"Azneft" İB
SOCAR-ın mühüm struktur vahidlərindən olan “Azneft” İstehsalat Birliyi (İB) Şirkətin balansındakı yataqların işlənməsi, ölkəmizdə mövcud olan 2 ədəd qaz anbarının istismarı, istehlakçılara verilən qazın təmizlənməsi, müxtəlif neft mədən avadanlıqlarının təmiri və kirayəsi, o cümlədən çoxsaylı texnoloji qurğu, kommunikasiya və infrastrukturlar vasitəsilə neft-qaz çıxarmanın texniki-iqtisadi cəhətdən səmərəliliyinin təmin edilməsi istiqamətində fəaliyyət göstərir.
“Azneft” İB ayrı-ayrı vaxtlarda müxtəlif adlarla fəaliyyət göstərib. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra ölkədə yeni iqtisadi siyasət tətbiq edilib və İnqilab Komitəsinin 24 may 1920-ci il tarixli dekretinə əsasən ölkənin neft sənayesi milliləşdirilib. Neft sənayesinə rəhbərliyi vahid mərkəzdən həyata keçirmək, istehsalı artırmaq funksiyası Azərbaycan SSR Xalq Təsərrüfatı Şurası tabeliyində yaradılan Azərbaycan Neft Komitəsinə (“Azneftkom”) verilib, 1 sentyabr 1921-ci il tarixində isə “Azneftkom” Azərbaycan Dövlət Neft Sənayesi Birliyi ilə əvəz edilib.
Həmin dövrdə təşkilatın Moskva, Petroqrad, Xarkov, Daşkənd, Berlin, Marsel, Paris, London, Nyu-York, Rəşt kimi şəhərlərdə nümayəndəlikləri fəaliyyət göstərirdi. Neft məhsullarının satışına nəzarət edən “Azərneftsindikat” qurumunun yaradılması isə İran, Əfqanıstan və başqa ölkələrlə əlaqələrin qurulmasına zəmin yaratdı. 1922-ci ildən başlayaraq daha mütərəqqi texnika və texnologiyanın tətbiqi nəticəsində hasilatın artırılmasına nail olundu. “Azərneft” texniki avadanlıq və başqa məhsullar almaq məqsədilə ABŞ-nin “Standart Oil” şirkəti ilə müqavilə imzaladı, həmçinin Azərbaycanda ilk krekinq qurğusunun texniki avadanlığını istehsal etmək üçün ingilis firması olan “Gikkers Limited”dən lisenziya aldı.
Müxtəlif dövrlərdə “Azərneftkomitə”, “Azərneftkombinat” (sonralar “Azərneft”, “Azərneftzavodlar” və “Azərneftmaşınqayırma” birliklərinə ayrılıb), “Azərneftçıxarma” Birliyi, “Azərneft” və s. adlandırılan bu qurumun əsasında Azərbaycan SSR Neft Sənayesi Nazirliyi (1954-1959), Azərbaycan SSR Neftçıxarma Sənayesi Nazirliyi (1965-1970) yaradılaraq fəaliyyət göstərib.
1949-cu ildə əfsanəvi “Neft Daşları” yatağının kəşf olunması ilə açıq dənizdə neft hasilatına başlanılıb. Bununla əlaqədar 1949-cu ildə dəniz neft-qaz yataqlarının layihələndirilməsini, tikintisini və istismarını sürətləndirmək məqsədilə “Dənizneftqazlayihə” Dövlət Elmi Tədqiqat Layihə İnstitutunun (2007-ci ilə qədər “Azneft” İB-in tərkibində olub) əsası qoyulub.
İstər dənizdə, istərsə də quruda yeni yataqların kəşfi və istismar olunması nəticəsində 1971-ci ildə Azərbaycanda 1 milyardıncı ton neft çıxarılıb. 1970-1980-ci illərdə Azərbaycana “Şelf-2”, “Şelf-3”, “Şelf-4”, “Şelf-5” yarımdalma üzən qazma qurğuları, həmçinin dəniz əməliyyatlarının təşkili məqsədilə “Süleyman Vəzirov”, “İsrafil Hüseynov” kimi borudüzən gəmilər, 2500 ton yük qaldıra bilən “Azərbaycan” kran gəmisi, geofiziki kəşfiyyat gəmiləri və başqa texniki üzən vasitələr gətirilib. Dənizin 200 metr dərinliyində işləməyə imkan verən qurğuların alınması nəticəsində dərinsulu sahələrdə zəngin neft və qaz yataqları - “Günəşli” (1979), “Çıraq” (1985), “Azəri” (1987) və digərləri kəşf olunub. Xəzər dənizinin bütün sektorlarında axtarış-kəşfiyyat fəaliyyəti ilə məşğul olan Azərbaycan neftçiləri 350-yə qədər perspektivli struktur aşkar ediblər. Ümumiyyətlə, zəngin elmi-texniki təcrübəyə malik "Azneft" İB-nin mütəxəssisləri təkcə Azərbaycanda deyil, həm də dünyanın bir çox ölkələrində neft sənayesinin yaradılmasında və inkişafında böyük xidmətlər göstəriblər.
1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası Prezidentinin 3 dekabr 1991-ci il tarixli Fərmanı ilə "Azərineft" Dövlət Konserni təsis olunub. Neft sərvətlərindən istifadəni vahid dövlət siyasəti əsasında həyata keçirmək, neft sənayesinin idarəetmə strukturunu təkmilləşdirmək, yanacaq-enerji kompleksinin inkişafını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 13 sentyabr 1992-ci il tarixli Fərmanı ilə "Azərineft" Dövlət Konserni və "Azərneftkimya" İB-nin bazasında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) yaradılıb.
Hazırda “Azneft” İB-in tərkibində “Neft Daşları”, “28 May”, N.Nərimanov adına, “Abşeronneft”, “Siyəzənneft”, “Bibiheybətneft”, Ə.C.Əmirov adına neft-qazçıxarma idarələri, Qaz Emalı Zavodu, Qaz Anbarlarının İstismarı İdarəsi, Dalma Qurğularının Təmiri və Kirayəsi üzrə Eksperimental İstehsalat Müəssisəsi, Dalğıc Xidməti, Maddi Texniki Təchizat İdarəsi, 1 və 2 saylı İxtisaslaşdırılmış Neft-Mədən və Xüsusi Texnika İdarələri fəaliyyət göstərir. 01 yanvar 2024-cü il tarixinə olan məlumata görə, “Azneft” İB fəaliyyət sferasında, ümumilikdə, 21-i dənizdə, 28-i isə quruda olmaqla 49 neft və qaz yatağı mövcuddur. Bunlardan 28-i (13-ü dənizdə, 15-i quruda) işlənmədədir.