“Naftalan” yаtаğı Gəncə neftli-qazlı vilayətinin Yevlax-Ağcabədi çökəkliyində, Naftalan şəhəri ərazisində, Goran dəmir yolu stansiyasından 16 km cənubda yerləşir.
Üst Təbaşir çöküntülərinə görə “Naftalan” strukturu meridionala yaxın istiqamətdə uzanmış antiklinaldır. Strukturun uzanma istiqaməti şimalda meridional olmaqla, cənuba doğru bir qədər Cənub Şərqə meyl edir. Şimal periklinalı yəhər vasitəsilə “Gödəkboz” strukturundan ayrılıb. Şərq qanadı davamiyyətli olub, tədricən monoklinala keçir. Strukturun ölçüləri 3050 m izohips üzrə 14,5×5,5 km olub, tektonik baxımdan asimmetrik braxiantiklinal qırışıqdır. Paralel qırılmalar bir-birindən 400-700 m məsafədə izlənilir. Qırılmanın amplitudası cənubda 800-850 m-dən şimala doğru 1500-1550 m-ə qədər artır.
1888-ci ildən neft sənayesinin milliləşdirilməsinə qədərki dövrdə quyuların istismarı haqqında məlumatlar ümumiyyətlə mövcud deyil. Neftin yer səthinə təbii çıxışlarından onun müalicəvi olması hələ XIII əsrdə yerli əhalinin diqqətini cəlb edib. Burada 1868-ci ildə neft sənayeçisi, alman mühəndisi İ.Yeger quyu qazıb və “Naftalan” neftinin hasilatını təşkil edib. Neftin müalicəvi xüsusiyyətlərini tədqiq etdikdən sonra o, “Naftalan” tibbi məlhəm zavodu açıb. Qərb ölkələrinə daşınan xam neft və zavodun məhsulları qısa zamanda Avropada məşhurlaşıb. XIX əsrin sonlarından etibarən “Naftalan” yağı əsasında hazırlanan məlhəmlər patentləşdirilib, alman məhsulları kimi Rusiyaya da idxal olunmağa başlayıb. Akademik Y.Məmmədəliyev unikal “Naftalan” neftinin müalicəvi xüsusiyyətlərini tərkibindəki naften karbohidrogenləri ilə izah edib.
1929-cu ildə “Naftalan” sahəsində mədənin və baxımsız qalmış neft quyularının bərpasına başlanılıb. Naftalanda kurort-müalicə sahəsinin inkişafı nəzərə alınaraq, o dövrdə yer təkinin geoloji tədqiqi, müalicəvi neftli horizontların konturlarının müəyyənləşdirilməsi və daha dərin yatan neft və qaz horizontlarının axtarışı məqsədilə kəşfiyyat və struktur-axtarış qazmasına başlanılıb. 1930-1935-ci illərdə müxtəlif geoloji məsələləri aydınlaşdırmaq məqsədi ilə burada dərinliyi 500-600 m olan 21 quyu qazılıb.
