Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

Abşeron bankası


“Abşeron bankası” yatağı Abşeron arxipelaqının şimal-qərb (şimal) hissəsində, Pirallahı adasından 25 km şimalda, “Qoşa-daş”, “Gilavar”, “Darvin bankası” yataqlarının antiklinal xətlərinin birləşmə zonasında, Xəzər dənizinin dayazsulu hissəsində yerləşir. Tektonik quruluşuna görə uzunluğu 10 km, eni 2,5 km olan antiklinaldan ibarətdir. Yatağın yerləşdiyi sahədə dənizin dərinliyi 2-3 metrdən 20-30 (2-20m) metrədək dəyişir. Qırışıq bir çox eninə və uzununa qırılmalarla mürəkkəbləşərək 9 tektonik bloka ayrılır. Yataqda axtarış-kəşfiyyat qazması, neft və qaz çıxarılması fərdi dəniz özülləri və estakadaları ilə aparılır. Yatağın geoloji quruluşunda müasir dövr və Təbaşir yaşlı intervalda bütün çöküntülər iştirak edir.

“Abşeron bankası” qalxımı seysmik kəşfiyyat üsulu ilə 1953-cü ildə aşkar olunub. 1951-ci ildə ərazidə ilk dərin kəşfiyyat qazmasına başlanılıb. Quyu məhsuldar qatı və onun altında yatan üçüncü dövr yaşlı çöküntüləri açıb. Sonradan yataqda axtarış və kəşfiyyat işləri sonrakı illər ərzində fasilələrlə davam etdirildi və 1994-cü ildə yataqda 43 axtarış-kəşfiyyat quyusu qazılıb. 2021-22-ci illərdə 2D seysmik kəşfiyyat işləri aparılıb.

Yataq 1954-cü ildə sutkalıq 150-200 min m³ qaz hasilatı əldə olunması ilə açılaraq işlənməyə daxil edilib. Qazılmış digər quyularda aparılan sınaq işlərinin müsbət nəticə verməməsi yataqda qazma işlərini müvəqqəti olaraq təxirə salsa da, işlər 1962-ci ildən sonra yenidən bərpa edilib. 1965-ci ildə isə axtarış quyusunda sınaq zamanı sutkalıq 45 ton göstərici ilə sənaye əhəmiyyətli neft alınıb. Bu nəticə yataqda qazma işlərini intensivləşdirib. Görülmüş işlər nəticəsində yatağın şimal-şərq qanadı hüdudlarında neft və qaz-kondensat yığımına malik olması təsdiqlənib. Qazılmış quyular vasitəsilə yatağın kəsilişində Alt Təbaşirdən başlamış müasir dövrədək çöküntü kompleksi açılıb. Qeyd edək ki, “Abşeron bankası” yatağının nefti ağır neftlər qrupuna daxildir, sıxlığı 0,0882-0,927 q/sm³, tərkibindəki qətranın miqdarı 30-50% təşkil edir.

“Abşeron bankası” yatağında ən yüksək hasilat 1985-ci ildə 20.1 min ton olub. Yatağın ilkin balans ehtiyatları 6,3 milyon ton neft, 240 milyon m³ həll olmuş qaz, 2,3 milyard m³ sərbəst qaz təşkil edib. Ümumilikdə, 01 yanvar 2024-cü il tarixinə yataqda 74 quyu qazılıb, 496 min ton neft, 1.2 milyard m³ qaz hasil edilib.

“Abşeron bankası” yatağı SOCAR-ın “Azneft” İB-nin “Abşeronneft” NQÇİ tərəfindən istismar olunur.