“Həzi Aslanov” sahəsi Bakı şəhərindən 80-85 km şimal-şərqdə, Çilov adasından 8-12 km cənub-şərqdə yerləşir. “Abşeron-Balxanyanı” qalxımlar zonasına aid olan “Həzi Aslanov” yatağının şimal-qərbində “Çilov adası”, cənub-şərqində isə “Palçıq Pilpiləsi” yatağı yerləşir.
“Həzi Aslanov” sahəsi tektonik cəhətdən qırılmalarla mürəkkəbləşmiş antiklinal qırışıqdır və qırışığın olduğu yerlərdə dənizin dərinliyi 30-40 metrdir. Qırışığın uzunluğu 4 km, eni isə 3 km-dir. Sahənin şimal-şərq qanadı cənub-qərb qanadına nisbətən qalxmış vəziyyətdədir. Qalxma amplitudası 300 metrə qədərdir. Düşmə bucağı qalxımın mərkəzi hissəsində cənub qanadda 15⁰, şimalda isə 23⁰-dir. Eninə kəsilişdə qırışıq bir qədər asimmetrikdir. “Həzi Aslanov” qalxımı 1965-ci ildə seysmik kəşfiyyat işlərinin əks olunan dalğalar üsulu ilə aşkar olunub. Bundan sonra qalxımın struktur xəritəsi tərtib edilib və dərin axtarış qazmasına hazırlanıb. 2003-2004-cü illərdə Xali-Həzi Aslanov sahəsini tədqiq etmək üçün seysmik və qravimetrik dəniz işləri yerinə yetirilib.
1969-cu ildə “Həzi Aslanov” sahəsində 2 quyu ilə dərin axtarış qazmasına başlanılıb və qazma işləri zamanı neft alınıb.
Sahənin istismarına 1972-ci ildən başlanılıb və ötən dövr ərzində 9 quyu qazılıb. Bunlardan 3-ü kəşfiyyat, 6-sı isə istismar quyusudur. Sonralar bu quyulardan 7-si ləğv olunub. 1 nömrəli özüldəki 1 və 9 saylı hasilat quyuları isə fəaliyyət göstərmir və ləğvi gözlənilən quyu fondundadır. İşlənmə dövrü ərzində yataqdan 75,5 min ton neft, 7,7 min m³ səmt qazı hasil olunub.
“Həzi Aslanov” sahəsi SOCAR-ın “Azneft” İB-in 28 May adına NQÇİ-nin balansındadır, lakin fəaliyyət göstərmir.