Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

Umbakı


“Şamaxı-Qobustan” neftli-qazlı rayonuna daxil olan “Umbakı” neft yatağı Bakı şəhərindən 80 km qərbdə, Səngəçal dəmir yolu stansiyasından 30-32 km şimal-qərbdə təpəlik sahədə yerləşir.

“Umbakı” yatağı tektonik baxımdan uzunluğu 8.5 km, eni 5 km olan, en istiqamətində uzanan braxiantiklinal quruluşludur və o, böyük uzununa keçən və üstəgəlmə xarakterli, eyni zamanda bir sıra eninə keçən qırılmalarla mürəkkəbləşib.

Yataq hər zaman təbii neft-qaz təzahürləri ilə zəngin olub, neft və qaz çoxsaylı qrifon və salzalar vasitəsilə yer səthinə çıxır. 1923-cü ildə İ.M.Qubkin “Umbakı” sahəsinin geoloji quruluşu haqqında səthi məlumat verib. İlk kəşfiyyat işlərinin aparılması məqsədilə 1946-1948-ci illərdə sahədə struktur xəritəalma və axtarış qazması aparılıb. 1948-1949-cu illərdə M.R.Voronin və N.S.Maqatayev tərəfindən sahənin 1:20000 miqyaslı dəqiq geoloji xəritəsini tərtib edilib və sahənin stratiqrafiya, tektonik xüsusiyyətləri və neft-qazlılıq perspektivliyi aydınlaşdırılıb. “Umbakı” sahəsində 1986-cı ildə seysmik kəşfiyyat işləri aparılıb.

Şimal-şərq qanadda qazılmış ilk kəşfiyyat quyusu vasitəsilə yatağın neft-qazlılığı aşkar edilib və yataq 1951-ci ildə işlənməyə cəlb olunub. “Umbakı” yatağını açan birinci quyu sutkalıq 5 ton neft hasilatı ilə istismara daxil edilib. 1953-cü ildə qazılmış 23 nömrəli quyu isə daha məhsuldar olub, sutkalıq 500 min m³ qaz hasilatı ilə istismara verilib.

Yataqda maksimal hasilat 1953-cü ildə qeydə alınıb. Həmin il çıxarılan 160 min ton neft ölkə üzrə ümumi hasilatın 11%-nə bərabər olub. İşlənmənin əvvəlindən 01 yanvar 2024-cü il tarixinədək “Umbakı” yatağında 227 quyu qazılıb və bu quyulardan, ümumilikdə, 1 milyon 487 min ton neft hasil olunub.

Yataq SOCAR-ın “Azneft” İB-in Ə.Əmirov adına NQÇİ tərəfindən istismar olunur.