“Bibiheybət” yatağı Abşeron yarımadasının cənub-qərb dəniz hissəsində, Bakıdan cənub-qərbdə yerləşir. İnzibati bölgüyə görə yataq Səbail rayonuna aiddir. “Bibiheybət” yatağında neft ilk dəfə 1848-ci ildə alınıb. Onun geoloji quruluşunda Abşeron, Ağçagil, məhsuldar qat və pont çöküntüləri iştirak edirlər. Sənaye əhəmiyyətli neft-qazlılıq məhsuldar qat çöküntüləri ilə əlaqədardır.
İlkin 1 saylı kəşfiyyat quyusu 1922-ci ildə qazılıb və ondan sənaye əhəmiyyətli 8t/gün neft alınıb, quyu geoloji səbəbdən ləğv olunub. 1923-cü ildən 1951-ci ilə qədər olan müddət ərzində 213 kəşfiyyat quyusu qazılıb. 1951-2005-ci il intervalında 32 kəşfiyyat quyusu qazılıb.
Yatağın quru sahəsinin işlənməsinə 1873-cü ildən, dəniz sahəsinin işlənməsinə isə 1938-ci ildən start verilib. 1910-cu ildə Bakı neft sənayeçiləri torpaq-qazma işlərində mühəndis Pavel Pototskini Bibiheybət buxtasının doldurulması işlərinə rəhbərlik üçün dəvət ediblər. O vaxta qədər dünyanın heç bir yerində sulu ərazinin torpaqla doldurulması işləri aparılmayıb. P.Pototskinin təklifi ilə 1910-cu ildə Sormovo zavoduna bir karvan yerqazma maşınının hazırlanması sifariş olunur. 1916-cı ildə hazır olan karvan 1100 at gücünə malik 2 torpaqsoran maşından, 1100 at gücünə malik 5 yedək gəmisindən, 1100 m³ həcmində 10 barjdan və digər texnikadan ibarət idi. 1918-ci ildə buxtanın yalnız 193 hektarı torpaqla doldurulur. 1922-ci ilin sonlarında torpaqla örtülmüş sahədə 5 saylı ilk qazma quyusu quraşdırılır. 1923-cü ilin aprel ayının 18-də İliç körfəzində 82.5 metr dərinliyində quyu işə salınır. Torpaqla örtülmüş sahədən neft fontan vurur və bu, bütün dünyanı heyrətə gətirir, beynəlxalq neft dairələrində böyük marağa səbəb olur. Bibiheybət körfəzinin tam örtülmüş sahəsi 1910-cu ildən başlayaraq 20 il ərzində 300 hektara çatdırılır.
P.Pototski 1932-ci ildə vəfat edir və vəsiyyətinə görə Xəzərdən “zəbt olunmuş” Bibiheybətin torpaqla doldurulmuş sahəsində, dəniz kənarında dəfn edilir. Azərbaycanın görkəmli dövlət xadimi, Ümumilli Liderimiz Heydər Əliyevin göstərişi ilə həmin ərazidə onun abidəsi qoyulub.
İlk neft quyusunun “tarixi abidə” statusu alması və SOCAR tərəfindən yenidən bərpa edilməsi isə 26 aprel 2017-ci il tarixinə təsadüf edir. Həmin gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev quyunun sonrakı vəziyyəti ilə tanış olub və onu turistlərin ziyarəti üçün açıq elan edib.
“Bibiheybət” yatağının təsdiq olunmuş sonuncu neft və qaz ehtiyatlarının təkrar hesablanması 2006-ci ildə aparılıb və ötən müddət ərzində burada çoxlu sayda yeni quyular qazılıb. 2003-cü ildən yataqda mikrobioloji təsir həyata keçirilməyə başlanıb. Bu üsulla təsirin əvvəlindən cəmi 50.2 min ton neft artımı olub.
1954-cü ildən başlayaraq, yataqda lay təzyiqini sabit saxlamaq üçün suvurma üsulu tətbiq olunur. 01 yanvar 2024-cü il tarixinə qədər laylara 81557 min m³ su vurulub, nəticədə 2667.4 min ton əlavə neft hasil edilib.
01 yanvar 2024-cü il tarixinə olan məlumata görə, “Bibiheybət” yatağında, ümumilikdə, 3831 quyu qazılıb ki, onlardan 547 quyu istismardadır. İşlənmənin əvvəlindən bu quyulardan 162948.3 min ton neft, 10168.5 milyon m3-dən çox qaz hasil olunub. Qeyd edək ki, Bibiheybət yatağında maksimum hasilat 1941-ci ilə təsadüf edib. Həmin il 1610 işlək quyudan 4581 min ton neft çıxarılıb. Maksimal qaz hasilatı isə 1948-ci ildə 293.7 milyon m³ olub.
Yatağın perspektivliyini və quyu şəbəkəsinin az olmasını nəzərə alaraq 2022-ci ildən yeni quyuların qazılmasına başlanılıb. Yatağın işlənmənin son mərhələsində olmasına baxmayaraq, yeni qazılmış quyulardan QA lay dəstəsindən gündəlik 4-5 ton neft alınıb. Ümumilikdə yataq üzrə yeni quyuların qazılması proqnozlaşdırılır. Eyni zamanda, məhsuldar qatdan aşağıda yatan layların perspektivliyini öyrənmək məqsədilə 2024-ci ildə Miosen çöküntülərinə axtarış quyusunun qazılması planlaşdırılır. Axtarış quyusunun nəticələrindən asılı olaraq növbəti illərdə əlavə quyuların qazılması proqnozlaşdırılır.
Yataq SOCAR-ın “Azneft” İB-in “Bibiheybətneft” NQÇİ tərəfindən istismar edilir.