BƏƏ
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay əmirliyində SOCAR-ın iştirak payı ilə “SOCAR Overseas Ltd” törəmə şirkəti fəaliyyət göstərir. “SOCAR Overseas” SOCAR-ın Marketinq və Əməliyyatlar İdarəsi (Azərbaycan) və “SOCAR Trading” şirkəti (İsveçrə) ilə əməkdaşlıq çərçivəsində xam neft və emal məhsullarının ticarəti ilə məşğul olur. Dubay Beynəlxalq Maliyyə Mərkəzində qeydiyyatdan keçmiş şirkət müxtəlif sahələrdə fəaliyyət göstərən üçüncü tərəflərlə də geniş spektrdə əməkdaşlıq edir.
“SOCAR Overseas” ticarət ilə yanaşı, investisiya və holdinq şirkəti kimi də fəaliyyət göstərir. Şirkət 2017-ci ilə qədər “SOCAR-Aurora” BM-də (BƏƏ) iştirak etməklə Fuceyra Terminalında 50%-lik, 2019-cu ilədək “BOS Şelf” MMC-nin (Azərbaycan) 50%-nə sahib olan “Star Gulf FZO” (BƏƏ) şirkətində 80%-lik paya sahib olub. Hazırda “SOCAR Overseas” SOCAR-ın aşağıdakı subyektlərində 100% pay sahibidir:
- Xəzər dənizi, Qara dəniz və Qafqaz regionunda SOCAR-ın törəmə şirkətlərinə və üçüncü tərəflərə logistik xidmətlər göstərən “SOCAR Logistics DMCC” (BƏƏ) şirkətində;
- Neft və neft məhsulları ticarəti üçün törəmə şirkətlər vasitəsilə geniş donanmaya malik və BƏƏ, Sinqapur və İsveçrədə ofisləri olan SOCAR-a məxsus gəmi nəqliyyatı şirkəti “UML Middle East DMCC” (BƏƏ) şirkətində;
- Azərbaycanda pərakəndə yanacaqdoldurma məntəqələri zəncirinin operatoru olan “SOCAR Petroleum” QSC-nin 49%-nə malik “AP International SA” şirkətində.
“SOCAR Overseas” şirkətinin mənzil qərargahı BƏƏ-nin Dubay Beynəlxalq Maliyyə Mərkəzində yerləşir.