“Bahar” qaz-kondensat yatağı dənizdə, sahildən, təxminən, 25 km məsafədə, Qum adasından 20 km cənubda yerləşir. Tektonik cəhətdən meridional istiqamətdə uzanan braxiantiklinal qırışıq olan yatağın uzunluğu 10 km, eni 4,5 km, sahəsi 56 km²-dir. “Bahar” yatağı “Qum-dəniz” yatağından dənizə doğru, suyun 15-25 metr dərinliklərində yerləşir.
“Qum-dəniz” və “Bahar” yataqları struktur bağlanması 450-500 metr olan əsas qırılma antiklinalından ibarətdir. “Bahar” yatağının cənub hissəsi palçıq vulkanı ilə əhatə olunub. Layların yatma dərinliyi 3 200 - 5 300 metrdir. Yataqdan ilk sənaye əhəmiyyətli qaz-kondensat axını 1968-ci ildə alınıb. “Bahar” yatağında çıxarılan neftin tərkibində kifayət qədər qətran (5-6%) və asfaltenlər (2-3%) mövcuddur. Yataqda maksimal neft-kondensat hasilatı (896 min ton) 1975-ci ildə, maksimal qaz hasilatı (6,7 milyard m³) isə 1986-cı ildə qeydə alınıb. 01 yanvar 2024-cü il tarixinə olan məlumata görə, yataqda işlənmənin əvvəlindən ümumilikdə 203 quyu qazılıb, 131,5 milyard m³ cəm qaz, 6,2 milyon ton neft və 10,7 milyon ton kondensat hasil edilib. İstismar quyu fondundakı 22 quyudan 12-si fəaliyyətdə, 10-u fəaliyyətsizdir.
“Bahar” yatağı “Bahar Energy Operating Company” şirkəti tərəfindən istismar olunur. Bununla bağlı Hasilatın Pay Bölgüsü Sazişi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), “Bahar Energy Ltd” şirkəti və SOCAR-ın “Ortaq Neft Şirkəti” (ONŞ) arasında 22 dekabr 2009-cu il tarixində imzalanıb (pay bölgüsü: SOCAR-ONŞ - 20%, “Bahar Energy Limited” - 80%) və Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 27 aprel 2010-cu il tarixində ratifikasiya edilərək 1 oktyabr 2010-cu il tarixində qüvvəyə minib.