Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

Qalmaz


“Qalmaz” neft və qaz yatağı Bakı şəhərindən 75 km cənub-qərbdə, Ələt dəmir yol stansiyasından 16-18 km qərbdə, Aşağı Kür çökəkliyinin şimal-şərqində yerləşir, şimal-qərbdən “Mişovdağ”, cənubda “Kürsəngi”, şərqdə “Pirsaat” yataqları ilə əhatə olunub. Sahəsi 975 ha olan yataq inzibati cəhətdən Hacıqabul rayonu ərazisindədir.

“Qalmaz” yatağı şimal-qərbdən cənub-şərqə doğru uzanan braxiantiklinal formaya malik olan strukturdur. Qalmaz qırışıqlığı “Kəlaməddin-Bəndovan” antiklinal zonasının mərkəzində yerləşir və struktur tektonik qırılmalarla bir-biri ilə əlaqəsi olmayan bloklara bölünür. Qalmaz qırışıqlığının uzunluğu təsvir edilmiş sərhədlər daxilində təxminən 10 km, maksimal eni isə 4-5 km təşkil edir. Ümumiyyətlə, düzənlikdən ibarət olan bu sahənin mərkəzində mütləq hündürlüyü 195 metr olan Qalmaz palçıq vulkanı yerləşir. Qırışığın tağ hissəsində yerləşən palçıq vulkanı şimal-şərq qanadı kəsən pozulma ilə əlaqədardır. Həmin pozulmanın istiqamətinə uyğun eyni bir xətt üzərində düzülmüş qrifonlar aktiv surətdə neft və qaz ixrac edir.

Yataq litoloji cəhətdən gilli və qumlu alevrit süxurların növbələşməsindən təşkil olunub. Məhsuldar qatın açılmış qalınlığı 3015 metrə çatır.

Aşağı Kür neftli-qazlı vilayətinin geoloji öyrənilməsi Qafqazın məşhur tədqiqatçısı V.Q,Abixin adı ilə bağlıdır – o, 1859-cu ildə Qalmaz, Neftçala, Kürovdağ və digər sahələrdə geoloji işlər aparıb. 1913-cü ildən başlayaraq Qalmaz sahəsinin quruluşu geoloji-geofiziki üsullarla öyrənilib. 1930-cu ildə geoloq A.A.İlin Qalmaz palçıq vulkanının brekçiyası ilə örtülmüş sahənin tektonik cəhətdən antiklinal qırışığa mənsub olduğunu qeyd edib. Müxtəlif illər ərzində sahədə geofiziki kəşfiyyatın bütün üsulları tətbiq olunub. Qalmaz sahəsində 2008-2009-cu illərdə Abşeron, Ağcagil və Məhsuldar qat çöküntüləri üzrə neftli-qazlı tələlərin geoloji quruluşunun dəqiqləşdirilməsi və perspektivli sahələrin proqnozu məqsədilə ÜDN üsulu ilə 3D seysmik kəşfiyyat işləri aparılıb Yataq 1955-ci ildə qazılan 87 saylı quyu ilə açılıb.

Quyu sutkada 30 min m³ qaz hasilatı ilə istismara daxil edilib. 1956-1958-ci illərdə “Qalmaz” yatağının cənub-qərb və şimal-şərq qanadlarında qazılmış bir sıra kəşfiyyat quyuları yatağın neftlilik-qazlılıq perspektivliyinə malik olduğunu sübut edib. Yatağın sənaye əhəmiyyətli istismarına isə 1958-ci ildən başlanılıb. İstismar dövründə yataqda 267 quyu qazılıb və 01 yanvar 2024-cü il tarixinədək 273.3 min ton neft, 4,064 milyard m³ qaz hasil edilib. 01 yanvar 2024-cü il tarixə olan məlumata görə, yataqda 7 qaz quyusunun istismarı davam etdirilir və bu quyuların orta gündəlik hasilatı 80 min m³-dir.

