“Mişovdağ” neft yatağı Küryanı neftli-qazlı vilayətin şimal-şərqində, “Kürovdağ”, “Kürsəngi”, “Qalmaz” yataqlarının arasında, Şirvan şəhərinin yaxınlığında, Bakı şəhərindən 80 km, Hacıqabul dəmir yolu stansiyasından 5-6 km cənub-qərbdə yerləşir. Yatağın yaxınlığından Bakı-Şirvan-Lənkəran dəmir yolu keçir. Yatağın relyefi yüksək olmayan təpələr, çoxsaylı yarğanlar, dərələr və palçıq vulkanlarından ibarətdir. Qırışıq müxtəlif istiqamətlərdən keçən çoxlu sayda pozğunluqlarla 25-ə qədər tektonik bloka bölünüb, palçıq vulkanları ilə mürəkkəbləşib. Relyefin yüksək nöqtəsi dəniz səviyyəsindən 297 metr hündürlükdə olan Böyük Mişovdağ palçıq vulkanının yerləşdiyi sahədədir.
“Kəlaməddin-Bəndovan” antiklinal zonasına daxil olan “Mişovdağ” yatağının geoloji quruluşunun öyrənilməsinə ilk dəfə 1930-cu ildə başlanıb. 1954-1956-cı illərdə bu məqsədlə sahədə 100-dən artıq struktur-axtarış quyusu qazılıb. Yataqda qazılan 1 nömrəli kəşfiyyat quyusu 1956-cı ildə sutkalıq 30 ton neft hasilatı ilə istismara verilib. Bundan sonra ərazidə axtarış işləri genişləndirilib, məhsuldar qatın horizontlarının neftli-qazlılığı öyrənilib. “Mişovdağ” yatağının geoloji quruluşunda müasir çöküntülərdən başlayaraq məhsuldar qat çöküntülərinin dabanına kimi iştirak edən bütün stratiqrafik vahidlər müəyyən edilib. Müasir çöküntülər yatağın bütün şimal-şərq qanadını əhatə edir və qalınlığı 30-180 metr arasındadır. Qalınlığı bəzən 150 metrə çatan qədim Xəzər çöküntüləri sahənin cənub-qərb və mərkəzi hissəsində yayılıb. Strukturun şimal-qərb periklinalında qazılan 63 saylı quyu 4133 metrlik göstəricisi ilə yataqdakı ən dərin quyu hesab olunur. “Mişovdağ” yatağında 2017-ci ildə qazılan 1049 saylı quyu vasitəsilə aparılmış axtarış-kəşfiyyat qazması nəticəsində daban hissədə qalınlığı 13 metr olan qum təbəqəsi aşkar edilib. Sonralar bu obyektin neft-qaz yığımına malik olması digər quyuların sınaq məlumatlarına əsasən təsdiq edilib.
01 yanvar 2024-cü il tarixinə olan məlumata görə, “Mişovdağ” yatağında cəmi 844 quyu qazılıb ki, bunların da 69-u kəşfiyyat quyusudur. İşlənmənin əvvəlindən yataqdan 1,9 milyard m³ qaz, 21 milyon tona yaxın neft çıxarılıb. Yataqda maksimal neft hasilatı 1 milyon 235 min ton göstəricisi ilə 1963-cü ildə qeydə alınıb. İstismar quyu fondundakı 186 quyudan 123-ü fəaliyyətdədir. Bu quyulardan sutkada 215 ton neft, 20.1 min m³ qaz hasil olunur.
“Mişovdağ” yatağının işlənilməsi “Karasu Operating Company” tərəfindən həyata keçirilir. Şirkət Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR), “Karasu Development Company” və SOCAR-ın “Ortaq Neft Şirkəti” (ONŞ) arasında bağlanmış 30 avqust 2000-ci il tarixli “Azərbaycan Respublikasında Mişovdağ və Kəlaməddin neft yataqlarının daxil olduğu Blokun Bərpası, Kəşfiyyatı, İşlənməsi və Hasilatın Pay Bölgüsü haqqında Saziş”ə uyğun olaraq operator qismində fəaliyyət göstərir. Saziş 12 sentyabr 2000-ci il tarixdən qüvvədədir.