Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

Bəyimdağ-Təkçay


Xəzəryanı-Quba neftli-qazlı rayonunda yerləşən “Bəyimdağ-Təkçay” sahəsinin öyrənilməsinə XX əsrin əvvələrindən başlanılıb. Burada antiklinal qırışığın mövcudluğunu ilk dəfə 1930-cu ildə B.D.Qolubyatnikov göstərib, 1933-cü ildə M.F.Mirçink tərəfindən sahədə gözəyarı xəritəalma və 1951-ci ildə isə A.N.Şardanov tərəfindən dəqiq geoloji xəritəalma işləri aparılıb. Aparılan seysmik-kəşfiyyat işləri ilə strukturun varlığı və tektonik elementləri haqqında əlavə məlumat alınıb. 1954-1960-cı illərdə aparılmış struktur xəritəalma işləri ilə “Bəyimdağ-Təkçay” sahəsinin tektonik cəhətdən iki qalxımdan (“Bəyimdağ” və “Təkçay”) ibarət olduğu müəyyənləşdirilib. 1959-cu ildə dərin kəşfiyyat qazmasına başlanılıb və qazma işləri fasilələrlə 1974-cü ilə qədər davam etdirilib.

2001-2008-ci illərdə “Bəyimdağ-Təkçay” sahəsində seysmik kəşfiyyat işləri ilə sahənin əsasən cənub-şərq hissəsinin geoloji quruluşu nisbətən dəqiqləşdirilib. Sahədə qazılmış 20 axtarış-kəşfiyyat və 3 qiymətləndirici quyudan yalnız 4 quyuda neft-qaz axımları alınıb. Neft-qazlılıq baxımından ən məhsuldar olan 3 nömrəli quyudan sınaq işləri zamanı 1 812-1 770 metr dərinlik intervallarından sutkalıq 64 min m³ qaz və 19 ton neft alınıb. 1961-ci ilin son ayından 1968-ci ilin ortalarına qədər istismarda olduğu müddətdə quyudan 2.850 ton neft hasil edilsə də texniki səbəblərə görə ləğv edilib. Sutkalıq 25 min m³ qaz hasilatı ilə işləmiş 7 nömrəli quyudan əldə olunmuş nəticələr əsasında strukturun cənub-qərb qanadında qaz-kondensat ehtiyatının mövcudluğu aşkarlanıb.

Əldə olunmuş nəticələr əsasında sahənin dərinlik tektonikasının müəyyənləşdirilməsi və neft-qazlılığının qiymətləndirilməsi məqsədilə 2009-cu ildə cənub-qərb qanadının tağa yaxın hissəsində layihə dərinliyi 1 850 metr olan 31 nömrəli axtarış quyusu qazılıb. Qazma zamanı kern və şlam nümunələri götürülüb, rast gəlinmiş mikrofauna qalıqlarının Orta Yura yaşlı olduğu müəyyənləşdirilib, aparılmış kompleks mədən-geofiziki tədqiqat işlərinə əsasən, sahədə sənaye əhəmiyyətli neftli-qazlı obyektlərin olmadığı barədə müvafiq rəy hazırlanıb. Hazırda strukturda qazma və hasilat işləri aparılmır.

“Bəyimdağ-Təkçay” sahəsi SOCAR-ın “Azneft” İB-in “Siyəzənneft” NQÇİ-nin balansındadır.