Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

“Azərikimya” İstehsalat Birliyi


SOCAR-ın ən mühüm fəaliyyət istiqamətlərindən birini neft-kimya məhsullarının istehsalı və satışı təşkil edir. Şirkətin mühüm struktur vahidlərindən olan “Azərikimya” İstehsalat Birliyi (İB) ölkəmizin neft-kimya sənayesində mühüm paya sahibdir.

Ölkəmizdə kimya sənayesinin tarixi, əvvəllər “Ozer” adlanan, sonralar Sumqayıt Səthi Aktiv Maddələr Zavodu kimi tanınan ilk kimya müəssisənin birinci dəfə məhsul verdiyi tarixdən - 1945-ci ildən başlayır. Ötən əsrin 70-80-ci illərində Ulu öndər Heydər Əliyevin qətiyyəti və prinsipiallığı sayəsində “EP-300” qurğusunun inşasına başlanılıb və bu unikal qurğu 1989-cu ildə istismara verilib. Yeni texnoloji kompleksin işə salınması ilə etilen, propilen, butilen-butadien fraksiyası, yüngül və ağır piroliz qətranı, propan kimi qiymətli kimyəvi məhsulların istehsalına başlanılıb. “EP-300” kompleksinin texnoloji davamı olaraq yüksək təzyiqli polietilen istehsalı üçün nəzərdə tutulan “Polimir-120” qurğusunun da inşası məhz Heydər Əliyevin dəstəyi ilə mümkün olub. Avadanlığı Almaniya və o vaxtki Çexoslovakiyadan gətirilən, illik istehsal gücü 120 min ton polietilen olan həmin qurğunun işə salınması respublikamızda polimer məhsullarının – polimer boru və örtüklərin, müxtəlif məişət mallarının istehsalına da güclü təkan verib. 1992-ci ildə isə mövcud müəssisələr əsasında “Azərikimya” Dövlət Şirkəti yaradılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2010-cu il aprelin 22-də imzaladığı "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli 844 nömrəli Fərmanına əlavələr və dəyişikliklər edilməsi barədə" Fərmanla SOCAR-ın tərkibində "Azərikimya" İB təsis olunub. Azərikimya" İB-nin strukturuna Etilen-Polietilen zavodu (“EP-300”, “Polimir-120” istehsalatları, izopropil spirti istehsalı sahəsi, buxar və elektrik enerjisi istehsalatı) və Təmir-tikinti İdarəsi daxildir.

“Azərikimya” İB yaradıldıqdan sonra əsas hədəflərdən biri də bu sahədə fəaliyyətin gücləndirilməsi, neft-qaz emalı və neft-kimya sənayesinin səmərəliliyinin yüksəldilməsi, məhsulların rəqabət qabiliyyətinin artırılması olub. SOCAR-ın dəstəyi ilə zəhərli və zərərli, müasir standartlara cavab ver­mə­yən, şəhərin ekologiyasına mənfi təsir göstərən istehsalatlar ləğv edilib, səmərəli işləyə bilən isteh­salat sahələri isə yenidən qurulub. Belə ki, “Azərikimya” İB-in əsas istehsalat sahələrinin yerləşdiyi Etilen-polietilen zavodunda yeni Azot-oksigen kompleksi və müasir tipli Susoyutma qurğusu tikilib istismara verilib, mütləqləşdirilmiş izopropil spirti sahəsi yenidən qurulub, istehsalata və keyfiyyətə nəzarət, sənaye-sanitar sahələrini birləşdirən laboratoriya əsaslı təmir olunaraq müasir avadanlıqlarla təchiz edilib. Eyni zamanda, kimyəvi çirkab suları təmizləyən sutəmizləyici qurğu inşa olunub ki, bu da Xəzər dənizinə axıdılan suların təmizlik həddinin maksimal dərəcədə təmin edilməsinə, təmizlənən suların irriqasiya məqsədilə istifadə olunmasına imkan yaradıb. 2015-ci ilin oktyabrında isə daha iki qurğu - propan-propilen fraksiyasının kükürdlü birləşmələrdən təmizlənməsi və butan-butilen fraksiyasının hidrogenləşdirilməsi qurğuları istifadəyə verilib. Bununla da eyni sektora aid olan müəssisələrin vahid bir struktur daxilində daha səmərəli fəaliyyət göstərməsinə imkan yaradılıb.

“Azərikimya” İB-in istehsal gücünün artırılması, keyfiyyət və kəmiyyət göstəricilərinin yaxşılaşdırılması, xüsusilə Sumqayıt Kimya Sənaye Parkında “SOCAR-Polymer” layihəsi çərçivəsində inşa edilmiş yeni polipropilen və yüksək sıxlıqlı polietilen istehsalı qurğularının propilen, saf hidrogen və enerjidaşıyıcılarla təmin edilməsi məqsədilə 2016-cı ildən etibarən Birliyin Etilen-polietilen zavodunun “EP-300” qurğusunda modernizasiya işlərinə start verilib və bu işlər 2021-ci ilin dekabr ayında uğurla başa çatdırılıb.

Mərhələli şəkildə icra olunan layihənin icrası nəticəsində orta hesabla gündəlik xammalın emal həcmi 2500 tona qaldırılıb, əsas məqsədli və digər məhsullar üzrə faktiki istehsal həcmi artıb. Gündəlik istehsal olunan əsas məqsədli məhsulların istehsalı - etilen üzrə 630, propilen üzrə isə 550 tona çatdırılıb. Aparılan modernizasiya və yenidənqurma işlərindən sonra “Azərikimya” İB-də əsas məhsullar üzrə faktiki istehsal həcmləri ümumilikdə 2 dəfə, bəzi məhsullar üzrə isə 3 dəfə artırılıb, nəticə etibarilə, “SOCAR Polymer” kompleksinin zavodları lazımi miqdarda etilen, propilen, saf hidrogen və enerjidaşıyıcılarla dayanıqlı rejimdə təmin edilir. Növbəti mərhələdə etilenin gündəlik istehsal həcminin 700 tona çatdırılması nəzərdə tutulur.