“Binəqədi” neft yatağı Abşeron yarımadasının şimal-qərb hissəsində, Bakı şəhərindən 9 km şimalda, Binəqədi neftli-qazlı rayonunda yerləşir. Binəqədi neftli-qazlı rayonunda dövrü fəaliyyətdə olan palçıq vulkanları (Keçəl dağ, Zigilpiri, Keyrəki, Böyük dağ, Kiçik dağ və s.), təbii muzeyi xatırladan, yer səthinə çıxan müxtəlif stratiqrafik lay qatları, qır gölməçələri, fauna və flora qalıqları geniş yayılıb. Burada 100 ildən artıq istismarda olan “Binəqədi” yatağı və 40-90 il müddətində istismar edilən “Qırməki”, “Çaxnaqlar”, “Sulutəpə”, “Masazır”, “Şabandağ”, “Fatmayı” (“Sianşor” və “Məhəmmədli” sahələri) yataqları yerləşir. Hazırda bu yataqlar işlənmənin son mərhələsindədir və çıxarıla bilən neft ehtiyatının böyük bir qismi (84.2%) çıxarılıb. Ərazidə məhsuldar layların yatma dərinlikləri yer səthinin bir neçə metrliyindən başlayaraq 2 000 metr dərinlik intervalındadır.
1891-ci ildə N.Barbot-de Marni və S.Simanoviç tərəfindən Binəqədi neftli-qazlı rayonunun 1:8400 miqyasında ilk geoloji xəritəsi çəkilib və onların işlənməsi üçün tövsiyələr verilib. “Binəqədi” yatağında ilk quyu 1896-cı ildə mexaniki üsulla (döymə üsulu) 430 metr dərinliyə qazılıb. Azərbaycanda ilk dəfə Diatom horizontuna qazılan həmin 4 saylı quyudan neft axını alınıb, sonralar məhsuldar qatın digər horizontları işlənməyə cəlb olunub. “Binəqədi” yatağı əsaslı olaraq 1913-cü ildən istismar olunmağa başlayıb. Sahədə neftin, qazın və qırın yer səthinə çıxışları geniş yayılıb. Yatağın kəsilişində sənaye əhəmiyyətli qaz layları yoxdur, lakin hasilat prosesində neftlə birlikdə çıxarılan səmt qazları qeydə alınır. İstismarın əvvəlindən 01 yanvar 2024-cü il tarixinədək yataqda 2231 müxtəlif təyinatlı quyu qazılıb, 33 milyon 814 min ton neft, 2 milyard 375 milyon m³ qaz hasil edilib. “Binəqədi” yatağında maksimal neft hasilatı 817,4 min tonla 1941-ci ildə qeydə alınıb. Hazırda yataq üzrə 452 istismar quyu fondundan 322-i işləkdir.
Yataq “Binagadi Oil Company” şirkəti tərəfindən istismar olunur. “Binagadi Oil Company” şirkəti SOCAR, “Azen Oil Company B.V.” şirkəti və SOCAR-ın “Ortaq Neft Şirkəti” arasında bağlanılmış 29 sentyabr 2004-cü il tarixli “Azərbaycan Respublikasındakı Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü barədə Saziş”ə əsasən operator qismində fəaliyyət göstərir. Saziş (pay bölgüsü: SOCAR ONŞ 25%, Azen Oil Company B.V şirkəti 75%) 01 sentyabr 2005-ci il tarixdən qüvvəyə minib.