“Daşgil-dələniz” neft yatağı Bakı şəhərindən 60 km cənub-qərbdə, Ələt dəmiryolu stansiyasından 3-4 km şimalda, Pirsaat çayının yaxınlığında, Qobustan qəsəbəsindən isə 10 km cənubda Xəzər dənizinin sahilində yerləşir. Eyni adlı qalxımın şərq hissəsini əhatə edən yataq inzibati bölgüyə görə Bakı şəhərinin Qaradağ rayonuna aiddir.
Qobustan tektonik zonasına daxil olan “Daşgil” qırışığı braxiantiklinal quruluşludur. Uzunluğu 7,5 km, eni isə 2,5–3 km-dir. Daşgil palçıq vulkanı da qırışığın xeyli mürəkkəbləşməsinə səbəb olub. 1949-1950-ci illərdə sahədə struktur xəritəalma işləri aparılıb, 1950-ci ildə strukturda axtarış-kəşfiyyat quyularının qazılmasına başlanılıb. Quyular, əsasən, Məhsuldar Qata qazılıb. 1973-1796-cı illərdə (fasilələrlə) Məhsuldar qatın aşağısını və ondan aşağıda yatan çöküntülərin yuxarılarının tektonikasını öyrənmək məqsədilə Daşgil sahəsində ÜDN üsulu ilə seysmik kəşfiyyat işləri aparılıb. 46 №-li Daşgil quyusunda SK və ŞSP işləri 1963-cü ildə həyata keçirilib.
“Daşgil” neft yatağı 1955-ci ildən istismar olunur. Əsas hasilat 1964-1969-cu illərdə həyata keçirilib. “Daşgil-dələniz” yatağı üzrə orta gündəlik neft hasilatı 2 ton təşkil edir.
İşlənmənin əvvəlindən 01 yanvar 2024-cü il tarixədək yataqda 50 quyu qazılıb ki, bu quyulardan da 352,3 min tondan artıq neft, 35,2 milyon m³ qaz hasil olunub. Quyular, əsasən, Məhsuldar Qata qazılıb.
Yataq 1998-ci ildən 2022-ci ilədək “Qobustan” Əməliyyat Şirkəti tərəfindən istismar edilib. Lakin 20 aprel 2022-ci il tarixindən "Azərbaycan Respublikası Cənub-Qərbi Qobustanın Şıxzəgirli, Şeytanud, Bürgüt, Donquzduq, Nardaran, İlxıçı, Qərbi Hacıvəli, Sundi, Şərqi Hacıvəli, Turağay, Kənizədağ, Qərbi Duvanni, Duvanni, Solaxay və Daşgil yataqlarının daxil olduğu üç blokun Kəşfiyyatı, İşlənməsi və Hasilatın Pay Bölgüsünə dair Saziş"ə xitam verilib və Saziş qüvvədən düşüb.
Yataq hazırda SOCAR-ın “Azneft” İB-nin N.Nərimanov NQÇİ-nin balansındadır.