“Bulla-dəniz” yatağı Bakı arxipelağının şimal hissəsində, Ələt burnundan 22-23 km, Bulla adasından isə 12-15 km, "Səngəçal-dəniz-Duvannı-dəniz-Xərə Zirə adası" yatağından isə 10 km cənub-şərqdə yerləşir. Struktur tektonik cəhətdən şimal-qərb cənub-şərq istiqamətinə uzanan eni 9 km, uzunluğu isə 27 km, şimal-şərq qanadda hündürlüyü 1400 metr olan nəhəng braxiantiklinal qırışıqdan ibarətdir.
Burada dənizin dərinliyi 17 metrdən 30 metrə qədər və daha çox dəyişir (10-40m). Dənizin dibi maili olaraq, cənub-şərq istiqamətində dərinliyə doğru batır. Bu qalxım aparılan seysmik kəşfiyyat işləri nəticəsində 1951-ci ildə aşkar edilib. Yatağın neftlilik-qazlılığı 1973-cü ildə qazılmış 18 saylı quyu vasitəsilə aşkarlanıb. Bu quyudan VII horizontun 5203-5190 metr hüdudlarından sınaq vaxtı orta gündəlik 200 ton kondensat və 1 000 000 m³ qaz alınıb.
Yataq üzrə indiyədək 111 quyu qazılıb, bunlardan 56 quyu qazma vaxtı (texniki səbəbdən) və 19 quyu isə istismardan sonra (geoloji səbəbdən) ləğv olunub. 01 yanvar 2024-cü il tarixə olan məlumata əsasən, yataqda 12 quyu fəaliyyətdədir. Bunlardan 1-i neft, 11-i qaz-kondensat quyusudur. Əsas işlənmə obyektləri Məhsuldar Qatın V, VII və VIII, eləcə də Qirməki Üstü Gilli horizontlarıdır. Quyular fontan üsulu ilə istismar edilir.
2022-ci ildə “Bulla-dəniz” sahəsində Alt Pliosen çöküntülərinin geoloji quruluşunun dəqiqləşdirilməsi və layların kollektorluq xüsusiyyətlərinin öyrənilməsi məqsədilə 2D seysmik kəşfiyyat işləri aparılıb.
Karbohidrogenlərdə parafinlər 12-18%, qətranlar 5-7 %, kükürd 0,1-0,31%, asfalten 0,72-1,5% təşkil edir.