“Qalmaz” yatağı SOCAR-ın “Azneft” İB-in Ə.Əmirov adına NQÇİ tərəfindən istismar olunur. Yatağın bir hissəsi “Azneft” İB-nin Qaz Anbarlarının İstismarı İdarəsinin tərkibində yeraltı qaz anbarı kimi istifadədədir.

Yeraltı qaz anbarı

“Qalmaz” yatağının bu gün yeraltı qaz anbarı kimi istifadə olunan hissəsi 1958-1974-cü illərdə hasilat fondu kimi istismar edilib. Bu müddətdə yataqda qazılan quyulardan 3,5 milyard m³ qaz, 97 min ton neft hasil edilib. 1974-cü ildə yatağın ehtiyatları tükəndiyi üçün I tektonik blokun ərazisində yeraltı qaz anbarının yaradılması qərara alınıb. Belə ki, 1975-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə yatağın şimal-qərb hissəsi “Azəriqaznəqliyyat” İB-in (hazırda SOCAR-ın Qaz İxrac İdarəsi) tabeliyinə verilib. “Qaradağneft” NQÇİ-nin (indiki Ə.Əmirov adına NQÇİ) balansındakı 9 qaz və 10 neft quyusu yeraltı qaz anbarları üçün “Azəriqaznəql” İB-in balansına verilərək burada qaz anbarı yaradılıb. 1976-cı ildən Qalmaz Yeraltı Qaz Anbarının dövrü istismarına başlanılıb. 01 yanvar 2024-cü il tarixə olan məlumata görə, “Qalmaz” yatağında yeraltı qaz anbarları üçün istismar quyu fonduna 104 quyu daxildir ki, bunun 101-ü işlək, 3-ü fəaliyyətsiz quyu fondundadır.

Ölkə əhalisinin “mavi yanacaq”la təminatının daha da yaxşılaşdırılmasında Qalmaz Yeraltı Qaz Anbarının (YQA) rolu böyükdür. Anbarın aktiv tutumunun genişləndirilməsi, yeni texnika və texnologiyanın tətbiq edilməsi SOCAR-ın qarşısına qoyduğu başlıca prioritet vəzifələrdəndir. Bu məqsədlə mühüm tədbirlər – yeni quyuların qazılması, yerüstü avadanlıqların, qaz təsərrüfatının yenidən qurulması, mövcud infrastrukturun təkmilləşdirilməsi kimi işlər həyata keçirilir. Quyuların sayının məhdudluğu, kompressor və nəql xətlərinin istismara yararsız olması yataqdan maksimum istifadə edilməsinə imkan vermirdi. SOCAR-ın tərkibinə verildikdən sonra aparılan kompleks yenidənqurma və tikinti işləri nəticəsində “Qalmaz” YQA-na vurulan qazın həcmi 2 dəfədən çoc artırılaraq sutkalıq 4 milyon m³-dən 8,5 milyon m³-ə çatdırılıb. Ötən müddət ərzində istismar olunan Kompressor Stansiyası, Qazpaylama Məntəqəsi, əsas avadanlıq və quyu xətlərinin korroziyaya uğraması nəzərə alınaraq, burada yenidənqurma və inşaat işləri aparılıb. Mövcud Kompressor Stansiyasında istismar olunan kompressorların sayı artırılaraq 18-ə çatdırılıb. Stansiya yeni köməkçi avadanlıqlarla komplektləşdirilib və ikipilləli rejimə keçirilib, anbarın Qazpaylama Məntəqəsi yeni layihə əsasında inşa olunub. 2019-cu ildə istifadəyə verilən yeni 3 saylı Kompressor stansiyası isə Qalmaz YQA-nın sutkalıq məhsuldarlığını 30% və ya 13 milyon m³-dək artırıb və anbarın aktiv tutum həcmi 1 milyard m³-dən 1,5 milyard m³-ə çatdırılıb. Anbara əlavə qaz həcmlərinin vurulması təbii qaza olan tələbatın kəskin artdığı qış aylarında tədarük edilmiş qaz həcmlərinin daha böyük həcmdə çıxarılması və istehlakçılara çatdırılması üçün şərait yaradır.