Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

8 Mart


“8 Mart” yatağı Bakı şəhərindən 40 km cənub-qərbə doğru, “Səngəçal-dəniz - Duvannı-dəniz - Xərə Zirə adası” yatağından 10 km şimal-qərb istiqamətlərində yerləşir. Qalxımın hüdudlarında dənizin dərinliyi 17 metrdən çox deyil. Yataq tektonik cəhətdən “Kənizdağ - Səngəçal-dəniz – Duvannı-dəniz - Xərə-Zirə adası” antiklinal zonasına aiddir.

İlk dəfə qalxım 1975-ci ildə seysmik kəşfiyyat işləri nəticəsində aşkar edilmişdir. 1977, 1978-1981-ci illərdə aparılmış seysmik kəşfiyyat işləri “Bulla-dəniz”, “Bahar”, “Duvannı-dəniz” strukturları ilə birgə tədqiqat sahəsini də əhatə edib. İşlər əsasında bir sıra strukturların geoloji quruluşu dəqiqləşdirilib. 1984 və 1986-cı illərdə aparılan seysmik kəşfiyyat işləri “8 Mart” strukturu haqqında əlavə məlumatlar verib. 1987-1988, 1996-cı illərdə isə Cənubi Xəzər üzrə geoloji-geofiziki materialların təhlili və ümumiləşdirilməsi işləri “8 Mart” sahəsini də əhatə edib. 1995-1999-cu illərdə “Kaspian Geofizikal” MMMM tərəfindən işlənmiş seysmik profillərdə “8 Mart” sahəsi də yer alıb.

2019-cu ildə “8 Mart” yatağında 3D seysmik kəşfiyyat işləri nəticəsində yatağın geoloji quruluşu dəqiqləşdirilib. VII horizontun tavanına görə qurulmuş struktur xəritəyə əsasən uzunluğu 4.9 km, eni isə 1÷3,3 km-dir. En kəsimdə demək olar ki, struktur simmetrikdir və qanadlarda yatım bucaqları 5-7°- dir.

“8 Mart” sahəsində dərin axtarış qazmasına 1981-ci ildə 565 saylı axtarış quyusunun qazılması ilə başlanıb və 5282-5364 m intervalda 15 t/gün kondensat, 30 min m3/gün qaz və 220 m3/gün su alınıb. 1987-ci ildə qazılan quyudan isə sutkada 400 min m³ qaz və 80 ton kondensat hasil edilib, yatağın sənaye əhəmiyyətli qaz-kondensat ehtiyatına malik olması təsdiqini tapıb.

1982-ci ildən indiyədək yataqda 25 quyu qazılıb, hazırda 6 quyu istismardadır. Bunlardan 3-ü neft, 3-ü qaz-kondensat quyusudur. Yataqdan çıxarılan neftin tərkibində kükürd 0,2-0,29%, asfalten 7,3%, qətranlar 3,5%, parafin 17,9% təşkil edir.

01 yanvar 2024-cü il tarixinə işlənmənin əvvəlindən 1.782 milyon ton neft-kondensat, 10,415 milyard m3 qaz hasil olunub.

Yatağın qalıq çıxarıla bilən ehtiyatlarını tam mənimsəmək üçün bir yeni özülün tikintisi və 5 quyunun qazılması proqnozlaşdırılır.

“8 Mart” yatağı SOCAR-ın “Azneft” İB-in N.Nərimanov adına NQÇİ tərəfindən istismar olunur.