“Babək” perspektiv strukturu Xəzər dənizi akvatoriyasında, Bakı şəhərindən 75 km cənubda yerləşir. Burada dənizin dərinliyi 60-700 metr intervalındadır. Tektonik cəhətdən mürəkkəb quruluşa malikdir. Geoloji cəhətdən “Ümid-Babək” tektonik blokunun bir hissəsi olan “Babək” strukturu “Ümid” qaz-kondensat yatağının davamı kimi palçıq vulkanı ilə iki müxtəlif antiklinala ayrılır.
“Babək” strukturu 1959-cu ildə seysmik kəşfiyyatın əks olunan dalğa üsulu ilə aşkar edilib, onun geoloji strukturu dəqiqləşdirilib və “Ümid” strukturunun daxilində ayrıca struktur kimi öz əksini tapıb.
2012-ci ildə “Babək” strukturunda üçölçülü (3D) seysmik kəşfiyyat işləri aparılıb və strukturun geoloji quruluşu bir daha dəqiqləşdirilib. Məhsuldar laylarında qaz-kondensat yığımları mövcud olan strukturda 1 saylı ilk axtarış-kəşfiyyat quyusunun 2023-cü ilin birinci rübündə özüqalxan üzən qazma qurğusu vasitəsilə qazılmasına başlanılması planlaşdırılır. Layihə dərinliyi 6750 metr olacaq kəşfiyyat quyusunun dənizin 62 metr olan sahəsində Fasilə Lay Dəstəsinə qazılması nəzərdə tutulur.
2017-ci ildən “Babək” strukturunda axtarış-kəşfiyyat işləri “UBOC”-a (Umid-Babek Operating Company) həvalə edilib. Həmin il yanvarın 12-də “Ümid” yatağının və “Babək” perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında SOCAR-la “SOCAR Umid Oil and Gas Ltd.” şirkəti arasında Risk Xidməti Sazişi, eləcə də bu Sazişə əlavə kimi “SOCAR Umid Oil and Gas Ltd” şirkəti ilə “Umid, Babek Exploration and Production” (UBEP) şirkəti arasında neft-qaz əməliyyatlarının aparılması haqqında Müqavilə imzalanıb. Müqaviləyə əsasən, əməliyyatların icra olunmasını təmin etmək üçün "UBOC" Əməliyyat Şirkəti yaradılıb və öhdəliklər "UBOC"-un Azərbaycan filialına verilib.