Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

Səngəçal-Duvannı-Xarə-Zirə adası


“Səngəçal-dəniz – Duvannı-dəniz - Xərə Zirə adası” yatağı Bakı arxipelaqının şimal hissəsində, Bakı şəhərindən 50 km cənub-qərbdə, Xəzər dənizinin dayaz şelf zonasında yerləşir. Dənizin dərinliyi qazma olan yerdə 5 metrdən 20 metrə qədər dəyişir.

“Səngəçal-dəniz – Duvannı-dəniz - Xərə Zirə adası” yatağı, adından da göründüyü kimi, 3 müstəqil qalxımdan ibarətdir. “Səngəçal” qalxımı Bakı arxipelaqının şimalında, Səngəçal burnundan cənub-şərqdə yerləşir və qalxımın cənub-şərqində palçıq vulkanı krateri var. “Duvannı” qalxımında palçıq vulkanının bir neçə püskürmə mənbəyi müşahidə olunub. “Xərə Zirə adası” qalxımı isə Səngəçal burnundan 25 km cənub-şərqdə yerləşir və burada dənizin dərinliyi 10-20 metr intervalında dəyişir.

Yataqda 1950-1951-ci illərdə 141 ədəd, 1956-1959-cu illərdə 457 ədəd, 1964-1970-ci illərdə isə 102 ədəd xəritəalma quyusu qazılıb.

Sahədə seysmik kəşfiyyat işləri 1947-ci ildən başlayaraq aparılsa da, əsasən sahənin müfəssəl öyrənilməsinə 1951-ci ildən başlanılıb. 1956-1959-cu illərdə tədqiqat sahəsində geoloji və seysmik işlər davam etdirilib. 1960-cı ildə “Xərə-Zirə adası”nda, 1963-1964-cü illərdə “Səngəçal-dəniz”, “Duvannı adası” sahələrində, 1965-1966 və 1966-1967-ci illərdə isə “Xərə-Zirə” strukturunun CŞq hissəsində seysmik kəşfiyyat işləri aparılıb. 1991-ci ildə aparılmış seysmik kəşfiyyat işləri “Xərə-Zirə” strukturunun CŞq (cənub-şərqi) periklinalını əhatə etmişdir. 2017-ci ildə “Səngəçal-dəniz-Duvannı-dəniz-Xərə-Zirə adası” sahəsində 2D seysmik kəşfiyyat işlərinin və QGT (quyuların geofiziki tədqiqatı) məlumatlarının kompleks təhlili əsasında MQ-nin səthi, MQ-nin V, VII, VIII, QA (Qırməkialtı), QaLD (Qala Lay Dəstəsi) horizontları, Diatom çöküntülərinin səthi və Miosen çöküntülərinin aşağılarını əks etdirən seysmik horizontlar üzrə struktur xəritələr, ayrı-ayrı intervallar üzrə qalınlıq xəritələri və dinamik dərinlik kəsilişləri tərtib edilib. VII horizontun tavanına görə qurulmuş struktur xəritəyə əsasən yataq braxiantiklinal quruluşa malik olub, ŞmQ – CŞq istiqamatində uzanır, strukturun uzunluğu 30 km, eni isə 11 km-dir.

Sahədə axtarış qazmasına 1951-ci ildə başlanılıb, “Duvannı-dəniz” sahəsində layihə dərinliyi 2000 – 2500 m olan 1 və 2 saylı axtarış quyuları layihələndirilib. 1 saylı quyu texniki səbəbdən ləğv edilib, 2 saylı quyu isə MQ-nin gilli kəsilişini açıb. 1959-cu ildə “Səngəçal-dəniz”, “Duvannı-dəniz” və 1966-cı ildə “Xərə-Zirə adası” sahəsində kəşfiyyat işləri aparılıb. “Sənqəçal-dəniz” sahəsində 35 ədəd, “Duvannı-dəniz” sahəsində 81 ədəd, “Xərə-Zirə adası” sahəsində 45 ədəd axtarış-kəşfiyyat quyusu qazılıb.

Strukturun aşkarlanması 1951-ci ildə qazılan struktur xəritəalma quyuları vasitəsilə mümkün olub. Həmin il “Duvannı” qalxımında 1 və 2 saylı axtarış quyuları qazılıb, 1959-cu ildə “Səngəçal”, sonra isə “Xərə Zirə adası” qalxımlarında qazma işləri aparılıb. 1963-cü ildə 24 saylı quyu sutkalıq 250 ton neft hasilatı ilə istismara daxil edildikdən sonra yatağın sənaye əhəmiyyətli istismarına başlanılıb. 1968-ci ildə “Duvannı-dəniz” sahəsində 58 nömrəli quyu qazılaraq sutkalıq 500 min m³ qaz hasilatı ilə istismara verilib, bununla da, yataqda qaz axını alınıb. 1981-ci ildə yataqdakı 562 saylı quyunun qazılması ilə ərazinin qaz-kondensat yığımına malik olması təsdiqlənib.

1963-cü ildən burada 669 quyu qazılıb. “Səngəçal-dəniz – Duvannı-dəniz - Xərə Zirə adası” yatağı üzrə ən yüksək neft və kondensat hasilatı (4 milyon 814 min ton) 115 quyu vasitəsilə 1975-ci, ən yüksək qaz hasilatı (3 milyard 348 milyon m³) isə 142 quyu vasitəsilə 1978-ci illərdə olub. Lay təzyiqinin sabit saxlanması məqsədilə 1971-ci ildən 1990-cu ilə kimi quyulara suvurma üsulu tətbiq edilib. Hasil olunan neftdə parafinlər 9,68-12,1%, kükürd 0,05-0,44%, silikagel qətranları 8,11-26,0% təşkil edir.

01 yanvar 2024-cü il tarixinə yataqda 68 quyu fəaliyyətdə (67-sı neft, 1-i qaz-kondensat quyusu), 4 quyu fəaliyyətsiz fonddadır. İşlənmənin əvvəlindən bu tarixədək yataqdan 76,189 milyon ton neft-kondensat, 59,997 milyard m³ qaz hasil olunub.

Yatağın perspektivliyini nəzərə alaraq gələcəkdə IV, V və XII tektonik bloklarda yeni özül tikməklə yeni quyuların qazılması proqnozlaşdırılır.

Yataq SOCAR-ın “Azneft” İB-in N.Nərimanov adına NQÇİ tərəfindən istismar olunur.