“Cənub” sahəsi Çilov adasından 4-8 km cənub-qərbdə, Abşeron yarımadasından 15-16 km şərqdə yerləşir. Bu ərazidə dənizin dərinliyi 10-16 metr aralığında dəyişir.
“Cənub” strukturu 1947-1950-ci illərdə aparılmış seysmik kəşfyyatın əks olunan dalğa üsulu ilə aşkar edilib. Struktur “Cənub-1” və “Cənub-2” sahələrinə ayrılır. Burada dərin kəşfiyyat-qazma işlərinə 1951-ci ildə layihə dərinliyi 3 800 metr olan 1 saylı quyunun qazılması ilə başlanılıb. Quyu 3 661 metr dərinliyə çatdıqdan sonra Qirməki Lay Dəstəsini açsa da, texniki səbəbdən ləğv edilib.
1959-cu ildə aparılan seysmik işlərin nəticələrinə əsasən, “Cənub” qalxımının neft-qazlılıq baxımından perspektivli olduğu bir daha təsdiqlənib. 1 saylı quyunun qazılmasından sonra sahədə qazma işləri müvəqqəti dayansa da, 1962-ci ildə qazma işlərinə yenidən start verilib. Yeni qazılan 2 saylı quyu 1 saylı quyudan 700 metr şimal-qərbdə, strukturun tağ hissəsində layihələndirilib. Layihə dərinliyi 4 400 metr olan quyu 1962-ci ilin may ayında qaz fontanı vurub. Həmin ilin ikinci yarısında layihəyə uyğun daha 5 quyu qazılıb. 7 saylı dərin kəşfiyyat quyusu sutkalıq 500 min m³ qaz hasilatı ilə fontan vurub.
01.01.2022-ci il tarixinədək yatağın “Cənub-1” sahəsində 39 quyu qazılıb ki, bunlardan 34-ü kəşfiyyat, 1-i axtarış, 4-ü isə istismar quyusu olub. Bu quyulardan 25-i ləğv olunub, 14 quyunun isə ləğvi gözlənilir. Hazırda hidrotexniki qurğuların təmiri ilə əlaqədar “Cənub-1” sahəsində istismar dayandırılıb.
“Cənub-2” sahəsində kəşfiyyat qazmasına 1976-ci ildə başlanılıb və 2 saylı axtarış-kəşfiyyat quyusundan sutkalıq 100 ton kondensat və 500 min m³ qaz hasil olunub. Daha sonra 1977-ci ildə 3 saylı quyu qazılıb və sutkalıq 25-30 ton neft verib. Hazırda yatağın “Cənub-2” sahəsi işlənmədə deyil.
01.01.2022-ci il tarixinədək “Cənub” yatağından 0.953 milyon ton neft, 11,9 milyard m³ qaz hasil edilib. Qalıq çıxarılabilən ehtiyatlarsa, müvafiq olaraq, 0.03 milyon ton neft və 1.69 milyard m³ qaz təşkil edir.
“Cənub” sahəsi hazırda kəşfiyyatda olan yataqlar qrupuna daxildir və SOCAR-ın “Azneft” İB-in 28 May adına NQÇİ-nin balansındadır.