“Buzovna-Maştağa” yatağı Abşeron yarımadasının şimal-şərqində, Şərqi Abşeron neftli-qazlı rayonunda, Maştağa və Buzovna kəndlərinin arasında yerləşir. Yataq 588 ha (7 km x 2 km) ərazini əhatə edir və braxiantiklinal quruluşludur. Sənaye əhəmiyyətli işlənməyə 1941-ci ildən başlanılıb.
Yatağın öyrənilməsi ilə müxtəlif vaxtlarda bir çox tədqiqatçılar məşğul olublar. İlk dəfə bu rayonu 1913-cü ildə M.V.Abramoviç öyrənməyə başlayıb. Abramoviçin təsvirinə görə, rayon iki antiklinal qalxımla, cənubda Qırməki və şərqdə Pirallahı adası arasında yerləşmiş muldadan ibarətdir. Uzun fasilədən sonra, 1932-ci ildə rayonda yenidən geoloji işlər aparılıb. A.N.Korneyev elektrik kəşfiyyatı məlumatlarına əsasən, Abramoviçin fikrini təsdiq edib. 1935-ci ildə B.P.Yasnevin apardığı struktur qazma vasitəsilə sahənin müfəssəl axtarışı zamanı qeyd edib ki, bu sahə qərbdə qapalı olmayan formaya malik antiklinal qalxımdan ibarətdir. Buna görə də “Maştağa” sahəsini “struktur burnu” adlandırıb. Bu strukturda qazılan 5 quyudan yalnız biri məhsuldar qatı bütün qalınlığı ilə aça bilib. Qalanları heç bir əhəmiyyət kəsb etmədiyinə görə dayandırılıb və ləğv edilib.
1940-ci ildə “Buzovna” sahəsində hissə-hissə seysmik kəşfiyyat işləri aparılıb və burada antiklinal qalxımın varlığı aşkar edilib. Bütün geoloji sənədlər və seysmik kəşfiyyat məlumatları öyrənildikdən sonra B.K.Babazadənin təklifi ilə 1940-cı ildə qazılan 1/1056 nömrəli dərin kəşfiyyat quyusu 2.051 metrdə məhsuldar qatın bütün qalınlığını açıb və quyu 28.11.1940-cı ildə gündəlik 85 ton neft verməyə başlayıb. Birinci kəşfiyyat quyusundan müsbət nəticə alındıqdan sonra kəşfiyyat işlərində əsaslı dönüş yaranıb. 1941-1945-ci illərdə qazılmış quyular vasitəsilə Qırməki altı və Qırməki lay dəstələrinin neftliliyi, yatağın “Maştağa” sahəsinə doğru uzandığı təyin edilib. 1945-ci ildə qazılmış 1821 və 1814 nömrəli quyular sənaye əhəmiyyətli neftliliyi aşkarlayıb. Yataqda 11 məhsuldar lay istismar olunur. Layların yatım dərinliyi 1200-2100 metr intervalındadır.
Burada hasil olunan neft digər quru yataqlarında çıxarılan neftlərdən fərqlənir. Bu neft fiziki xüsusiyyətlərinə görə Nyuton qanununa tabe olmayan mayelərə aiddir. Belə ki, o, az qətranlı (1 ton neftdə 7,2%), az asfaltenli (1 ton neftdə 2,4%) neftlərdən sayılır. Neftin tərkibində mexaniki qarışıqların miqdarı da azlıq təşkil edir – 1 ton neftdə 0,03%.
İşlənmənin əvvəlindən 01 yanvar 2024-cü il tarixinədək yataqda 1334 quyu qazılıb və 29,875 milyon ton neft, 5,375 milyard m³ qaz hasil olunub. Yataq üzrə maksimum hasilat - 1950-ci ildə 1,927 min ton təşkil edib.
14 dekabr 2021-ci il tarixində “GL International LTD” MMC ilə SOCAR arasında "Buzovna-Maştağa, Qala və Zirə neft yataqlarının daxil olduğu blokun bərpası və işlənməsi ilə əlaqədar" Risk Xidmət Sazişi imzalanıb. Saziş Azərbaycan Respublikasının 5 aprel 2022-ci il tarixli Qanunu ilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul və təsdiq edilib, onun həyata keçirilməsinə icazə verilib.
Sazişin qüvvəyə mindiyi 01 iyul 2022-ci tarixindən etibarən daha əvvəl yataqların işlənməsini həyata keçirən SOCAR-ın “Azneft” İstehsalat Birliyinin balansındakı H.Z.Tağıyev adına NQÇİ ləğv edilib. Hazırda yataqların bərpası və işlənməsini Sazişə uyğun yaradılan “Taghiyev Operating Company” MMC əməliyyat şirkəti həyata keçirir.