Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

Cənub-Qərbi Qobustan sahəsi


“Cənub-Qərbi Qobustan” ərazisi 10 strukturdan –“Kənizdağ”, “Solaxay”, “Torağay”, “İlxıçı”, “Nardaran-Axtarma”, “Sündi”, “Donquzduq”, “Şıxzəgirli”, “Şeytanud” və “Bürgüd” strukturlarından ibarətdir ki, bunlar da 3 bloka – A şimal bloku, B mərkəzi bloku və C sahilyanı blokuna bölünür. Ümumi sahəsi 600 km² olan “Cənub-Qərbi Qobustan” ərazisinin 13 strukturundan 9-u sınaqdan keçirilib və az miqdarda hasilatı olan neft-qaz obyektləri kimi qiymətləndirilib. Ərazi üzrə (bütün yataq və strukturlar üzrə), ümumilikdə, 610 quyu qazılıb ki, onlardan da 576-sı ləğv olunub. Sahədə aparılmış seysmik tədqiqatların həcmi və keyfiyyəti qənaətbəxş olmadığından, Mezakaynozoy çöküntülərinin mürəkkəb geoloji quruluşu və neftqazlılığı kifayət qədər aydınlaşdırılmamış qalır.

A Şimal bloku: 113 km²-lik 4 kəşfiyyat sahəsinin daxil olduğu blok Böyük Qafqaz dağlarının cənub ətəklərindən keçən Sumqayıt-Şamaxı yolunun üstündə yerləşir.

B Mərkəzi bloku: 146 km²-lik 4 kəşfiyyat sahəsindən ibarət blok C sahilyanı blokundan 30 km şimal-qərbdədir.

C Sahilyanı bloku: 351 km²-lik “Duvannı”, “Daşgil” və “Kənizdağ” yataqlarının daxil olduğu bu blok Bakıdan 90 km cənub-qərbdə, sahilyanı şoseyə yaxın məsafədə yerləşir.

“Solaxay” strukturu “Daşgil” yatağından qərbdə, əsasən palçıq vulkanlarından təşkil edilmiş yaylada yerləşir. Burada ilk quyu 1930-cu ildə 770 metr dərinliyə qazılıb. 4.605 metrlik ən dərin quyu isə 1976-1977-ci illər arasında qazılıb, lakin kommersiya əhəmiyyətli hasilat alınmayıb. Solaxay sahəsində MQ-nin aşağısında üç neftli horizont aşkar olunub.

“Kənizdağ” yatağı sahilyanı yolboyu Bakıdan, təxminən, 45 km məsafədə yerləşir. Strukturdan cənub-şərq istiqamətində dənizə doğru “Səngəçal-dəniz”, “Duvannı-dəniz”, “Qara Zirə” və “Xərə Zirə” yataqları yerləşir. Burada ilk quyu 1931-1932-ci illərdə qazılıb və qaz təzahürlərinə rast gəldikdən sonra texniki səbəblərdən 1.031 metr dərinlikdə ləğv edilib. Sənaye əhəmiyyətli neft axını (120/130 t/s) MQ-nin VII horizontunu açmış kəşfiyyat quyularında qeydə alınıb.

“Torağay” yatağı “Kənizdağ” yatağından yəhər vasitəsilə ayrılır. Yatağa yaxın ərazidə 100 metr hündürlüyündə palçıq vulkanı var. Yataqda 8 quyu qazılıb, onlardan 4-də qaz hasil edilsə də, kommersiya əhəmiyyətli hesab edilməyib.

“Sündi” yatağı Bakıdan 55 km qərbdə yerləşir, “Hacıvəli” yatağından şimaldakı növbəti antiklinaldır. Ərazidə 1952-ci ildə dərinliyi 500 metrdən artıq olmayan bir neçə quyu qazılıb. Bu quyulardan birində - 10 nömrəli quyuda qaz fontanı baş verib. Əlavə seysmik məlumatlar əldə edilmədiyindən strukturun digər təbəqələri barədə kifayət qədər məlumat yoxdur.

“İlxıçı” strukturu “Umbakı” yatağından şimal-qərbdə, “Hacıvəli” yatağından şimalda, Bakıdan 60 km qərbdə yerləşir. Struktur 1951-1953-cü illərdə aparılmış qazma işləri zamanı müəyyənləşdirilib. Ərazidə bir neçə palçıq vulkanı yerləşir. Qapalı və örtüyü olan laylara quyular qazılmadığından strukturda sınaq işləri aparılmayıb.

