“Günəşli” yatağı Bakı şəhərindən 120 km şərqdə, “Neft Daşları” yatağından 12 km cənub-şərqdə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşir. “Günəşli” qırışığı “Çilov-Neft Daşları” antiklinal qırışıqlıq qurşağına daxildir. Yataqda dənizin səviyyəsi 84-300 metr aralığında dəyişir. Yatağın ölçüləri 12x4.5 km olub, şimal-qərb-cənub şərq istiqamətlərində uzanan braxiantiklinal tipli qırışıqdan ibarətdir. Yatağın geoloji kəsilişində əsas neft-qaz yığımları MQ çöküntüləri ilə əlaqədardır; kəsilişdə qalınlığı 4300 m olan çöküntülər kompleksi – Üst Miosendə başlamış müasir yaşlı çöküntülər iştirak edir.
“Günəşli” strukturu ilk dəfə 1958-1963-cü illərdə aparılan seysmik kəşfiyyat işləri nəticəsində müəyyən olunub. Günəşli sahəsində dərin axtarış qazması 1977-ci ildə 1 saylı quyunun strukturun CQ periklinal hissəsində qazılması ilə başlanıb. 1979-cu ildə qazılmış 4 nömrəli quyu 3455-3423 metr dərinlik intervalından fontan üsulu ilə sutkalıq 230 ton neft verib.
Bundan sonra aparılan axtarış-kəşfiyyat işləri nəticəsində “Günəşli” yatağının neft-qaz-kondensat, eləcə də qaz-kondensatlı olması müəyyən edilib.
Yataq 1979-cu ildə açılsa da, onun sənaye əhəmiyyətli işlənilməsinə 1985-ci ildən başlanılıb. 1983-cü ildə qazma işləri intensivləşdirilib və 2 stasionar platformadan aparılıb (1 və 2 nömrəli dərin dəniz özülləri), 1985-1990-cı illərdə daha 12 platforma tikilib istismara verilib. Yataqda, ümumilikdə, 15 dərin dəniz özülü fəaliyyət göstərir. Hasil olunan məhsul – neft və qaz sualtı boru xətləri ilə “Neft Daşları”ndakı yığım nəql məntəqələrinə, oradan isə Dübəndi terminalına ötürülür.
“Azneft” İB üzrə hasilatın 60%-dən çoxunu təşkil edən “Günəşli” yatağından çıxarılan neft həm də ən yüksək keyfiyyətə malik olması ilə seçilir. Burada çıxarılan neft tərkibinə və özlülüyünə (mayenin axma sürəti) görə dünya bazarlarında Azərbaycan brendi olan “Azeri Light” markasına tam uyğundur. “Günəşli” neftinin qurudakı yataqlardan hasil olunan neftlərlə fərqi onun yüngüllüyündədir (quru yataqlarında çıxan neftin sıxlığı 0.88-0.90 q/sm3, “Günəşli” neftinin sıxlığı isə 0.85-0.86 q/sm3-dir). “Günəşli” neftlərinin tərkibində asfalten, qətran və parafinin miqdarı azdır. Şəffaf məhsulların (benzin, kerosin, liqroin, dizel yanacağı və s.) miqdarı 50% təşkil edir. Dinamik özlülük 14-20 sSt (santi stoks) arasında dəyişir. Quru yataqlarında hasil olunan neftlərdə bu göstərici yuxarıdır.
Yataqdakı quyuların uzun müddət istismarda olması, lay enerjisinin tükənməsi, layların sulaşması kimi təbii səbəblər yataq üzrə neft hasilatının azalmasına təsir göstərir. 1991-ci ildə 1 quyu üzrə orta gündəlik neft hasilatı 161 ton olduğu halda, 2023-cü ildə bu göstərici 36.9 tona düşüb. Hasilatın intensivləşdirilməsi üçün süni təsir üsullarının tətbiqi istiqamətində işlər aparılır.
1986-cı ildən başlayaraq, yataqda lay təzyiqini sabit saxlamaq üçün suvurma üsulu tətbiq olunur. 01 yanvar 2024-cü il tarixinə qədər laylara 49714,5 min m³ su vurulub, nəticədə 7,848 milyon ton əlavə neft hasil edilib. “Neftqazelmitədqiqatlayihə” İnstitutunun araşdırmalarından sonra, digər dəniz yataqları ilə yanaşı, “Günəşli”də də suvurmanın təkmilləşdirilərək genişləndirilməsi nəzərdə tutulur.
01 yanvar 2024-cü il tarixinə olan məlumata görə, “Günəşli” yatağında, ümumilikdə, 371 quyu qazılıb ki, onlardan 277 quyu istismardadır. İşlənmənin əvvəlindən bu quyulardan 205 milyon ton neft (kondensatla birlikdə), 131.6 milyard m3-dən çox qaz hasil olunub. Qeyd edək ki, “Günəşli” yatağında maksimum hasilat 1991-ci ilə təsadüf edib. Həmin il 114 işlək quyudan 6,7 milyon ton neft çıxarılıb. Maksimal qaz hasilatı isə 2008-ci ildə 6,6 milyard m³ olub. Hazırda yataq işlənmənin III mərhələsindədir.
“Günəşli” yatağı SOCAR-ın “Azneft” İB-in 28 May adına NQÇİ tərəfindən istismar olunur.