“D-230” bloku Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan şimal-şərq istiqamətində, təxminən, 135 km-lik məsafədə yerləşir. Sahil xəttinə ən qısa məsafə 50 km-dir. Şimali Abşeron hövzəsinə daxil olan blokun təqribi ərazisi 3.200 km², məhsuldar laylarının gözlənilən dərinliyi, təxminən, 3 500 metrdir. Sahədə dənizin dərinliyi 200-750 metr arasında dəyişir.
2016-cı ilin mayında Bakıda SOCAR və "bp" şirkətləri arasında “D-230” blokunda geoloji-kəşfiyyat işlərinin görülməsinə dair Anlaşma Memorandumu imzalanıb. Daha sonra, 26 aprel 2018-ci il tarixində SOCAR və “BP Exploration (Azerbaijan) Limited” şirkətləri “D-230” blokunun birgə kəşfiyyatı və işlənilməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) imzalayıb. Həmin ilin oktyabr ayında Azərbaycan Respublikasının Milli Məclisi Sazişi ratifikasiya edib. 25 illik müddəti əhatə edən HPBS-ə əsasən tərəflərin hər biri – "bp" və SOCAR 50%-lik iştirak payına malikdir. Kəşfiyyat dövründə "bp" şirkətinin layihənin operatoru olması qərara alınıb.
2019-cu ilin dekabrından etibarən “D-230” blokunda perspektivli obyektlər haqqında geofiziki məlumatlar toplamaq, eləcə də karbohidrogen ehtiyatlarının mövcud olduğu layları müəyyənləşdirmək məqsədilə üçölçülü (3D) seysmik tədqiqat proqram işləri tam təhlükəsiz şəkildə həyata keçirilib və 2020-ci ilin martında başa çatdırılıb. Əldə edilən seysmik məlumatlar emal və intrepertasiya olunub.
Ötən müddət ərzində “D-230” bloku üzrə kəşfiyyat işləri proqramı çərçivəsində seysmik tədqiqat işlərinin Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirinin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədi hazırlanıb və dərc edilib.