt da bizim maraqlarımızı tam təmin edirdi. Bu dəfə isə daha da yaxşı şərtlərlə kontrakt imzalanır. Bunun bir neçə əsas parametrlərini diqqətinizə çatdırmaq istəyirəm: kontrakt imzalanandan sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcək; SOCAR-ın “AzAÇG” şirkəti podratçı kimi kontraktın icrasında iştirak edəcək; SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılır və Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək. Bunlar əsas şərtlərdir. Əlbəttə ki, kontraktın bir çox müddəaları var. Əsas şərtlər artıq göstərir ki, Azərbaycanın gələcək inkişafı, maliyyə imkanlarımızın genişləndirilməsi üçün bu kontraktın çox böyük əhəmiyyəti var.

Növbəti illərdə yatağın işlənilməsinə 40 milyard dollardan çox sərmayə qoyuluşu nəzərdə tutulur. 2017-ci il oktyabrın 31-də ratifikasiya olunan yeni sazişdə tərəfdaşların pay bölgüsü nisbəti də dəyişdirilib: bp - 30,37%, AzAÇG (SOCAR) - 25%, Chevron - 9,57%, Inpex - 9,31%, Equinor (Statoil) - 7,27%, ExxonMobil - 6,79%, TPAO - 5,73%, Itochu - 3,65% və ONGC Videsh Ltd. (OVL) - 2,31%.

2019-cu ildə Macarıstanın “MOL Group” şirkəti ABŞ-ın “Chevron” şirkətinin AÇG (9,57%) və Bakı-Tbilisi-Ceyhan boru kəmərindəki payını (8,9%) əldə edib, bu məqsədlə müvafiq saziş imzalanıb və 2020-ci ildə alqı-satqı prosesi başa çatdırılıb.

AÇG yataqlar bloku üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operator seçilib.

22 dekabr 2023-cü il tarixində SOCAR tərəfindən AÇG layihəsi üzrə “Equinor” şirkətinə məxsus 7.27% iştirak payının alınmasına dair sənədlər imzalanıb. Nəticə etibarilə, hazırda pay bölgüsü nisbəti də dəyişdirilib: AzAÇG (SOCAR) – 32,27%, bp - 30,37%, Chevron - 9,57%, Inpex - 9,31%, ExxonMobil - 6,79%, TPAO - 5,73%, Itochu - 3,65% və ONGC Videsh Ltd. (OVL) - 2,31%.