Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

SOCAR-ın Bioloji müxtəlifliyin qorunmasına dair Bəyanatı haqqında


17/09/2024

SOCAR-da bütün fəaliyyət dairəsini əhatə edən yeni Hədəf Əməliyyat Modelinə uyğun olaraq Enerji keçidi, ətraf mühit və dekarbonizasiya seqmenti yaradılmışdır. Ətraf mühitin mühafizəsi məsələlərinin Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin tələblərinə və ən yaxşı beynəlxalq təcrübələrə əsasən idarə edilməsi SOCAR-ın əsas vəzifələrindən biridir.

“Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Bioloji müxtəlifliyin qorunmasına dair Bəyanatı”nın SOCAR-ın "Yaşıl gündəlik" layihəsi çərçivəsində ətraf mühitin mühafizəsi üzrə hədəflərinin dünya üzrə vahid standart hesab edilən “Ətraf mühitin idarəolunması” sisteminin tələblərinə uyğunlaşdırılmaq, habelə ilk dəfə olaraq qlobal reytinq təşkilatlarından beynəlxalq “Ətraf mühit, sosial və idarəetmə” (ESG) reytinqinin əldə edilməsinə töhfə vermək məqsədi ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsinin 5.23.11-ci bəndini rəhbər tutaraq

əmr edirəm:

“Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Bioloji müxtəlifliyin qorunmasına dair Bəyanatı” (Bəyanat) Azərbaycan və İngilis dillərində təsdiq edilsin (əlavə olunur).

SOCAR-ın strukturuna daxil olan qurumların rəhbərlərinə tapşırılsın ki, Bəyanatda göstərilən öhdəliklərin və tədbirlərin yerinə yetirilməsi təmin edilsin.

SOCAR-ın Kommunikasiya seqmenti Bəyanatın Azərbaycan və İngilis dillərində olan variantlarının SOCAR-ın internet səhifəsində yerləşdirilməsini təmin etsin.

SOCAR-ın götürdüyü beynəlxalq öhdəliklərə (SOCAR-ın COP28 zamanı elan etdiyi dekarbonizasiya hədəflərinə, həmtəsisçisi olduğu OGDC xartiyası üzrə hədəflərə və s.) uyğun olaraq, Bəyanatda əks olunan öhdəlik və tədbirlərin yerinə yetirilməsi ilə əlaqədar monitorinqlərin keçirilməsi və nəticələri barədə hesabatların təqdim edilməsi Enerji keçidi, ətraf mühit və dekarbonizasiya seqmentinin Ətraf mühitin təhlili departamentinə həvalə edilsin.

Əmrin icrasına nəzarət vitse-prezident Əfqan İsayevə tapşırılsın.

Bu əmr SOCAR-ın Elektron Sənəd Dövriyyəsi sistemində təsdiq olunduğu gündən qüvvəyə minir.

Əsas:

SOCAR-ın vitse-prezidentinin 16 Avqust 2024-cü il tarixli 14-2/3-11-8102/2024 nömrəli xidməti məruzəsi.

Prezident
Rövşən Nəcəf