“Nardaran-Axtarma” strukturu “Umbakı” yatağından şimalda, Bakıdan 55 km şərqdə yerləşir. Qırışıq tektonik cəhətdən azmeyilli (30-35°) və şimal və nisbətən dik (45-60°) cənub-qərb qanadları olan, qərb-şimal-qərb istiqamətində uzanan, azacıq asimmetrik antiklinal qırışıqdır. Geoloji tədqiqatlardan və kiçik dərinliyə struktur quyuların qazılmasından sonra, 1952-1954-cü illərdə 3 dərin kəşfiyyat quyusu qazılıb. Təbii neft-qaz çıxışları Nardaran-axtarma sahəsində qırılma zonalarında qeyd olunur. Bu təzahürlər palçıq vulkanlarının qrifon və təpəcikləri ilə əlaqədardır.

“Donquzduq” yatağı Bakıdan 50 km şimal-qərbdə, “Hacıvəli” yatağından 32 km şimal-şərqdə yerləşir. Struktur 1905-ci ildə “Nobel qardaşları” şirkəti tərəfindən kəşf edilib. Onların qazdıqları 5 quyudan ilkin mərhələdə gündəlik 50 ton neft alınsa da, o dövr üçün bu, az sayılıb və quyular ləğv edilib. 1954-1955-ci illərdə burada 54 dayaz quyu qazılıb. Gündəlik 35 ton neft hasilatı ilə istismara verilən 25 nömrəli quyu 1995-ci ilədək fasilələrlə sutkada 5-8 ton neft verib. “Qobustan Əməliyyat Şirkəti” tərəfindən 2012-ci ilin dekabr ayında istismara verilən 101 saylı quyu periodik olaraq zəif hasilatla işləyir.

“Şeytanud” strukturu “Umbakı”dan şimalda, nahamar ərazidə, Bakıdan 55 km şimal-qərbdə yerləşir. Struktur geoloji tədqiqatlardan sonra 1950-ci illərin əvvəllərində qazılan kiçik dərinlikli quyular əsasında müəyyənləşdirilib. 3 nömrəli kəşfiyyat quyusu 5.400 metr dərinliyə qazılıb. Sahədə struktur-axtarış qazması prosesində Maykop və Çokrak horizontlarında neft və qaz təzahürləri aşkar edilib.

“Bürgüt” strukturu Bakıdan 50 km şimal-qərbdə, A blokundan şimal-şərqdə təpəlik ərazidə yerləşir. Neftin və qazın səthə çıxdığı çoxlu sayda sahələrlə yanaşı, tağda palçıq vulkanı da mövcuddur. Burada kiçik dərinlikli bir neçə struktur quyusu qazılsa da sahədə kəşfiyyat quyuları qazılmayıb.

“Şıxzəgirli” strukturu A blokundan şimalda palçıq vulkanı olan dağlıq ərazidə, Bakıdan 55 km şimal-qərbdə yerləşir. Eosen-Miosen çöküntülərindən təşkil olunmuş, en dairəsi istiqamətində uzanmış mürəkkəb quruluşlu antiklinaldır. Struktur-axtarış qazması sahədə 1959-1960-cı illərdə aparılıb.

Ərazi 1998-ci ildən 2022-ci ilədək “Qobustan” Əməliyyat Şirkəti tərəfindən istismar edilib. 20 aprel 2022-ci il tarixindən “Azərbaycan Respublikası Cənub-Qərbi Qobustanın Şıxzəgirli, Şeytanud, Bürgüt, Donquzduq, Nardaran, İlxıçı, Qərbi Hacıvəli, Sundi, Şərqi Hacıvəli, Turağay, Kənizədağ, Qərbi Duvanni, Duvanni, Solaxay və Daşgil yataqlarının daxil olduğu üç blokun Kəşviyyatı, İşlənməsi və Hasilatın Pay Bölgüsünə dair Saziş”ə (“KİHPBS”) xitam verilərək qüvvədən düşüb.

Yataq hazırda SOCAR-ın “Azneft” İB-nin N.Nərimanov NQÇİ-nin balansındadır.