“Kürovdağ” neft yatağı Şirvan şəhərinin yaxınlığında, Bakıdan 120 km cənub-qərbdə, Aşağı Kür çökəkliyində yerləşir, Kür çayının sol sahili boyunca şimal-qərb, cənub-qərb istiqamətlərinə doğru uzanır. “Padar-Kürovdağ-Qarabağlı-Babazənən-Duzdağ-Neftçala” antiklinal zonasına daxil olan yataq şimaldan Kiçik Hərami yüksəkliyi, şimal-şərqdə “Mişovdağ” qırışığı, cənub-şərqdə “Kürsəngi” antiklinalı, cənub-qərbdə isə Salyan çökəkliyi ilə həmsərhəddir. Yatağın uzunluğu 22 km, eni 5 km-dir, strukturu şimalda Pirqarin (hündürlüyü 152 metr), mərkəzi hissədə isə Göytəpə (hündürlüyü 127 metr) palçıq vulkanlarının mövcudluğu ilə mürəkkəbləşib.
“Kürovdağ” yatağının neftli-qazlılığı hələ kəşfiyyat quyuları qazılanadək palçıq vulkanları vasitəsilə özünü büruzə verib. Sahənin geoloji tədqiqinə XX əsrin əvvəllərində başlanıb, kəşfiyyat işləri müxtəlif dövrlərdə (1913, 1938, 1941, 1954, 1955-ci illərdə) aparılıb. İlk dəfə yatağın sənaye əhəmiyyətli məhsuldarlığı 1955-ci ildə 2 saylı kəşfiyyat quyusundan sutkalıq 31 ton neft alınması ilə müəyyən olunub. Yataqda ən məhsuldar quyu istismarı boyunca 370 min ton neft verib. 2003-2005-ci illərdə “Kürovdağ” yatağının resurslarına yeni üsullarla baxılması qərara alınıb və Rusiyanın “PetroAlliance Services Company Limited” şirkəti tərəfindən ərazidə üçölçülü seysmik tədqiqat işləri aparılıb. 2010-cu ildən başlayaraq yatağın cənub hissəsində yeni quyuların qazılmasına başlanılıb. İşlənmənin əvvəlindən 01 yanvar 2024-cü il tarixinə qədər “Kürovdağ” yatağında 1247 quyu qazılıb, 562 quyu ləğv olunub, 248 neft quyusu fəaliyyətdədir. Yataq üzrə maksimal neft hasilatı 2 milyon 254 min ton göstərici ilə 1966-cı ildə qeydə alınıb. İşlənmənin əvvəlindən 01 yanvar 2024-cü il tarixinədək yataqdan 41 milyon 4 min ton neft, 5 milyard 740 milyon m³ qaz hasil olunub. İstismar quyularından sutkada 390 ton neft, 138.5 min m³ qaz hasil olunur.
Yatağın işlənilməsini “Shirvan Operating Company” həyata keçirir. “Shirvan Operating Company” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR), “Global Energy Azerbaijan Limited” (GEA) və SOCAR-ın “Ortaq Neft Şirkəti” (ONŞ) arasında bağlanmış 03 fevral 2009-cu il tarixli “Azərbaycan Respublikasında Kürovdağ neft yatağının daxil olduğu Blokun Bərpası, Kəşfiyyatı, İşlənməsi və Hasilatın Pay Bölgüsü haqqında Saziş”ə uyğun olaraq operator qismində fəaliyyət göstərir. Saziş 05 oktyabr 2009-cu il tarixdən qüvvədədir. Müqavilə ərazisinin ümumi sahəsi 115 km²-dir.