1994-cü ildə “Əsrin müqaviləsi” imzalandıqdan sonra qarşıda hasil olunan xam neftin xarici bazarlara çıxarılması məsələsi dururdu. Bu məqsədlə qonşu Rusiya Federasiyası və Gürcüstan ilə aparılan danışıqlar nəticəsində “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarından hasil ediləcək neftin Qara dəniz limanlarına Şimal və Qərb marşrutu ilə nəqli ilə bağlı müqavilələr imzalandı və layihələrin həyata keçirilməsinə başlanıldı. Şimal marşrutu üzrə nəzərdə tutulan Bakı-Novorossiysk neft kəmərininin Azərbaycan Respublikasına aid 236.1 km-lik hissəsi, o cümlədən kəmərin 58.5 km hissəsi 1996-cı ildə tikilib. 177.6 km və Rusiya Federasiyası Federasiyası ərazisində 1111 km-lik hissəsi isə 1981-1983-cü illərdə tikilərək istismara verilib. Şimal İxrac Boru Kəmərinin 58.5 km hissəsinin (Səngəçal-Sumqayıt Dş500) tikintisinə 1995-ci ildə başlanılıb. Kəmər SOCAR və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) tərəfindən 1997-ci ilin oktyabr ayının 25-də istismara verilib.
Kəmər ildə 6 milyon ton və ya gündə 105 min barrel neft daşıma qabiliyyətinə malikdir. Borunun 58,5 km Ø530 mm, 177,6 km hissəsi isə Ø720 mm təşkil edir. Sumqayıt neft təhvili sahəsində 1 ədəd nasos stansiyası, Siyəzən neft nəqletmə sahəsində 1 ədəd nasos stansiyası, Şirvanlı kəndində isə ixrac neft təhvili sahəsi fəaliyyət göstərir. Şimal İxrac Boru kəməri 4 iri neftsaxlama çəni olan (hər birinin tutumu 25.5 min barrel) Səngəçal terminalından başlanır. Xammalın son çatdırılma məntəqəsi ildə 34 milyon ton neft və neft məhsullarını daşıma qabiliyyətinə malik olan Novorossiysk limanıdır.
25 oktyabr 1997-ci il tarixində fəaliyyətə başlayan kəmərlə 1999-cu ilin yanvarına kimi 1,5 milyon ton neft daşınıb. Daşınan neftin həcmi ilbəil artıraq 2005-ci ildə 4,1 milyon tona çatıb. 01 yanvar 2024-cü il tarixinədək Bakı-Novorossiysk kəməri ilə ümumilikdə 46.5 milyon ton həcmində neft daşınıb. Novorossiysk limanından yüklənmiş neft İtaliya, Rumıniya, Bolqarıstan, Çin, Xorvatiya, Fransa, İspaniya və digər ölkələrə ixrac olunur. Sonradan daşınma xərcləri cəhətdən daha səmərəli Bakı-Supsa (1999) və Bakı-Tbilisi-Ceyhan (2006) kəmərlərinin istismara verilməsi nəticəsində Bakı-Novorossiysk marşrutu ilə neft daşınması bir qədər azalsa da, aktuallığını itirməyib.