“Cəfərli” yatağı İmişli rayonu ərazisindədir (Mil düzənliyi ərazisində, “Muradxanlı” yatağından 7 km cənub-şərqdə yerləşir). Qırışıq 1978-ci ildə qravimaqnit ölçmə nəticəsində aşkarlanıb. Yatağın ərazisi müasir çöküntülərlə örtülmüş yüksəkliyə malik düzənlikdən ibarətdir. Sahədə kəşfiyyat qazıntı işləri 1982-ci ildə başlanılıb. Cəfərli neft yatağının geoloji quruluşunda IV dövrdən Üst Təbaşirə qədər olan çöküntülər iştirak edirlər. Yatağın neftliliyi orta Eosen çöküntüləri ilə əlaqədardır. 2007-2008-ci illərdə sahədə 3D seysmik işlər aparılıb. SK-ŞSP işləri 1986-cı ildə Cəfərli 3 saylı quyuda həyata keçirilib.
1984-ci ildə istismara daxil edilən yataqda 4.020 metr dərinlikli 1 saylı kəşfiyyat quyusu sutkalıq, təxminən, 130 ton neft verib. “Muradxanlı” yatağında olduğu kimi, “Cəfərli” yatağı da litoloji cəhətdən başlıca olaraq mergellərdən, əhəng daşlarından, qum təbəqələri olan gillərdən və s. təşkil olunub.
Yataqda kəşfiyyat işləri tam başa çatdırılmayıb. “Cəfərli” yatağında qazılmış quyulardan, orta hesabla, sutkada 170 tona qədər neft alınıb və indiyədək 27 quyu qazılıb, bunlardan 7 quyu işlək, 13 quyu fəaliyyətsiz fondda, 1 quyu müşahidə fondundadır, 6 quyu isə ləğv edilib. 01 yanvar 2024-cü il tarixinə olan məlumata görə, işlənmənin əvvəlindən 0.504 mln ton neft hasil edilib.
Yataq SOCAR-ın “Azneft” İB-in Ə.Əmirov adına NQÇİ tərəfindən istismar olunur.