“Duvannı” qaz-kondensat yatağı Bakı şəhərindən 60 km cənub-qərbdə, Qobustan qəsəbəsindən 5-6 km şimal-qərbdə, eyniadlı dəmir yol stansiyasının yaxınlığında yerləşir. Yataq Şamaxı-Qobustan neftli-qazlı rayonuna daxildir.
“Duvannı” qalxımı qırılmalarla mürəkkəbləşmiş, uzunluğu 7-7,5 km, eni 1,5-2 km olan braxiantiklinal quruluşludur. Struktur 1937-ci ildə aşkar edilsə də, onun mükəmməl öyrənilməsi 1949-cu ildən sonra həyata keçirilib. Sahədə aparılan axtarış-kəşfiyyat işləri nəticəsində qalxımın struktur-tektonik quruluşu xeyli dəqiqləşdirilib. Kəşfiyyat-axtarış qazması “Duvannı”da 1927-1982-ci illərdə aparılıb. Seysmik kəşfiyyat işləri - Əks olunmuş dalğa üsulu (ƏOD) 1948-1973-cü illərdə (az fasilələrlə) və Ümumi dərinlik nöqtəsi üsulu (ÜDN) 1973-1978-ci illərdə aparılıb. 54 №-li “Duvannı” quyusunda SK-ŞSP işləri isə 1977-ci ildə həyata keçirilib.
“Duvannı” yatağı özlüyündə 2 hissəyə - qaz-kondensat yatağı olan “Şərqi Duvannı” və sərbəst qaz yatağı olan “Qərbi Duvannı”ya ayrılır. 1950-ci illərin əvvəllərində qırışığın mərkəzi hissəsində qaz yatağı, 1961-ci ildə cənub-şərqində qaz-kondensat yığımı aşkar edilib.
Yataq 1955-ci ildə sənaye əhəmiyyətli işlənməyə cəlb olunub. Qaz-kondensat yatağı 1961-ci ildən 1965-ci ilə qədər istismarda olub.
01 yanvar 2024-cü il tarixinə olan məlumata əsasən, yataqda ümumilikdə, 77 quyu qazılıb, kondensat hasilatı 18,676 min ton, qaz hasilatı isə 955,877 mln m3 olmuşdur. İstismar fondu 12 quyudan ibarətdir ki, bunların da 6-sı işləkdir. Yataq üzrə gündəlik hasilat 8,2 min m³ qaz təşkil edir.
Yataq 1998-ci ildən 2022-ci ilədək “Qobustan” Əməliyyat Şirkəti tərəfindən istismar edilib. Lakin 20 aprel 2022-ci il tarixindən "Azərbaycan Respublikası Cənub-Qərbi Qobustanın Şıxzəgirli, Şeytanud, Bürgüt, Donquzduq, Nardaran, İlxıçı, Qərbi Hacıvəli, Sundi, Şərqi Hacıvəli, Turağay, Kənizədağ, Qərbi Duvanni, Duvanni, Solaxay və Daşgil yataqlarının daxil olduğu üç blokun Kəşfiyyatı, İşlənməsi və Hasilatın pay bölgüsünə dair Saziş"ə xitam verilib və Saziş qüvvədən düşüb.
Yataq hazırda SOCAR-ın “Azneft” İB-nin N.Nərimanov NQÇİ-nin balansındadır. Hazırda yatağın perspektivliyi araşdırılır.