“Şurabad” yatağı Bakı şəhərindən 65 km şimal-qərbdə, Sitalçay dəmiryol stansiyasından 6 km şimal-şərqdə, dənizkənarı düzənlikdə yerləşir. Yatağın kəsilişi ayrı-ayrı mərtəbələr arasında çoxlu fasilə və uyğunsuzluqların olması ilə səciyyələnir.
“Şurabad” yatağı tektonik cəhətdən Giləzi burnunu əhatə edən kəskin ifadə olunmuş antiklinal qırışıqdan ibarətdir. Bu qırışıq cənub-qərb istiqamətində Şurabad kəndinin yerləşdiyi iri və dərin sinklinala (çökəklik) keçir. Şimal-qərb istiqamətində uzanan “Şurabad” braxiantiklinalı Təbaşir çöküntüləri üzrə uzunluğu 7-8 km, eni 1,5-1,7 km-ə qədərdir. Strukturunun mərkəzi hissəsində alt Təbaşir (Apt-Barrem), qanadlarında isə üst Təbaşir və Paleogen çöküntüləri yer səthinə çıxır. “Şurabad” qırışığının cənub-qərb qanadını mürəkkəbləşdirən pozuntuqlar zonasının cənub-şərq hissəsində su, qaz və neft pərdəsi ixrac edən kiçik palçıq vulkanı qrifonları yerləşir. Qırışığın cənub–qərb qanadı nisbətən yastıdır (40-50º), lakin pozuntularla mürəkkəbləşib, şimal-şərq qanadı isə daha dikdir (50-60º).
“Şurabad” sahəsində hələ qədim zamanlarda yerli əhali tərəfindən qazılan əl quyularından neft çıxarılırdı. 1898-ci ildə Loginov tərəfindən dərinlikləri 300-670 m intervalında olan 4 quyu qazılıb. 1 və 3 saylı quyularda neftli qumlar aşkar edilmiş və gündəlik 16 ton hasilat alınıb.
Sonralar sahədə D.V.Qolubyatnikov (1928), M.F.Mirçinkin, A.İ.Kleşkov, A.T.Romanov (1930-1931) geoloji-xəritəalma işləri görülüb, 1938-1939-cu illərdə isə struktur-xəritəalma qazması aparılıb. 1940-1941-ci illərdə Mezozoy çöküntülərinin neft-qazlılığını öyrənmək məqsədi ilə dərin kəşfiyyat qazmasına başlanılıb, II Dünya Müharibəsinin başlanması ilə əlaqədar bu işlər dayandırılıb. “Şurabad” sahəsində 1950-1951-ci illərdə struktur-xəritəalma qazma işlərinə başlanılıb. Sahənin şimal-şərq qanadında qazılan 4 saylı kəşfiyyat quyusundan 1950-ci ilin may ayında gündə 20 ton, 14 saylı kəşfiyyat quyusunda gündəlik 4.9 ton, 26 saylı kəşfiyyat quyusunda isə 18 m hündürlükdə neft fontanı vurub. Qırışığın cənub-qərb qanadında qazılan 8 və 10 saylı kəşfiyyat quyularından Külülü qumdaşılarından qaz fontanı olub. Şurabad sahəsində 1951, 2000 və 2005-ci illərdə seysmik kəşfiyyat işləri aparılıb.
Sonralar kəşfiyyat qazması zamanı əldə olunan nəticələr bir daha qiymətləndirilib və 2000-ci ildə qazma işlərinə yenidən start verilib. Bununla da, yatağın sənaye miqyasında işlənilməsinə başlanılıb. Həmin ildə qazılan 39 saylı kəşfiyyat quyusu 865-855 metr intervalında 55 min m³ qaz fontanı, 100 saylı istismar quyusu isə 222-218 metr intervalında 10 ton neft hasilatı ilə (fontan üsulu) istismara daxil edilib. Ümumiyyətlə, 2000-ci ildə ardıcıl olaraq qazılan quyular gündəlik 10-20 ton neft hasilatı ilə istismar olunub.
İşlənmənin əvvəlindən 01 yanvar 2024-cü il tarixinədək “Şurabad” yatağında cəmi 15 quyu qazılıb, ümumilikdə, 21,9 min ton neft, 47 milyon m³ qaz hasil edilib. Yataq üzrə maksimal hasilat 2001-ci ildə 8 quyudan 9 min ton olub.
Hasilatın mümkün qədər stabilləşdirilməsi və neftvermə əmsalının artırılması üçün cari və perspektiv planda geoloji-texniki tədbirlərin görülməsi, qazma proqramının davam etdirilməsi və təkmilləşdirilməsi, layda və quyudibi zonada keçiriciliyin artırılması məqsədilə müasir təsir üsullarının tətbiq edilməsi nəzərdə tutulur.
“Şurabad” yatağı SOCAR-ın “Azneft” İB-in “Siyəzənneft” NQÇİ tərəfindən istismar olunur.