Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

Balaxanı-Sabunçu-Ramana


"Balaxanı-Sabunçu-Ramana" yataqları bir-birinə sıx yerləşdiyinə görə, hər zaman bir neft yatağı kimi qeydə alınıb. Bu yataqlar bloku Abşeron yarımadasının mərkəzi hissəsində, Bakı şəhərindən 12 km şimal-şərqdə, Balaxanı, Sabunçu və Ramana kəndlərinin ərazisində yerləşir.

Tektonik cəhətdən en istiqamətdə uzanan və açıq tipli asimmetrik braxiantiklinal qırışıq olan yatağın "Balaxanı" sahəsində, hələ çox qədim zamanlarda əllə qazılmış 3-5 metr dərinlikli quyulardan neft çıxarılıb. Burada neftli laylar yer üzərinə çıxır. Yataqda sənaye üsulu ilə ilk neft quyusu 1871-ci ildə 38 metr dərinliyə qazılıb və bu quyu sutkalıq 3 min ton neft hasilatı ilə işlənməyə cəlb olunub. Çoxlaylı yataq sərbəst işlənmə obyekti kimi 26 horizonta ayrılır və onların yatma dərinlikləri 80 - 1 360 metr arasında dəyişir. Uzunluğu 10 km, eni isə 3 km olan yatağın cari neftlilik sahəsi 17 313 hektardır. "Balaxanı-Sabunçu-Ramana" yataqlarından çıxarılan neft çox az parafinli və kükürdlü olduğuna görə keyfiyyətlidir. Hətta Balaxanı neftindən nadir, donmayan yağ növləri də hazırlanır. "Balaxanı-Sabunçu-Ramana" yataqlarında indiyədək 9 664 quyu qazılıb. Yataqlarda illik maksimal neft hasilatı 1901-ci ildə 8 milyon 831 min ton həcmində qeydə alınıb. 01 yanvar 2024-cü il tarixə olan məlumata görə, "Balaxanı-Sabunçu-Ramana" (Balakhani OC-nin işlənməsində olan) yataqlarında 1031 quyu fəaliyyətdədir. İşlənmənin əvvəlindən yataqdan 274.3 mln ton neft, 7.9 mlrd m3 qaz hasil edilib. Yatağın təbii düşmə tempini azaltmaq məqsədi 2023-cü ildə 17 quyu qazılıb, 870-dən artıq geoloji-texniki tədbir həyata keçirilib.

Bu gün "Balaxanı-Sabunçu-Ramana" yataqları işlənmənin 4-cü - son mərhələsindədir. Bu mərhələdə artıq yataqların təbii enerjisi tükənir və qravitasiya rejimi hökm sürür. Yataqdakı bəzi belə quyular tartal (şaxt) üsulu ilə istismar olunur. 1980-ci illərin sonunda yatağın "Balaxanı" sahəsində neftin tartal üsulu ilə çıxarılması layihələndirilib, lakin tikintisi müəyyən səbəblərdən davam etdirilməyib. Hazırda yataqda 19 quyu tartal üsulu ilə istismar olunur. Bu quyuların orta gündəlik hasilatı 3.3-3.5 ton civarındadır.

"Balaxanı-Sabunçu-Ramana" yataqları 01 yanvar 2012-ci il tarixindən “Balakhani Operating Company LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən istismar olunur. Qeyd edək ki, 2010-cu ilin iyun ayında Bakı şəhərində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), SOCAR-ın “Ortaq Neft Şirkəti” (ONŞ) və Sinqapurun “UQE-Lancer PTI. Ltd” şirkəti arasında “Azərbaycan Respublikasının “Balaxanı-Sabunçu-Ramana” və “Kürdəxanı” neft yataqlarının daxil olduğu Blokun Bərpası, İşlənməsi və Hasilatın Pay Bölgüsü haqqında” Saziş bağlanıb. Hazırda "Balaxanı", "Sabunçu" və "Kürdəxanı" yataqları, eləcə də "Ramana" yatağının kiçik bir hissəsi Balaxanı Əməliyyat Şirkətinin, "Ramana" yatağının qalan hissəsi isə “Azgerneft” BM-in kontrakt ərazisidir. "Azgerneft" BM tərəfindən istismar olunan kontrakt ərazisinin sahəsi 667 hektardır. 01 yanvar 2024-cü il tarixə olan məlumata görə, işlənmənin başlanğıcından bu sahədə ("AzGerneft" BM-in müqavilə sahəsində) 1772 quyu qazılıb. Bu quyulardan 1393-ü (25 quyu qazma zamanı, 1368 quyu işlənmə dövründə) geoloji-texniki səbəblərdən ləğv olunub. Hazırda istismar fondunda 338 quyu vardır ki, onlardan da 275-i işləkdir. 1995-ci ildən etibarən yataqdan 2 milyon 132 min ton neft, 23 milyon 460 min kubmetr qaz hasil edilib.