“Gürgan-dəniz” yatağı Xəzər dənizinin dayazsulu hissəsində, Abşeron arxipelaqının qərbində, Pirallahı adasının cənubunda yerləşir. Bu sahədə dənizin dərinliyi 0.5-2 metr təşkil edir, bəzi sahələrdə 8 metrə çatır. Yataq tektonik cəhətdən çox mürəkkəbdir, üstəgəlmə tiplidir. Uzunluğu 10 km, eni isə 3.6 km-dir. (QA 2200m izohipsinə görə eni 1.5 km-dir).
“Gürgan-dəniz” yatağı tektonik cəhətdən “Pirallahı adası” yatağının cənub qırışığının cənub-şərq enmə zonasına aid olub, ondan yəhərlərlə ayrılır. İlk kəşfiyyat işlərinə 1932-ci ildə başlanılsa da, 1934-cü ilədək nəticələr aydın olmadığından yatağın quruluşu dəqiq öyrənilməyib. 1937-ci ildə burada 80-dən çox axtarış quyusu qazılaraq, yatağın strukturu haqqında ilkin məlumatlar əldə edilib. Yatağın neft ehtiyatları ilk dəfə 1942-ci ildə hesablanıb. 2019-cu ildə Gürgan-dəniz sahəsində geoloji quruluşun dəqiqləşdirilməsi, layların kollektor xüsusiyyətlərinin öyrənilməsi, karbohidrogenlərin yayılma arealının proqnozlaşdırılması məqsədilə 136.6 km2 həcmdə 3D seysmik kəşfiyyat işləri aparılıb. 3D seysmik işlərin məlumatlarının təhlili nəticəsində Gürgan-dəniz strukturunun geoloji quruluşu dəqiqləşdirilib (uzunluğu - 17 km) və qalxımın Pirallahı strukturunun uzaq Cənub-Şərq qanadı periklinalı olması bir daha təsdiqlənib.
“Gürgan-dəniz” yatağı 1947-ci ildə 7 saylı quyudan sənaye əhəmiyyətli neft alındıqdan sonra işlənməyə cəlb edilib və sutkalıq 10 ton neft verib. İlk sənaye əhəmiyyətli neft alındıqdan sonra məhsuldar qatın horizontlarında neft laylarının axtarışı intensiv aparılıb və müsbət nəticələr alınıb. Bu da, öz növbəsində, yüksək templə yeni quyuların qazılmasına, yüksək hasilatla istismara daxil edilməsinə və nəticədə illik neft hasilatının artmasına böyük təsir göstərib. Belə ki, əgər 1947-ci ildə 1 quyunun istismarı ilə 2 min ton neft hasil edilibsə, 1949-cu ildə 7 quyudan 177 min ton, 1950-ci ildə 37 quyudan 493 min ton neft çıxarılıb. 1952-ci ildə yataq üzrə hasilat ən yüksək həddə - 923,1 min tona çatıb.
Yatağın nefti yüksək qətranlı, az parafinli olmaqla yanaşı, tərkibində çox oktanlı abenzin, liqroin və ağ neft var, kükürd isə yoxdur. Qazı qurudur - səmt qazının tərkibində metanın miqdarı 92%-ə çatır. “Gürgan-dəniz” yatağının istismar müddətində, buradan 7,3 milyon tondan çox neft və təxminən, 600 milyon m³ qaz alınıb. Hidrotexniki qurğuların son dərəcə qəzalı olması səbəbindən 1987-ci ildə yatağın istismarı dayandırılsa da, 2002-ci ildə 6 quyunun qazılması üçün yeni özül tikilib. Həmin özüldən qazılmış 211 nömrəli quyu istismara sutkalıq 25 ton neft, 207 nömrəli quyu isə 40 ton neft hasilatı ilə verilib.
01 yanvar 2024-cü il tarixinə yataqda, ümumilikdə, 180 quyu qazılıb ki, bunlardan da 2 quyu müşahidə, 4 quyu konservasiya, 174 quyu ləğv edilmiş fonddadır. Hidrotexniki qurğuları qəzalı olması səbəbindən 210 saylı yeni özüldən qazılmış 4 quyunun 2018-ci ilin aprel ayından konservasiya edilməsi ilə yatağın istismarı tamamilə dayandırılıb. Geoloqlar gələcəkdə yatağın ehtiyatlarının yenidən hesablanmasını, lazım gələrsə yeni quyuların qazılmasını məqsədəuyğun hesab edirlər.
“Gürgan-dəniz” yatağı SOCAR “Azneft” İB-in “Abşeronneft” NQÇİ-nin balansındadır.