Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

Dostluq


“Dostluq” neft-qaz yatağı Abşeron arxipelaqında, Bakı şəhərindən 160 km cənub-şərqdə, “Azəri” yatağının yaxınlığında yerləşir. Qalxım ərazisində dənizin dərinliyi 30-90 metr arasında dəyişir. Bu sahə sahil xəttindən 110 km-dən artıq məsafədədir. “Dostluq” strukturundan cənuba doğru kəskin çıxıntılarla mürəkkəbləşən çoxsaylı sualtı vadilər mövcuddur. Dənizin dibi lilli qumlardan, elastiki gillərdən təşkil olunmuş Xəzərin müasir çöküntülərindən ibarətdir.

2021-ci il yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkmənistan Respublikasının Prezidenti cənab Qurbanqulu Berdiməhəmmədov arasında videoformatda keçirilən görüş zamanı daha öncə Azərbaycanda “Kəpəz”, Türkmənistanda isə “Sərdar” kimi tanınan bu yataq “Dostluq” yatağı adlandırılıb və Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu imzalanıb.

“Dostluq” qalxımı 1959-cu ildə seysmik kəşfiyyatın əks olunan dalğa üsulu ilə aşkar edilib. 1966-cı ildə sahənin geoloji quruluşunu və qonşu strukturlarla əlaqəsini dəqiqləşdirmək üçün əlavə seysmik kəşfiyyat işləri aparılıb. Qeyd edək ki, bu tədqiqatlar aparılan mərhələlərdə bir neçə qalxım, o cümlədən sonralar ölkəmizin neft-qaz sənayesində mühüm əhəmiyyət kəsb edən “Günəşli”, “Çıraq”, “Azəri” qalxımları aşkar edilib. Ümumiyyətlə, 1966-1981-ci illərdə ərazidə aparılan iki ölçülü seysmik kəşfiyyat işləri nəticəsində sahənin geoloji quruluşu dəqiqləşdirilib. Ərazi 1983-cü ildə neft və qaz ehtiyatlarının mənimsənilməsi üçün dərin qazmaya hazırlanıb. Həmin il 1 saylı kəşfiyyat quyusundan 3.527-3.491 metr dərinlikdə sutkalıq 286 ton neft və 20 min m³ qaz alınıb. 1989-cu ildə qazılan 3 saylı kəşfiyyat quyusunda isə 3.762-3.682 metr dərinlikdə sınaq işləri aparılıb və nəticədə quyudan sutkalıq 375 ton neft, 35 min m³ qaz hasil olunub.

Ümumiyyətlə, 1983-1992-ci illərdə “Dostluq” qalxımında 4 axtarış quyusu qazılıb. Sınaq işləri nəticəsində quyulardan yüksək hasilatlı neft və qaz alınsa da, yataq Azərbaycan-Türkmənistan dəniz sərhədində yerləşdiyindən burada indiyədək istismar işləri aparılmayıb. 1991 və 1994-cü illərdə “Dostluq” sahəsində kompleks mühəndisi-geoloji və struktur xəritəalma qazma işləri aparılıb.

“Dostluq” strukturu şimal-qərb, cənub-şərq istiqamətində uzanır, 1 uzununa və hər bir qanadı 4 eninə qırılma ilə mürəkkəbləşib. Strukturun amplitudası 300-900 metr arasında dəyişir. Yatağın sahəsi 44,55 km²-dir.