Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

Qaradağ


“Qaradağ” qaz-kondensat-neft yatağı Abşeron yarımadasının cənub-qərbində, Bakı şəhərindən 26 km məsafədə Xəzər dənizi sahilində, Korgöz və Qaraqaş dağları arasında yerləşir. Sahə şərqdən Korgöz dağ silsiləsi, qərbdən isə Otmanbozdağ palçıq vulkanı ilə hüdudlanır. İnzibati bölgüyə görə Bakı şəhərinin Qaradağ rayonuna aiddir. Pilpilə, Torpaqlı-Axtarma və Axtarma palçıq vulkanları yatağın şimal hissəsindədir. Palçıq vulkanları üstündəki neft-qaz qrifonları hələ 1863-cü ildə görkəmli geoloq G.V.Abixinin diqqətini cəlb edib və o, burada geniş tədqiqat işləri aparıb. 1903-cü ildə yatağı D.V.Qolubyatnikov daha dəqiq tədqiq edərək sahənin geoloji quruluşunu verib və onun perspektivliyini müəyyən edib. “Qaradağ” antiklinal qırışığı Koun dağından başlayıb Şabandağ silsiləsi, Atəşgah, Lökbatan, Puta, Korgöz boyu uzanan "Qərbi Abşeron” əsas qırışıqlıq xətti üzərində yerləşir. Qaradağ qalxımı Cənub-şərqi Qobustan və Cənub-qərbi Abşeron antiklinal qırışıqları arasında keçid rolunu oynayır. Qaradağ strukturu qonşu qalxımlardan iri ölçüləri ilə fərqlənir. Struktur meridional və eninə olmaqla iki hissədən ibarətdir. Qaradağ qırışığının eninə hissəsi qismən asimmetrik olan meridional hissədən ölçülərinə görə xeyli böyük olub, 10 km-dən artıq uzanan iri braxiantiklinalla təmsil olunur.

Qaradağ sahəsində 2008-2009-cu illərdə 3D seysmik işlər aparılıb. 2012-2013-cü illərdə bu sahədə 5 quyuda aparılmış ŞSP işləri nəticələri əsasında sahənin yeni sürət modelini tərtib etməklə seysmik işlərin materialları təkrar emal edilib və yenidən dəyərləndirilib.

Yataqda sənaye əhəmiyyətli ilk neft 1939-cu ildə cənub qanadda 2 nömrəli kəşfiyyat quyusundan Balaxanı lay dəstəsindən sutkalıq 150 ton hasilatla alınıb.

1955-ci ildə Fasilə lay dəstəsinin qaz-kondensatlığı, 1956-cı ildə Qırməki üstü qumlu lay dəstəsinin neft-qazlılığı aşkar edilib. 1955-ci ildə qazılan 78 nömrəli quyuda sutkalıq hasilat 350 min - 400 min m³ qaz və 60 tondan çox kondensat təşkil edib.

Yatağın sənaye əhəmiyyətli işlənməsinə 1959-cu ildən başlanılıb.

İşlənilmənin əvvəlindən 01 yanvar 2024-cü il tarixinədək yataqdan təxminən 27,4 milyard m³ qaz, 132.1 min ton neft hasil edilib.

Yatağın cənub blokunda Məhsuldar qatdan aşağıda yatan layların neft-qazlılığını müəyyən etmək üçün Miosen çöküntülərinə axtarış quyusunun qazılması planlaşdırılır. Axtarış quyusu müsbət nəticə verdiyi halda növbəti illərdə əlavə quyuların qazılması planlaşdırıla bilər.

“Qaradağ” yatağı SOCAR-ın “Azneft” İB-in Ə.Əmirov adına NQÇİ tərəfindən istismar olunur. Yatağın bir hissəsi “Azneft” İB-in Qaz Anbarlarının İstismarı İdarəsinin tərkibində yeraltı qaz anbarı kimi istifadədədir.

Yeraltı qaz anbarı

1975-ci ildən “Qaradağ” yatağının cənub hissəsinin ehtiyatı tükəndiyi üçün burada istismar dayandırılıb və 1976-cı ildə onun bazasında yeraltı qaz anbarının yaradılması qərara alınıb. 1986-cı ildən isə yataq qaz anbarı kimi istifadə olunur. Müvafiq hökumət qərarı ilə yatağın cənub qanadı üzrə VII horizont yeraltı qaz anbarlarının yaradılması üçün “Azəriqaznəql” İB-ə (hazırda SOCAR-ın Qaz İxrac İdarəsi) verilib. İstismar zamanı yataqdan 21,2 milyard m³ qaz, 1,595 min m3 kondensat və 1,0 mln. ton neft çıxarılıb. “Qaradağ” yeraltı qaz anbarı (YQA) istismara verildikdən sonra 2 il qazvurma rejimində işləyib, sonralar vurulan qazın həcmi və təzyiqi artdıqdan sonra vurma-götürülmə rejiminə keçirilib. Hazırda yatağın cənub qanadında VII və VIIa horizontları YQA kimi fəaliyyət göstərir. 01 yanvar 2024-cü il tarixə olan məlumata görə, “Qaradağ” YQA üçün istismar quyu fonduna 70 quyu daxildir ki, bunun 60-ı işlək, 10-u fəaliyyətsiz quyu fondundadır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkənin təbii qazla fasiləsiz təmin edilməsi məqsədilə SOCAR qarşısında yeraltı qaz anbarlarının aktiv həcmlərini genişləndirmək tapşırığı qoyulub. Ölkədə qaz hasilatının artdığı, əhəmiyyətli ehtiyat həcmlərinin toplanılması baxımından əlverişli şəraitin yarandığı bir dövrdə respublika iqtisadiyyatının və əhalinin qaza olan tələbatının davamlı şəkildə təmin olunması böyük önəm kəsb edir. Qaz ehtiyatlarının təhlükəsiz şəraitdə yığılıb saxlanması, məqsədilə YQA-nın tutum imkanlarının genişləndirilməsi məqsədilə son illər anbarın aktiv tutumunun artırılması istiqamətində mühüm işlər görülüb, yeni qaz kompressor stansiyası tikilib, qaz-basqı quyuları qazılıb.