Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

Dürovdağ


“Dürovdağ” qaz yatağı Aşağı Kür neftli-qazlı rayonunda, Kür çayının sol sahilində, Şirvan şəhərindən cənub-şərqə doğru 55 km, Neftçala şəhərindən şimal-qərbə doğru 20 km məsafədə yerləşir. Yataq həm Neftçala şəhəri, həm də Bakı-Salyan magistral xəttinə birləşikdir. Yatağın relyefi əsasən düzənlikdən ibarətdir, Dürovdağ palçıq vulkanı da burada yerləşir. “Kürovdağ-Neftçala” antiklinal zolağında yerlәşən struktur braxiantiklinal quruluşa malikdir.

Strukturda neft çıxışlarının olması barədə ilk məlumatlar XX əsrin əvvəllərinə aiddir. Ərazidə kəşfiyyat işlərinə 1912-1913-cü illərdə başlanıb və fasilələrlə 1982-ci ilədək davam etdirilib. 1950-ci ildә sahәdә qazılan 1 saylı quyu vasitәsilә ilk dәfә Orta Abşeron çöküntülәrinin qazlılığı müәyyәn olunub. Lakin quyuda 1427 metr dərinlikdə güclü qaz fontanından sonra yanğın baş verib. 1951-ci ilin iyul ayında növbəti 2 saylı quyu qazılıb və 1954-cü ilin aprel ayında 3002 metr dərinlikdə qazma başa çatıb. Quyu sutkalıq 1 milyon m³ qaz hasilatı ilə istismara verilib. Yataq 1978 ildә işlәnmәyә daxil edilib. Burada qazılan quyular Neftçala rayonunun qaza olan tələbatını ödəmək məqsədilə istismar olunub. Seysmik işlər aparılanadək “Dürovdağ” sahəsinin ayrıca struktur və ya “Babazanan” strukturunun cənub-şərq periklinalı olması mübahisəli idi. 1958-ci ildə görülən seysmik işlər nəticəsində məhsuldar qat çöküntülərinin alt horizontlarına görə qurulmuş sxemdə “Babazanan” və “Dürovdağ” iki müxtəlif struktur kimi qeyd olunub. “Dürovdağ” sahəsi “Kürovdağ-Neftçala” antiklinal xətti üzərindədir və şimal-qərbdən cənub-şərqə uzanır. Bu sahə braxiantiklinal qırışıq formasında olub, şimal-qərbdə “Babazanan” sahəsindən eninə qırılma vasitəsilə, cənub-şərqdən isə “Xıllı” strukturundan geniş yəhərlə ayrılır. “Dürovdağ” yatağından götürülən nümunələrin laboratoriya analizi göstərib ki, çıxarılan qazın tərkibi 98.67% metandan, 1.33% etandan ibarətdir. 01.01.2024-cü il tarixinədək yataqda cəmi 12 quyu qazılıb və 522 milyon m³ qaz hasil edilib. Quyuların 4-ü ləğv edilib. 8 quyu isə istismar kəmərlərində qüsur əmələ gəldiyindən və sulaşdığından ləğvi gözləyən fonda keçirilib.

Yataq “Neftechala Operating Company Ltd.”nin balansındadır. Şirkət SOCAR, “Neftechala Investments Limited” şirkəti və SOCAR-ın “Ortaq Neft Şirkəti” arasında bağlanmış “Azərbaycan Respublikasında Neftçala, Xıllı, Dürovdağ-Babazanan neft yataqlarının və Muğan monoklinalının cənub-qərb qanadının daxil olduğu blokun bərpası, işlənilməsi və hasilatın pay bölgüsü haqqında Saziş”ə uyğun olaraq operator qismində fəaliyyət göstərir. Saziş 5 oktyabr 2009-cu il tarixdə qüvvəyə minib. Hazırda neft-qaz əməliyyatları “Neftçala” və “Xıllı” yataqlarında həyata keçirilir. 2.707,7 km² təşkil edən müqavilə sahəsi Neftçala və Salyan rayonlarının hüdudlarında yerləşir.