“Şərqi Hacıvəli” yatağı Abşeron yarımadasının cənub-qərbində, Bakı şəhərindən 65 km məsafədə, “Umbakı” yatağının qərbindəki Hacıvəli yaylasında yerləşir. Sahənin mərkəzi hissəsi palçıq vulkanının brekçiyaları ilə örtülüb. Tektonik cəhətdən Şərqi Hacıvəli qırışığı en istiqamətində uzanan böyük antiklinal strukturdur. Qırışıq tağdan uzununa keçən üstəgəlmə xarakterli, amplitudası böyük ölçülü olan qırılma və bir neçə eninə keçən pozuntularla mürəkkəbləşib. Qırışıq qərbdə “Qərbi Hacıvəli” və şərqdə “Umbakı” strukturlarından aydın seçilən yəhərlə ayrılır.
“Şərqi Hacıvəli” sahəsinin geoloji quruluşuna dair ilk məlumat 1931-ci ildə M.Y.Sibik və S.A.Zusmanovic tərəfindən verilib. Sahənin 1:20000 miqyaslı mükəmməl geoloji xəritəsini 1937-ci ildə Y.A.Məlikov tərtib edib. 1949-1954-cu illərdə sahədə aparılmış geoloji-axtarış işlərinin nəticəsində yatağın üstəgəlmə tipli qırılma ilə mürəkkəbləşmiş antiklinal qırışıq olduğu dəqiqləşdirilib. 1965-1967-ci illərdə və 1994-cü ildə sahədə seysmik kəşfiyyat işləri aparılıb və ərazinin dərinlik quruluşu haqqında əlavə materiallar əldə edilib.
Qırışığın tağında yerləşən qrifon və salzlarla əlaqədar təbii neft və qaz çıxışları vardır. 1951-ci ildə 1 nömrəli quyu sutkalıq 11.5 ton neft hasilatı ilə istismara daxil edilib. Sahədə çox sayda struktur və dərin qazma quyuları qazılıb. Əsas dərin qazma-kəşfiyyat işləri 1951-1952-ci illərdə aparılıb. Ümumilikdə, “Qərbi Hacıvəli” və “Şərqi Hacıvəli” sahələrində indiyədək 64 quyu qazılıb, lakin yalnız “Şərqi Hacıvəli” sahəsindəki 1 və 11 saylı quyulardan sənaye əhəmiyyətli neft alınıb.
“Şərqi Hacıvəli” yatağının nefti ağır və qətranlıdır. 01 yanvar 2024-cü il tarixədək yataqdan təxminən 48,9 min ton həcmində neft hasil olunub.
Yataq 1998-ci ildən 2022-ci ilədək “Qobustan” Əməliyyat Şirkəti tərəfindən istismar edilib. Lakin 20 aprel 2022-ci il tarixindən "Azərbaycan Respublikası Cənub-Qərbi Qobustanın Şıxzəgirli, Şeytanud, Bürgüt, Donquzduq, Nardaran, İlxıçı, Qərbi Hacıvəli, Sundi, Şərqi Hacıvəli, Turağay, Kənizədağ, Qərbi Duvanni, Duvanni, Solaxay və Daşgil yataqlarının daxil olduğu üç blokun Kəşfiyyatı, İşlənməsi və Hasilatın Pay Bölgüsünə dair Saziş"ə xitam verilib və Saziş qüvvədən düşüb.
Yataq hazırda SOCAR-ın “Azneft” İB-in N.Nərimanov NQÇİ-nin balansındadır.