Sahənin geoloji quruluşu geofiziki üsullarla, struktur-xəritəalma, kəşfiyyat və dərin qazıma məlumatları əsasında öyrənilib. 2008-ci ilə qədər yataqda 140 quyu qazılıb. Bunlardan 17 quyu neftli-qazlı horizontlara qazılıb. Sahədən 3M saylı “Gödəkboz” quyusu 1977-1980-ci illərdə, “Şimali Naftalan-2M” quyusu isə 2000-2004-cü illərdə qazılıb. Ümumi qravimetrik planaalma işləri 1947-1949-cu illərdə, daha sıx şəbəkə işlər 1974 və 1976-cı illərdə aparılıb. Alınmış nəticələrin ümumiləşdirilməsi isə 1961 və 1974-cü illərdə yerinə yetirilib. Elektrik kəşfiyyatı - müxtəlif illərdə, Üst Təbaşir çöküntülərinin tektonikasını öyrənmək məqsədilə MTZ və MTP işləri isə 1984 və 1988-ci illərdə aparılıb. Seysmik kəşfiyyat işləri 1945-1949, 1959 və 1966-1968, 1977-1978 və 1987-1992-ci illərdə aparılıb. 2010-cu ildə sahədə seysmik kəşfiyyat işləri və qravimetrik müşahidələr yerinə yetirilib. 2013-cü ildə “Naftalan-Şimali Naftalan” sahəsində aparılmış üçölçülü (3D) seysmik kəşfiyyat materiallarının dəyərləndirilməsi nəticəsində Üst Təbaşirin yuxarıları, Orta Eosen, təqribən Maykopun VI horizontlarını əks etdirən SH-lar üzrə struktur xəritələr tərtib olunub. 2022-ci ildə “Naftalan-Şimali Naftalan” sahəsində aparılmış üçölçülü (3D) seysmik işlərin məlumatlarının yenidən emal və dəyərləndirilməsi nəticəsində “Naftalan” və “Şimali Naftalan” strukturları böyük ölçülü, əsasən strukturun uzanma istiqamətində olan qırılmalarla mürəkkəbləşmiş vahid antiklinal olmaqla, geoloji quruluşu dəqiqləşdirilib.
“Naftalan” yatağında, Maykop çöküntülərində, bir neçə neftli horizont aşkar edilib. Yuxarıda yerləşən üç horizontdan (I, mergel, II) müalicə əhəmiyyətli ağır neft, aşağı horizontlardan (III, IV, V və VI) isə nisbətən yüngül neft alınıb. İlkin hasilatları 40-60 t/gün olsa da, tez bir zamanda hasilat 5-3 tona qədər azalıb.
Ümumilikdə, yataqda 27 dərin kəşfiyyat, 4 qiymətləndirici quyu qazılıb. Bu işlərin nəticəsində, 1942-ci ildə müalicəvi neftli horizontlardan aşağı kəsilişdə yanacaq neftli horizontlar aşkar edilib.
Yanacaq neftinin hasilatına 1942-ci ildən başlanıb. Lakin az debitli olması səbəbindən sənaye işlənməsi geniş təşəkkül tapmayıb. 1962-ci ilin sonunda “Azneft”in əmri əsasında bu tipli neftin hasilatı dayandırılıb. Məqsəd-müalicə neftinin xassələrini saxlamaqla bərabər, kurort zonasını genişləndirmək idi. Müalicəvi neftin rəngi qaraya çalır, parafinsizdir, əsasən yağlardan, kerosindən və liqroindən (neftin ilkin emalı məhsulu) ibarət olmaqla yüksək molekulyar çəkiyə (370-391) malikdir və aktiv neftlər sırasına daxildir. Yanacaq nefti isə az molekulyar çəkisi (299) ilə fərqlənir.
Yataqda Mezozoy çöküntülərinin perspektivliyini öyrənmək məqsədilə 2024-ci ildə axtarış quyusunun qazılması planlaşdırılır. Qazılmış quyunun nəticəsi müsbət olduğu halda yataq üzrə qalıq çıxarıla bilən ehtiyatların miqdarı artacaq. Bu təqdirdə gələcəkdə bir neçə quyunun qazılması planlaşdırıla bilər.
“Naftalan” yatağının sənaye əhəmiyyətli işlənilməsinə 1950-ci ildən başlanılıb, hasilat məlumatlarının qeydiyyatı da məhz həmin ildən aparılıb. 01 yanvar 2024-cü il tarixinə kimi yataqda 94 quyu qazılaraq, ümumilikdə, 75.3 min ton neft hasil edilib. Bunun 56.3 min tonu müalicəvi, 19 min tonu isə yanacaq neftinə aiddir. Hazırda 18 quyu fəaliyyətdədir. Hasil olunan neft həmin ərazidə fəaliyyət göstərən müalicə mərkəzlərinə satılır. Yanacaq nefti çıxarılmasa da, “Naftalan” yatağında istismar əməliyyatları SOCAR-ın “Azneft” İB-in Ə.Əmirov adına NQÇİ tərəfindən həyata keçirilir.