“Əşrəfi-Dan Ulduzu-Aypara” perspektiv strukturu Bakıdan 90-110 km şimal-şərqdə yerləşir. Strukturun ərazisində dənizin dərinliyi 80-180 metr aralığında dəyişir.
“Əşrəfi” qalxımı 1959-cu ildə seysmik kəşfiyyatın əks olunan dalğa üsulu ilə aşkar olunub. 1989-cu ildə struktur neft və qaz hasilatı üçün dərin qazmaya hazırlanıb. Qazma vasitəsilə Ağcagil mərtəbəsi və Məhsuldar Qat cöküntüləri Qirməki Altı Lay dəstəsinə qədər açılıb.
“Dan Ulduzu” qalxımı 1970-ci illərdə kəşf olunub. 1982-1985-ci illərdə strukturdan istifadə edilməsi üçün müəyyən addımlar atılsa da, məsələnin başa çatdırılması mümkün olmayıb.
“Aypara” qalxımı 1980-ci ildə aşkar edilib. 1981-ci ildə struktur dərin axtarış qazmasına hazırlansa da, qazma işləri aparılmayıb.
1996-cı ilin dekabr ayında Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Dan Ulduzu” və “Əşrəfi” perspektiv strukturlarının birgə işlənməsinə dair Saziş imzalanıb. 1997-ci illin fevralında həmin saziş Milli Məclis tərəfindən ratifikasiya olunub. Layihə “Şimali Abşeron Əməliyyat Şirkəti” (30%), SOCAR (20%), “Itochu” (20%), “Unocal” (25.5%) və “Delta HESS” (4.5%) tərəfindən idarə olunurdu. 1997-ci ilin fevral-aprel aylarında sahədə üçölçülü (3D) seysmik kəşfiyyat işləri aparılıb və əldə olunan məlumatlar əsasında qazılacaq ilk quyunun yeri seçilib. “Dədə Qorqud” üzən qazma qurğusu ilə qazılan və layihə dərinliyi 4 100 metr olan 1 saylı kəşfiyyat quyusu 1998-ci ildə 3 524-3 536 metr intervaldan Qirməki Altı Lay dəstəsini açaraq gündəlik 650 min m³ qaz və 70 ton kondensat verib. Bundan sonra həmin quyu ikinci obyekti – Qirməki Üstü Qumlu Lay dəstəsini açıb və sutkalıq 450 ton neft və 200 min m³ qaz hasilatı ilə işlənməyə cəlb olunub. Saziş sahəsindəki “Dan Ulduzu” strukturunun perspektivliyini qiymətləndirmək üçün ərazidə 1998-ci ilin avqust-sentyabr aylarında birinci, 1999-cu ilin fevral ayında isə növbəti quyu qazılıb. Hər iki quyunun layihə dərinliyi 3 100 metr olub. Quyularda aparılan tədqiqat işləri nəticəsində “Dan ulduzu” strukturunun geoloji quruluşu dəqiqləşdirilib və strukturun bəzi intervallarının karbohidrogenlərlə doyumluluğu müsbət qiymətləndirilib. Lakin Sazişə 2000-ci il martın 7-də xitam verilib.
2018-ci ilin mayında Bakıda SOCAR və Norveçin “Equinor” şirkəti arasında “Əşrəfi”, “Dan Ulduzu” və “Aypara” sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş imzalanıb və həmin ilin iyun ayında Milli Məclis tərəfindən ratifikasiya olunub. Sazişə görə, tərəflərin hər biri 50%-lik pay bölgülərinə sahibdirlər. 2019-cu ilin noyabr-dekabr ayları ərzində "Əşrəfi", "Dan Ulduzu" və "Aypara" kəşfiyyat sahəsində “Equinor” şirkəti tərəfindən 600 km²-lik ərazidə 3D, 800 km-lik ərazidə isə 2D seysmik işləri aparılıb. Ölçülmüş seysmik məlumatlar emal və interpretasiya edilib. Hazırda işlər Sazişə uyğun olaraq, kəşfiyyat quyularının qazılması üçün perspektiv strukturların seçilməsi mərhələsindədir.