Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

Sənayenin rəqəmsallaşması


SOCAR dünyada geniş vüsət almış dördüncü sənaye inqilabına xas olan rəqəmsal müəssisələrin yaradılması tendensiyasını ölkəmizdə birincilərdən biri kimi tətbiq edir. Şirkət fəaliyyət göstərdiyi hər üç istiqamətdə - “apstrim”, “midstrim” və “daunstrim”də, eləcə də layihələrin və risklərin idarəolunması, əməyin təhlükəsizliyi, maliyyə, təchizat, logistika kimi korporativ idarəetmə sistemlərində proseslərin rəqəmsallaşdırılmasına başlayıb, bu işlərin həyata keçirilməsi üçün “Caspian Innovation Center” (CIC) şirkətini təsis edib. Bu gün SOCAR-ın bütün fəaliyyət istiqamətlərində proseslərin genişmiqyaslı rəqəmsallaşması və inteqrasiya olunması tədbirləri uğurla həyata keçirilir.

“SOCAR-Türkiyə”nin mühüm aktivlərindən olan və Türkiyənin ilk və yeganə inteqrasiya edilmiş neft-kimya kompleksi sayılan “Petkim”, eləcə də “STAR” NEZ rəqəmsal tətbiqləri və sistemləri vasitəsilə əldə etdiyi Sənaye 4.0 standartı sayəsində Dünya İqtisadi Forumunun “Global Lighthouse Network” şəbəkəsinə daxil edilib.

Novator rəqəmsal standartlar sahəsində dünya şirkətləri üçün müqayisə meyarı yaradan “Global Lighthouse Network” Sənaye 4.0 texnologiyalarını istehsalata ən yaxşı tətbiq edən şirkətlərin platformasıdır. “Gələcəyin zavodları”nın yer aldığı “Global Lighthouse Network”a seçilmiş ilk neft emalı zavodu olan STAR, eyni zamanda, 2021-ci ildə Türkiyədən bu şəbəkəyə daxil edilmiş yeganə şirkətdir.

STAR NEZ-in “Gələcəyin zavodları liqası”na doğru atdığı ən mühüm addım hələ zavodun inşaat mərhələsində qabaqcıl texnologiyalara 70 milyon dollardan artıq sərmayə qoyulması olmuşdu. Təmir-sazlama prosesləri də daxil olmaqla, NEZ-dəki aktivlərin performans idarəçiliyinə rəqəmsal nəzarət edilməsi, robotik proseslərin və süni intellektin tətbiqi, müəssisənin rəqəmsal əkizinin yaradılması, kompyuter tədrisi kimi sahələri özündə ehtiva edən və olduqca mühüm əhəmiyyət daşıyan bu sərmayələr STAR NEZ-ə öz əməliyyat çevikliyini, istehsal məhsuldarlığını, enerji təhlükəsizliyini və səmərəliliyini inkişaf etdirməklə mənfəətliliyi artırmağa imkan yaradıb.