“Çilov adası” yatağı Xəzər dənizində Abşeron arxipelaqında, Pirallahı adasından 20 km cənub-şərq istiqamətində, Bakı şəhərindən 62 km məsafədə yerləşir. Yataq uzunluğu 7 km, eni isə 5 km olan eyniadlı ada ilə birləşir. “Çilov adası” sahəsinin böyüklüyünə görə Abşeron arxipelaqında yerləşən adalar içərisində ikinci yeri tutur. Ada şimal-şərqdən cənub-qərbə doğru uzanır və tədricən ensizləşən nazik uzun zolaq şəklindədir. Dənizin dərinliyi adanı əhatə edən zolaq boyu 5-10 metr intervalında dəyişir, “Neft Daşları” istiqamətində bəzi sahələrdə isə 25 metrə qədər artır. 1945-1951-ci illərdə Çilov adası sahəsində aparılmış seysmik kəşfiyyat işləri nəticəsində müəyyən edilib ki, Çilov adası qırışıqlığı şimal-qərb istiqamətində Xali, cənub-şərqə doğru isə Neft Daşları qalxımı ilə bir oxda yerləşir. 2019-cu ildə Çilov adası sahəsində geoloji quruluşun dəqiqləşdirilməsi, layların kollektor xüsusiyyətlərinin öyrənilməsi, karbohidrogenlərin yayılma arealının proqnozlaşdırılması məqsədilə 126 km2 həcmdə 3D seysmik kəşfiyyat işləri aparılıb.
Qədim adı Şahilan olan Çilov adası, burada içməli su olmaması səbəbindən, eyni zamanda torpaq qatı qeyri-məhsuldarlığı ilə seçildiyindən, əvvəllər daimi yaşayış məskəni kimi istifadə edilməyib. Tarixən Çilov-Şahilan kimi də adlandırılıb. Buranın keçmiş adlarından “Ronis” farslara, “Jiloy” deyimi isə ruslara məxsusdur. Don kazakı Stepan Razin bir müddət bu adaya yerləşərək sahil bölgələrinə quldur basqınları edib. Xəzər dənizindəki bir çox adaların adları XVII əsrdə rusların əraziyə gəlməsindən sonra dəyişdirilib. Çilov adasının da adı bu səbəbdən Şahilandan Jiloya çevrilib. “Şahilan” adının mənası – “şah” fars dilindən şax, düz uzun budaq, “lan” isə burun, dar cığır, uzun dar torpaq anlamındandır. Bu, suyun altı ilə adaya qədər olan uzun dar cığır mənasını ifadə edir. Belə ki, tarixi mənbələrə görə, nə vaxtsa, indiki Çilov adasına dənizin üstü ilə ayaqla getmək mümkün idi. Hazırda vertolyotla uçuş zamanı sualtı qayalıqları görmək mümkündür. Təcrübəli balıqçılar bu qayalıqların üzəri ilə adaya doğru gedə bilirdilər. Suyun dərinliyi 1 metrə qədər olardı. Adanın digər adı – “Ronis” isə fars dilindən “Rah nist” – “yol yoxdur” anlamını verir. Farslar adaya daxil olmaq istəyəndə bu ad meydana çıxıb.
“Çilov adası”nın geologiyasının xüsusi tədqiqinə 1927-ci ildə başlanılıb. “Çilov adası” sahəsində və onun dənizi əhatə edən hissəsində 1932-ci ildən geofiziki işlər, geoloji planalma, struktur xəritəalma və kəşfiyyat qazması işləri aparılıb. Yatağın neft-qazlılığı 1947-ci il ildə qazılan 3 saylı quyu vasitəsilə müəyyənləşdirilib.
“Çilov adası” yatağının işlənilməsinə 1951-ci ildən başlanılıb. 1947-1966-cı illərdə yataqda 52 kəşfiyyat quyusu qazılıb. Yataq üzrə maksimal hasilat 1974-cü ildə 40 quyudan 171 min ton təşkil edib.
01 yanvar 2024-cü il tarixinə kimi “Çilov adası” yatağında 134 quyu qazılıb. Hazırda yataqda 47 quyu istismar olunur. İşlənmənin əvvəlindən bu tarixədək yataqdan 5,555 milyon ton neft, 0.7 milyard m³ qaz hasil edilib. Gündəlik neft hasilatı 155 t/gün təşkil edir.
Hazırda yataq işlənilmənin sonuncu - IV mərhələsindədir. Yatağın cənub-şərq hissəsində neft-qazlılğı müəyyən etmək üçün qiymətləndirici quyunun qazılması planlaşdırılır.
“Çilov adası” yatağı SOCAR-ın “Azneft” İB-in “28 May” NQÇİ tərəfindən istismar olunur.