Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

Çaxnaqlar


“Çaxnaqlar” neft yatağı Bakı şəhərindən 9 km şimal-qərbdə, “Binəqədi” və “Sulutəpə” yataqlarının arasında, Binəqədi neftli-qazlı rayonunda yerləşir. Binəqədi neftli-qazlı rayonunda dövrü fəaliyyətdə olan palçıq vulkanları (Keçəl dağ, Zigilpiri, Keyrəki, Böyük dağ, Kiçik dağ və s.), təbii muzeyi xatırladan, yer səthinə çıxan müxtəlif stratiqrafik lay qatları, qır gölməçələri, fauna və flora qalıqları geniş yayılıb. Burada 100 ildən artıq istismarda olan “Binəqədi” yatağı və 40-90 il ərzində istismar edilən “Qırməki”, “Çaxnaqlar”, “Sulutəpə”, “Masazır”, “Şabandağ”, “Fatmayı” (“Sianşor” və “Məhəmmədli” sahələri) yataqları yerləşir. Hazırda bu yataqlar işlənmənin son mərhələsindədir və çıxarıla bilən neft ehtiyatının böyük bir qismi (84.2%) hasil olunub. Ərazidə məhsuldar layların yatma dərinlikləri yer səthinin bir neçə metrliyindən başlayaraq 2.000 metr dərinlik intervalındadır.

“Çaxnaqlar” yatağında axtarış-kəşfiyyat işlərinə 1925-ci ildə başlanıb və yataq 1932-ci ildə sənaye əhəmiyyətli işlənməyə daxil edilib. Yataq ərazisində ümumi qalınlığı 1.180 metr olan Məhsuldar qat gilli və qumlu layların növbələşməsindən ibarətdir. Məhsuldar layların yatma dərinliyi 470-1.280 metr arasında dəyişir.

1951-ci ildən yataqda lay təzyiqini saxlamaq üçün suvurma prosesi aparılır. İstismarın əvvəlindən 01 yanvar 2024-cü il tarixinədək burada 567 ədəd müxtəlif təyinatlı quyu qazılıb və 8 milyon 017 min ton neft, 698 milyon m³ qaz hasil edilib. Yataqda maksimal neft hasilatı 1 milyon 252 min tonla 1940-cı ildə qeydə alınıb. Hazırda yatağın istismar fondunda 68 quyu var ki, onlardan 40-ı işləkdir.

Yataq “Binagadi Oil Company” Əməliyyat Şirkəti tərəfindən istismar olunur. “Binagadi Oil Company” SOCAR, “Azen Oil Company B.V.” şirkəti və SOCAR-ın “Ortaq Neft Şirkəti” arasında bağlanılmış 29 sentyabr 2004-cü il tarixli “Azərbaycan Respublikasındakı Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Siyanşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü barədə Saziş”ə əsasən, operator qismində fəaliyyət göstərir. Saziş 01 sentyabr 2005-ci il tarixdən qüvvəyə minib.