“Babazanan” yatağı Şirvan çölünün cənub-şərq hissəsində, Kür çayının sol sahilində yerləşir və inzibati cəhətdən Salyan rayonu ərazisindədir. “Babazanan” sahəsi hər tərəfdən okean səviyyəsindən 15-23 metr aşağıda yerləşən düzənliklə əhatə olunmuş hündür olmayan dağ silsiləsindən ibarətdir, ən hündür nöqtəsi 50 metrdə yerləşir. Babazanan dağında 1917-ci ildə qazılmış isti yodlu su ilə daşan quyu var. Ondan 650 metr cənub-şərq istiqamətində isə yerli sakinlərin müalicə məqsədilə istifadə etdiyi kükürd mənbəyi yerləşir.
“Babazanan” strukturunda neft-qaz təzahürləri ilk dəfə görkəmli alim-geoloq, akademik Q.Abix tərəfindən qeyd edilib. O, 1849-cu ildə Neftçalanın Babazanan yüksəkliyində yerüstü neft-qaz əlamətlərini və hidrogen sulfidli isti su bulaqlarını öyrənib, 1859-cu ildə Küryanı düzənlikdə və “Neftçala” yatağında geoloji tədqiqat işləri aparıb. 1861-ci ildə araşdırmalarını davam etdirib və 1863-cü ildə tədqiqatlarını "Xəzər dənizində adalar əmələ gəlməsi və Xəzər vilayətində palçıq vulkanları haqqında məlumatlar" adlı əsərində toplayıb çap etdirib.
Strukturda neft çıxışlarının olması barədə ilk rəsmi məlumatlar XX əsrin əvvəllərinə aiddir. Dərə və yarğanlarda məhsuldar qatın neftlə hopmuş qumlu laylarını müşahidə etmək mümkün idi. Seysmik işlər aparılanadək “Babazanan” strukturunun “Dürovdağ” sahəsinə bitişik və ya ayrı olması mübahisəli sayılırdı. 1958-ci ildə görülmüş seysmik işlər nəticəsində “Babazanan” və “Dürovdağ” iki müxtəlif struktur kimi qeyd olundu. “Babazanan” antiklinal qırışığında qazılan dərin quyular vasitəsilə məhsuldar qat və müasir çöküntülər müəyyən edildi. Sınanma zamanı məhsuldar qatın horizontlarında neft və neft əlamətlərinə rast gəlinib. Məhsuldar qat çöküntülərinin qalınlığı 3000 metrdir və kəsilişdə 20 horizont var. 1950-1991-ci illər ərzində yataqda cəmi 50 ədəd kəşfiyyat quyusu qazılıb. Bu quyuların bəzilərindən sənaye əhəmiyyətli horizontlar açılıb. Ən əhəmiyyətlisi qırışığın şimal-qərb qanadında yerləşən 40 saylı quyunun sınanması zamanı əldə olunan nəticədir. Burada 2943-2936 metr dərinlikdən sutkalıq 35 ton neft hasil olunub. Ayrı-ayrı quyularda neft axını almaq mümkün olsa da, hələ neft-qaz ehtiyatları heç bir kateqoriya üzrə qiymətləndirilməyib və yataq sənaye əhəmiyyətli işlənməyə cəlb edilməyib.
Yataq “Neftçala Əməliyyat Şirkəti”nin balansındadır. Qeyd edək ki, “Neftechala Operating Company Ltd.” SOCAR “Neftechala Investments Limited” şirkəti və SOCAR-ın “Ortaq Neft Şirkəti” arasında bağlanmış “Azərbaycan Respublikasında Neftçala, Xıllı, Dürovdağ-Babazanan neft yataqlarının və Muğan monoklinalının cənub-qərb qanadının daxil olduğu blokun bərpası, işlənilməsi və hasilatın pay bölgüsü haqqında Saziş”ə uyğun olaraq operator qismində fəaliyyət göstərir. Saziş 5 oktyabr 2009-cu il tarixində qüvvəyə minib. Hazırda neft-qaz əməliyyatları “Neftçala” və “Xıllı” yataqlarında həyata keçirilir. 2.707,7 km² təşkil edən müqavilə sahəsi Neftçala və Salyan rayonlarının hüdudlarında yerləşir.