Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

Ələt-dəniz


“Ələt-dəniz” yatağı Bakı arxipelaqında, paytaxtdan 50 km cənub-qərbdə, Ələt burnundan 10 km cənub-şərqdə yerləşir. VII horizontun tavanına görə qurulmuş struktur xəritədə strukturun uzunluğu təqribən 12 km, eni isə 3-4 km-dir. Sahənin geoloji quruluşunda üst Pliosen və Dördüncü dövr çöküntüləri iştirak edir.

Xəzər dənizinin dərinliyi 10 metrə qədər olan sahilyanı şelf zonasında yerləşən “Ələt-dəniz” qalxımının mövcudluğu 1951-1952-ci illərdə təyin olunub, 1952-ci ildə xəritəalma məqsədilə ərazidə qazma işləri aparılıb. 1957-1959-cu illərdə sahənin cənub-şərq və cənub-qərb hissələri əks olunan dalğa üsulu ilə dəqiq seysmik kəşfiyyat işləri vasitəsilə öyrənilsə də, tağ hissəsi dənizin dayaz yerində olduğuna görə öyrənilməyib. 1958-ci ildən başlayaraq, “Ələt-dəniz” strukturunda ayrı-ayrı özüllərdən struktur-axtarış quyularının qazılmasına başlanılıb və 1961-ci ilin sonuna kimi ərazidə 41 quyu qazılıb. 1960-1965-ci illərdə struktur-axtarış qazması ilə yanaşı, dərin axtarış-kəşfiyyat qazma işləri də aparılıb. “Ələt-dəniz” yatağında quyular bir-birindən xeyli aralı olan fərdi özüllərdə yerləşir. 2018-ci ildə sahədə 2D seysmik kəşfiyyat işləri həyata keçirilib.

Yatağın neftlilik-qazlılığı 1983-cü ildə qazılmış 6 saylı quyu vasitəsilə aşkar edilib. Quyu 3.656-3.638 metr intervaldan sutkada 101 ton kondensat və 61 min m³ qaz verib. “Ələt-dəniz” yatağı 1986-cı ildən sənaye əhəmiyyətli işlənməyə daxil edilib.

01 yanvar 2024-cü il tarixinədək yataq üzrə 59 quyu qazılıb. Bu quyulardan 2 milyon 476 min tondan çox neft-kondensat, 1.729 milyard m3 qaz hasil olunub. Hazırda yataqda 10 neft quyusu istismardadır. “Ələt-dəniz” yatağında ən yüksək neft hasilatı 1989-cu ildə 11 quyudan 177,6 min ton, ən yüksək qaz hasilatı isə 1990-cı ildə 11 quyudan 116 milyon 980 min m³ təşkil edib. Yataqda hasil olunan neftin tərkibində parafinlər 9,1-15,4%, qətranlar 3,2-25%, kükürd 0,3-0,48%, asfalten 0,29-2,3% təşkil edir.

Yatağın tam öyrənilməsi məqsədilə quru hissədən dənizə doğru VII horizonta axtarış-kəşfiyyat quyusunun qazılması planlaşdırılır. Axtarış quyusunun nəticəsinə əsasən yatağın həmin sahəsinin neft-qaz doyumluluğu öyrəniləcəkdir.

“Ələt-dəniz” yatağı SOCAR-ın “Azneft” İB-in N.Nərimanov adına NQÇİ tərəfindən istismar olunur.