Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

Darvin bankası


“Darvin bankası” yatağı Abşeron arxipelaqının neftli-qazlı zonasında, Pirallahı adasından 6 km şimal-şərqdə, Xəzər dənizinin nisbətən dayazsulu hissəsində yerləşir. Yataq “Abşeron bankası”, “Pirallahı adası” və “Gürgan-dəniz” antiklinalının davamıdır. “Darvin bankası” yatağı bütövlükdə dənizdə yerləşməklə eni 3,5 km, uzunluğu isə 13,5 km olan qırışıq asimmetrik quruluşa malikdir. Bir çox eninə və uzununa qırılmalarla mürəkkəbləşib və 6 tektonik sahəyə bölünüb. “Darvin bankası”nın yerləşdiyi ərazidə suyun dərinliyi cənubdan şimala doğru 10 metrdən 25 metrə qədər artır. “Darvin bankası” 1950-ci ildə aşkar edilib. Yatağın kəşfi struktur xəritəalma, seysmik kəşfiyyat, aerofotoqrafiya və dərin kəşfiyyat qazma materialları əsasında tərtib edilmiş struktur xəritə əsasında aparılıb. İlk neft verən 753 №-li quyunun QA lay dəstəsindən 5 t/gün neft çıxarılıb. Darvin bankası sahəsində ilk kəşfiyyat quyusu 1949-cu ildə Pirallahı adası yatağının qırmaki və qırmakialtı lay dəstələrinin neftli laylarını konturlaşdırmaq məqsədilə qazılmağa başlanıb. “Darvin bankası” yatağında 1949-1965-ci illərdə 62 kəşfiyyat quyusu qazılıb. 2021-22-ci illərdə 2D seysmik kəşfiyyat işləri aparılıb.

XX əsrin ortalarında dənizdən qaz qabarcıqlarının çıxması və neft pərdəsinin müşahidə olunması geoloqların diqqətini cəlb edib, ərazidə axtarış-kəşfiyyat işləri 1949-cu ildən başlayıb, həmin il qazma işləri aparılıb. 1950-ci ildə isə yataqda qazılmış quyu 1.017-1.019 metr intervalından sutkalıq 5 ton neft hasilatı ilə istismara daxil edilib. 1949-1952-ci illərdə burada 54 quyu qazılıb.

“Darvin bankası” yatağının nefti kükürdsüz və parafinsizdir. Tərkibində qətranın miqdarı 39-47%-dir. Yataqda ən yüksək hasilat 1964-ci ildə 782 min ton olub. 1950-1966-cı illərdə “Darvin bankası” yatağında quyuların qazılması ayrı-ayrı özül və estakadalardan intensiv şəkildə aparılıb. Yataq 70 ildən artıq işlənmədə olmasına baxmayaraq, hələ də xeyli qalıq neft ehtiyatına malikdir.

01 yanvar 2024-cü il tarixinə qədər yataqda 785 quyu qazılıb, 18,262 milyon ton neft, 1,435 milyard m³ həll olmuş qaz hasil olunub. Bu tarixə olan məlumata görə, yataqda 207 quyu istismardadır. Yataq işlənmənin sonuncu - IV mərhələsindədir.

Yataqda Mezozoy çöküntülərinin neft-qazlılığını öyrənmək məqsədilə axtarış quyusunun qazılması planlaşdırılır. Axtarış quyusu müsbət nəticə verdiyi zaman yataq üzrə qalıq ehtiyatların miqdarı artacaqdır.

“Darvin bankası” yatağı “Azneft” İB-in “Abşeronneft” NQÇİ tərəfindən istismar olunur.