Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

Pirallahı adası


“Pirallahı adası” yatağı Abşeron yarımadasının şərqində, Bakı şəhərinin mərkəzindən 60 km məsafədə yerləşən eyniadlı adada yerləşir. Adanın eni şimal hissədə 4,5 km-dir, cənuba getdikcə azalaraq 1,5 km-ə çatır. Adanın ümumi uzunluğu isə 10-12 km-dir. Yataq iki – şimal və cənub qalxımlardan ibarətdir. Hər iki qırışıq braxiantiklinal quruluşa malikdir.

“Pirallahı adası”nın yeraltı sərvətləri haqqında ilk geoloji məlumatı 1861-ci ildə akademik Q.Abix verib. Qazma işlərinin daha əvvəlki dövrdə aparılması ehtimal olunsa da adada ilk neft istismar quyusu 1870-ci ilə təsadüf edir və 132 metr dərinlikdə olan quyudan neft çıxarılıb. Yataqda ilk axtarış-kəşfiyyat işlərinə “Nobel qardaşları” şirkəti tərəfindən 1897-ci ildə başlanıb və bir neçə qazma dəzgahı ilə kəşfiyyat quyularının qazılmasına start verib. Sənaye əhəmiyyətli ilk neft 1902-ci ilin dekabr ayında 44 saylı quyudan QD3 horizontundan gündəlik hasilatı 3.2 ton olan neft alınıb. Həmin il "Pirallahı adası” yatağının işlənməsinin başlanğıcı sayılır.

1928-1929-cu illərdə neft yatağının adanın şimal hissəsində formalaşdığı və sahildən dənizə doğru 3-4 km məsafədə uzandığı müəyyən olunub. Bununla da, adada, 10-cu mədənin bazasında, “Bibiheybət” qrupu sistemində “Pirallahı” mədəni yaradılıb.

“Pirallahı adası” yatağında müxtəlif illərdə 1957, 1962, 1966, 1970 və 2023-cü illərdə seysmik kəşfiyyat işləri aparılıb.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Pirallahi adasının adı dəyişdirilərək Artyom adası qoyulur. Bununla əlaqədar neft yatağı da “Artyom adası” kimi qeyd edilir. 1935-ci ildə “Artyom adası” yatağında neft hasilatı, dünya təcrübəsində ilk dəfə olaraq, dənizə addımlayıb və o vaxtdan başlayaraq, adadan şimala doğru böyük bir sahədə qazma işləri başlayıb. Neftçilər arasında “birinci quyu” adlandırılan ilk quyu öz varlığı ilə neft tariximizin mühüm nailiyyətini - dünyada ilk dəniz quyusunun məhz Azərbaycanda qazıldığını təsdiqləyir. 1940-cı ildə dəniz süni şəkildə qurudularaq dar zolaq şəklində “Damba” tikilib və ada Abşeron yarımadası ilə birləşdirilib. “Pirallahı adası” yatağında axtarış-kəşfiyyat quyularının qazılması 1961-ci ilə qədər davam etmişdir. Bu vaxt ərzində 79 ədəd quyu qazılıb ki, bunlardan 49-dan neft alınıb, 8-i texniki, 11-i isə geoloji səbəbdən ləğv edilib.

Sahildən 520 metr aralıda, polad dirəklər üzərində 1935-ci ildə qazılmış 157 saylı quyu bu gün də işləyir.

1936-cı ildə adada “Artyomneft” neft mədənləri idarəsi yaradılıb və 1952-ci ildə NQÇİ-nin neft hasilatı rekord səviyyəyə - 1,5 milyon tona çatıb. 1991-ci ildə Azərbaycan müstəqillik qazanandan sonra adanın və yatağın da adı bərpa edilib. Dünya dənizdə neftçıxarma sənayesi tarixində mühüm yer tutan "Pirallahı adası” yatağı bir əsrdən çoxdur ki, istismar olunur.

01 yanvar 2024-cü il tarixinə kimi yataqda, ümumilikdə, 1214 quyu qazılaraq 29359.4 min ton neft, 2.5 mln m³ həll olmuş qaz hasil olunub və laylara 19841 min m³ su vurulub. 01 yanvar 2024-cü il tarixinə yatağın istismar fonduna 287 quyu daxildir. Bunlardan 253 quyu fəaliyyətdə, 31/3 quyu isə fəaliyyətsiz fonddadır. Yataq işlənmənin sonuncu - IV mərhələsindədir.

“Pirallahı adası” yatağı SOCAR-ın “Azneft” İB-in “Abşeronneft” NQÇİ tərəfindən istismar olunur.