“Bəndovan” yatağı Bakı şəhərindən 85-90 km məsafədə Ələt dəmiryolu stansiyasından cənubda yerləşir və inzibati cəhətdən Bakının Qaradağ rayonuna daxildir. “Bəndovan” yatağı şimal-qərb istiqamətində uzanan və “Ağzıbir”, “Bəndovan”, “Dovşandağ” kimi palçıq vulkanları olan təpəliklərlə əhatə olunub. Təbii karbohidrogen təzahürləri də məhz palçıq vulkanlarının qrifonları ilə əlaqədardır. Yataq “Kəlaməddin”, “Mişovdağ”, “Qalmaz”, “Xıdırlı” və “Kiçik Hətəmli” strukturları ilə yəhərlər vasitəsilə ayrılır. Bəndovan sahəsinin geoloji kəsilişində məhsuldar qatdan müasir dövrədək kompleks çöküntülər iştirak edir.
“Bəndovan” yatağının geoloji quruluşunun öyrənilməsinə XX əsrin 30-cu illərində başlanılıb, 1932-1940-cı və 1959-1962-ci illərdə müxtəlif fasilələrlə ərazidə struktur-xəritəalma və dərin axtarış qazma işləri aparılıb. 1961-1972-ci illərdə Bəndovan sahəsində 15 axtarış-kəşfiyyat quyusu qazılıb. Bu quyularda minimum dərinlik 2290 m (24 saylı quyuda), maksimum dərinlik isə 5590 m (28 saylı quyuda) təşkil edir.
Müxtəlif illərdə (1948, 1956-58-ci illərdə) ƏOD üsulu ilə, (1974-75, 1984-85, 1989-90, 1998-99-cu illərdə) ÜDN üsulu ilə, 2006-ci ildə isə strukturun cənub-qərb qanadında birbaşa axtarış üsulu ilə seysmik kəşfiyyat işləri aparılıb. 1971-ci ildə 18, 22 saylı quyularda, 1975-ci ildə 26 saylı quyuda SK-ŞSP işləri aparılıb. 2016-2020-ci illərdə isə sahədə üçölçülü (3D) seysmik və qravimaqnitometrik kəşfiyyat işləri aparılıb. Yatağın işlənməsi quru hissədə aparılır. Dəniz hissəsində seysmik işlər aparıldıqdan sonra həmin sahədə kəşfiyyat quyusunun qazılması planlaşdırılır.
Yataq 1940-cı ildə açılsa da, onun sənaye əhəmiyyətli istismarına 1998-ci ildən başlanılıb. 1998-ci ildə qazılmış quyuda 1332-1308 metr dərinlikdən sənaye əhəmiyyətli qaz axınları (sutkalıq 40 min m³) alınıb. Qırışığın ensiz tağ hissəsində qazılmış quyulardan güclü qaz atqıları müşahidə olunub, quyuların ağzında hidrogen sulfid (H₂S - rəngsiz, kəskin iyli, suda yaxşı həll olan yanar qaz) qoxulu su axınları baş verib. Geoloqların fikrincə, yatağın daha dərin qatlarında karbohidrogen ehtiyatları daha çoxdur.
01 yanvar 2024-cü il tarixinə olan məlumata görə, yataqda 33 quyu qazılıb, 448.7 milyon m³ qaz hasil edilib.
“Bəndovan” yatağı SOCAR-ın “Azneft” İB-in Ə.Əmirov adına NQÇİ tərəfindən istismar edilir.