“Şabandağ-Şubanı-Yasamal dərəsi-Atəşgah” yatağı ayrı-ayrı işlənmə sahələrindən ibarət vahid yataq kimi qəbul edilir. Yataq qərbi Abşeronun əsas qırışıqlar sisteminə daxildir. Abşeron yarımadasının şimal-qərb hissəsində Qovundağ dağından başlayaraq Otman-Bozdağ dağının cənub-qərb hissəsinə qədər uzanır.
Şimal tərəfdə “Sulutəpə” qırışığı ilə həmsərhəd olan “Şabandağ” sahəsi şimal-şimali-qərb, cənub-cənubi-şərq istiqamətində uzanır. Cənubi-şərq tərəfdə “Yasamal dərəsi”, cənubi-qərb tərəfdə isə “Şubanı” sahəsi ilə birləşir. Cənub istiqamətində “Şubanı” və “Yasamal dərələri” arasında yerləşən “Atəşgah” sahəsi ilə çox da dərin olmayan yəhər vasitəsilə birləşir. Böyük bir braxiantiklinal quruluşa malik olan bu qırışıq asimmetrik quruluşlu olub submeridional istiqamətində uzanır. Qırışığın eni 4 km, uzunluğu isə 12 km-ə yaxındır.
“Şabandağ” sahəsi Bakı şəhərindən 9 km qərbdə “Şabandağ” dağ silsiləsində, Yasamal və Qobu dərələri arasında yerləşir. Yatağın dəqiq geoloji tədqiqi 1912-ci ildə D.V.Qolubyatnikov, 1930-cu ildə M.İ.Qutman tərəfindən aparılıb. “Şabandağ” qırışığı uzununa və eninə keçən pozuntularla mürəkkəbləşib. Qırışığın bir hissəsi şimalda “Sulutəpə” yatağına yaxınlaşır. Yataq 1946-ci ildə qazılmış 754 saylı kəşfiyyat quyusunun gündəlik 70 ton neft və 25 min m3 qaz hasilatla istismara daxil olub. Ümumiyyətlə, sahədə XX əsrin ilk dekadasına aid edilən çoxlu sayda əl ilə qazılan dayaz quyular olub. “Şabandağ” sahəsində indiyədək 142 quyu qazılıb.
“Şubanı” sahəsi Qaradağ rayonu ərazisində olub, Lökbatan qəsəbəsindən 7 km şimalda, Bakı şəhərindən 5 km qərbdə, Yasamal və Qobu dərələri arasında, dəniz səviyyəsindən 250-280 metr hündürlükdə Şabandağ dağ silsiləsinin cənub qurtaracağında yerləşir. “Şubanı” sahəsində neft almaq üçün ilk əl quyusu XIX əsrin əvvəllərində qazılıb. 1825-ci ildə də burada əl ilə qazılmış quyulardan neft çıxarıldığı məlumdur. 1883-cü ildə “Nobel qardaşları” şirkəti Heybət stansiyasının yaxınlığında neftyığma məntəqəsi təşkil edir, oradan Binəqədiyə neft kəməri çəkdirir, “Şubanı” sahibkarlarının çıxardıqları nefti satın alıb, bu neft kəməri vasitəsilə Qara şəhərdəki neftayırma zavodlarına vurdurur. “Şubanı”da ilk geoloji tədqiqat işlərini 1900-cu ildə D.V.Qolubyatnikov aparıb. Onun tədqiqatlarından sonra yataqda əsasən 2 sahə - şimal və cənub sahələri işlənmə üçün tövsiyə edilib. Qısa müddətdə cənub sahəsinə əl ilə 540 şaxta-quyu qazılıb. “Şubanı”da zərbə üsulu ilə quyular 1913-cü ildən başlayaraq qazılıb. 1914-cu ildə sahibkar Səfərəliyevin sahəsində qazılan quyu 252 metr dərinlikdən güclü neft fontanı vurub (sutkada 1 milyon pud). “Şubanı” sahəsi 1931-ci ildən 1942-ci ilə kimi konservasiyada olub.
“Yasamal dərəsi” sahəsi Bakı şəhərindən 5 km qərbdə Atəşgah-Şabandağ dağ silsiləsinin şərq qanadındakı dərədə yerləşir. Sahəni ilk dəfə 1912-ci ildə D.V.Qolubyatnikov tədqiq edib. “Yasamal dərəsi” sahəsi 1932-ci ildə açılıb. Quyunun gündəlik hasilatı 350 ton olub. 01 yanvar 2024-cü il tarixinə kimi burada 134 quyu qazılıb.
“Atəşgah” sahəsi “Lökbatan” və “Şubanı” qırışığı çökəkliyində yerləşir. Sahə 1949-cu ildə açılıb. Sənaye əhəmiyyətli neft Balaxanı lay dəstəsinin IV, VI və məhsuldar qatın VIII horizontunda aşkar edilib. Yalnız “Atəşgah” sahəsində 139 quyu qazılıb.
“Şabandağ-Şubanı-Yasamal dərəsi-Atəşgah” yatağında bütün kəşfiyyat işləri dövründə 120 axtarış-kəşfiyyat quyusu qazılıb. O, cümlədən “Şabandağ” sahəsində 31, “Şubanı” sahəsində 16, “Yasamal dərəsi”ndə 43, “Atəşgah” sahəsində 30 kəşfiyyat quyusu qazılıb.
Ümumiyyətlə, “Şabandağ-Şubanı-Yasamal dərəsi-Atəşgah” yatağının sənaye əhəmiyyətli işlənməyə daxil olma tarixi 1908-ci ildən (“Şabandağ” sahəsində) hesablanır.
01 yanvar 2024-cü il tarixinə yataqda 565 quyu qazılıb və ümumilikdə 10,610 milyon ton neft, 2054,6 min m³ qaz hasil edilib. Yataqda maksimal hasilat 1941-ci ildə olub, həmin il 640 min tona yaxın neft hasil edilib ki, bu da ölkə üzrə ümumi hasilatın, təxminən 6%-i idi. “Şubanı” sahəsində maksimal illik hasilat 1926-cı ildə 45 min ton, “Yasamal dərəsi”ndə 1941-ci ildə 620 min ton, “Şabandağ” sahəsində 1946-cı ildə 230 min ton, “Atəşgah” sahəsində isə 90 min ton olub.
Yataq hazırda SOCAR-ın “Azneft” İB-in Ə.Əmirov adına NQÇİ tərəfindən istismar olunur.